Özünü yuxuluğa vurmuş lider – Elçibəy millətə liderlik haqqını öz cəlladlarını belə, sevə biləcək qədər böyük bir şəxsiyyət olması ilə qazanmışdı

    15

    Sərdar CƏLALOĞLU

    Daosizmin – Yol dini fəlsəfəsinin məşhur nümayəndələrindən biri və öz dövrünün peyğəmbəri hesab edilən Konfutsi “Müdrüklik dərsləri”ində deyir ki, “Müəlim Czen demişdir: Əgər ölənlərin xatirəsi yad edilərsə, əcdadlar xatırlanarsa, onda xalqda ləyaqət hissi, comərdlik, səxavət, xeyirxahlıq yenidən möhkəmlənər”.

    Bu fikri bir qədər dəyişdirib, demək olar ki, bu günün problemlərini düzgün anlamaq və onların həlli istiqamətində düzgün qərarlar qəbul etmək üçün dünənin liderlərinin keçdiyi siyasi yolu təkrar yada salmaq, fikrən həmin yolla getmək lazımdır. Bəlkə də xalqımızın indiki apolitik vəziyyətə düşməsinin səbəblərindən biri və ən birincisi də dünyasını dəyişmiş siyasi liderlərin və istiqlalçı qüvvələrin, o cümlədən tarixi şəxsiyyətlərinin xatirəsini gec-gec, yalniz yubileydən- yubleyə xatırlamağımızdır. Dövlətçilik tariximizin nəhənglərinin isə yübileyləri qeyd olunmadığından, biz Azərbaycan türkünün imperiya tarixinin liderlərini demək olar ki, xatırlamırıq, buna görə də, bizdə milli ləyaqət hissi zəifləməyə davam edir.

    Milli ləyaqət bir xalqın öz haqlarını qorumasında, dostuna dost, düşməninə düşmən olmasında olduqca önəmli rol oynayır. Belə hissin olmaması ucbatından biz xalqımızın düşmənləri ilə dostları arasında fərq qoya bilmirik və bəzən hətta dostuna düşmən, düşmənlərinə də dost kimi baxırıq. Bu vəziyyət əslində milli-mənəvi böhran yaradır, hansı ki, millətin qarşısında duran tarixi vəzifələrin – toraqların azad edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin demokratikləşdirilməsi, vətandaşların rifahının yüksəldilməsi milli həmrəyliyə nail olmaq vəzifələrini yerinə yetirməyə imkan vermir…

    Öz dövrünün böyük şəxsiyyətləri haqqında fikir demək olduqca çətindir. Çünki heç bir zirvə yaxından olduğu kimi görünmür. Böyük zirvələr ondan uzaqlaşdıqca əzəmətini göstərir. Həm də çoxlu zirvələr olduqda konkret bir zirvə haqqında danışmaqda çətinlik yaradır. Müasiri olduğumuz Azərbaycan xalqının ən böyük liderlərindən biri – Elçibəy də məhz belə liderlərdəndir. Onu şəxsən tanıyan və onunla ünsiyyətdə olan insanlar üçün Elçibəy o qədər də nəhəng şəxsiyyət kimi görünməyə bilər. Bu, onun böyüklüyünü şübhə altına almır, əksinə onun böyüklüyünü görə bilməyənlərin kiçikliyini göstərir, çünki böyük çəkilər böyük tərizələrdə çəkilə bilər…

    Mən Elçibəy və Rəsulzadə haqqında ilk dəfə 64-cü illərdən başlayaraq dərs dediyi şagirdlərini millətçi ruhunda tərbiyə edən, millətin dostunu və düşmənini ehyamlarla onlara tanıdan, xalqını sevməyi öyrədən, milli tariximiz və mədəniyyətimiz haqqında qadağan olunmuş bilgiləri verən, müstqil və vahid Azərbaycan ideyasını qram-qram damarlarımızdakı qana axıdan rəhmətlik Mehdi Ağayevdən eşitmişəm. Mehdi müəllim Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində Elçibəylə bir qrupda oxumuş, onunla eyni ideyaları – istiqlalçılıq ideyalarını bölüşən böyük bir insan idi. O da Elçibəy kimi yeni istiqlalçı bir nəslin yetişdirilməsi vəzifəsini yerinə yetirmək üçün xalqçılıq hərakatına qoşularaq, xalqın içinə – Ordubada üz tutmuşdu. Bir dəfə dərsdə böyük kədər və qəzəblə “bu gün bizim bir dostumuzu – Əbülfəz bəyi həbs ediblər”– dedi. Onun kədərinin Əbülfəz bəyin həbsi ilə, nifrətinin onu cəzalandıran sovet rejimi ilə bağlı olduğunu ayırmaq bizə çətinlik törətmədi. Çünki artıq biz onu sözsüz belə, başa düşə bilirdik. Biz ondan Əbülfəz bəyin nə üçün həbs edildiyini, hansı günahı olduğunu soruşduqda, “Onun günahı öz xalqını sevməsindən ibarətdir” – dedi. Mehdi müəllim çox danışmazdı, amma danışanda da hər bir sözü insanın beyninə işləyir, sanki beyinlərin pasını təmizləyirdi. Biz dərhal anladıq ki, Əbülfəz bəy də Mehdi müəllim kimi eyni ideyaların daşıyıcısıdır. Biz həm də başa düşdük ki, Mehdi müəllim Əbülfəz bəyin seçdiyi yolu təqdir etmir. Bu da bizdə sual dogururdu. Bir tərəfdən Əbülfəz bəyin həbsinə görə çox böyük təəssüf və narahatçılıq ifadə edirdi, digər tərəfdən onu tələsməkdə qınayırdı. Biz o zaman müəllimimizin Əbülfəz bəyi nə üçün qınadığını anlaya bilmirdik. Sonralar özüm Xalq Hərakatına qoşulduqdan sonra rastlaşdığım bir hadisə Mehdi müəllimin Əbülfəz bəyi nə üçün qınadığının səbəbini mənə anlatdı.

    80-ci illərin axırlarında bir yapon jurnalisti məndən kiçik bir müsahibə almışdı. Verdiyi suallar Azərbaycanda baş verən hadisələr haqqında idi. Mən pafosla Azərbaycanda Milli Azadlıq Hərakatı getdiyini, bizim də bu hərakata avanqardlıq – liderlik etdiyimizi dedim. Birdən o, mənə belə bir sual verdi: “Siz yatmış bir xalqın qabağında getməkdən qorxmursuz?” O vaxt bu sözləri mən xalqımıza qarşı təhqir kimi qəbul etdim və onun bizim xalqımız haqqında yanlış fikirdə olduğunu, xalqımızın bu prosesdə soyuq başla iştirak etdiyini və yüz illər öz qəlbində gəzdirdiyi azadlıq ideyasını həyata keçirmək üçün ayağa qalxdığını dedim. O, mənə etiraz etmədi. Amma sonralar Azərbaycanda baş verən hadisələr hər dəfə mənə həmin yaponun sualını xatırlatdı və onun nə qədər haqlı olduğunu sübut etdi…

    Bir çoxlarından fərqli olaraq Elçibəy yatmış bir xalqın lideri olduğunu bilirdi və təklikdə onunla görüşlərimizdə ehtiyatla bu barədə danışırdı. Üzdə isə, əksinə, özünü elə aparırdı ki, sanki bütün xalq bir yumruq kimi bir vahid ideya ətrafinda şüurlu şəkildə birləşmişdir. Hətta bəzən bu xalqa liderlik etməyi belə, özünə çox görürdü. Mən bütün bunları müşahidə edirdim və anlayırdım ki, Elçibəy yatmış xalqın bu mürəkkəb tarixi dövrdə, süpergüclər tərəfindən idarə edilən xaosda məhv olmaması, tarix səhnəsindən biabırcılıqla çıxmaması üçün ona liderlik etmək məqsədilə özünü yuxuluğa vurur ki, xalqla eyni səviyyədə olsun. Onun ətrafindakı insanlar ona kələk gələndə, ona xəyanət edəndə, ona yalan danışanda belə, Elçibəy özünü yuxuluğa vurmağa davam edirdi, həmin insanlara inandığını nümayiş etdirirdi. Bu da insanlarda onun haqqında yanlış fikirlər formalaşdırırdı.

    O, həmişə siyasi şüuru olmayan və müxtəlif merkantil maraqlar naminə Hərakata sızmış qaraguruhdan ibarət kütləyə rəhbərlik etməyə üstünlük verirdi. Bir dəfə bunun səbəbini soruşanda, o, dedi: “Siz düz yolu mənsiz tapa bilərsiz, amma bunlar tapa bilməzlər və yanlış yolla gedib, həm özləri məhv olar, həm də millətə böyük ziyan verə bilərlər”.

    Elçibəylə bilavasitə 80-ci illərin əvvəllərində tanış olmuşam. İlk baxışda məndə özü haqqında qeyri-müəyyənlik yaratmışdı. Mən onun siyasi və elmi səviyyəsini, dünyagörüşünü heç cür təyin edə bilmirdim. Elçibəy hər adamın fikirlərinə diqqətlə qulaq asırdı. Ən vecsiz, savadsız, nadan insanları belə dinləməkdən, onlarla saatlarla vaxt keçirməkdən bezmirdi. Bu da məndə bəzən onun missiyası haqqında şübhələr yaradırdı…

    Elçibəy millətə liderlik haqqını öz cəlladlarını belə, sevə biləcək qədər böyük bir şəxsiyyət olması ilə qazanmışdı. O, xainləri cəzalandırmaq əvəzinə, onları islah etmək yolu tuturdu. Biz bunu zəiflik hesab edirdik, o isə millətinə məhəbbətini nümayiş etdirirdi. Sonralar “İncili” mütailə edərkən İosa peyğəmbərin “Məhəbbətlə islah edin” fikirlərinə rast gəldim və Elçibəyin bir məsih kimi öz düşmənlərini belə, məhəbbətlə islah etmək yolu tutduğunu anladım. O, Elçibəy təxəllüsünü gəlişigözəl olduğuna görə yox, bəlkə də öz siyasi fəlsəfəsinə görə götürmüşdü…

    Hakimiyyətdən zorla uzaqlaşdırıldıqdan sonra, bir dəfə Heydər Əliyev haqqında onunla söhbət etdik. Mən Heydər Əliyevə, eləcə də digər kommunist liderlərə loyal münasibətinin səbəblərini soruşdum. O dedi: “Onlar bizim millətin üzvləridir. Valideyin xəstə övladını sağlamdan çox sevməlidir. Siz istiqlalçısız, onlar isə bu cür hisslərdən çox uzaq olsalar da, mənim xalqımın övladlarıdır. Onların bu gündə olmaqlarında özlərinin bir o qədər günahı yoxdur. Onlar xalqımızın yaşadığı rejimin qurbanlarıdır. Bir növ şəhiddirlər. Onlara daha çox diqqət və qayğı göstərmək lazımdır”.

    H.Əliyev haqqında dedikləri isə daha çox düşündürücü idi. Elçibəy onu hakimiyyətdən uzaqlaşdıran qüvvələrin başında duran H.Əliyev haqqında dedi: “Xalqımızın sövet dövründə kommunist kimi yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun Moskvada qalıb, ruslar tərəfindən təhqir olunması, əziyyət görməsi bizim millətimizə qarşı bir təhqirdi. Mən heç vaxt bununla razı ola bilməzdim. Gürcülər nəyə görə Şevarnadzenin Gürcüstana gəlməsinə müqavimət göstərmədilər, mən də ona görə Əliyevin Azərbaycana qayıtmasına səy etdim”.

    Elçibəy bir azadlıq səyyahı kimi milləti üçün cığır açmışdı, biz isə ardıcıllar olaraq, bir azadlıq turistləri kimi onun açdığı cığırı yola çevirirdik. Elçibəy öndə getdiyindən, yolumuzu bizdən yaxşı tanıyırdı, onun təhlükəli yerlərini də, rahat yerlərini də bilirdi və bizim daha təhlükəsiz bir yolla getməyimizi təmin edirdi. Həm də özünün hələ getmədiyi yolun da çətinlikləri ilə bağlı zaman-zaman bizi xəbərdar edirdi. O, Azərbaycan xalqının Daosu-yolçusu idi(Dilimizdə yolçu çox vaxt pis mənada işlənir. Amma Şərqdə yolçuluq dini-fəlsəfi bir cərəyan kimi milyardlarla insanı bu günə gətirib çıxarmış, onları minillər hər cür müstəmləkəçilikdən xilas etmiş və uzun ömürlü çəmiyyətlər qurmalarına yardımçı olmuşdur). Konfutsi yazır: “Müəllim demişdir: kim ki səhər yol haqqında eşidir, o axşam rahat ölə bilər”. Elçibəy öz yolunu xalqa ona görə tanıdırdı ki, insanlar nəinki rahat ölə bilsin, həm də rahat yaşaya bilsin.

    Bu gün həyatımız çox narahatdır. Çünki getdiyimiz yol haqqında heç nə bilmirik və buna görə çox vaxt səhv yolla təhlükələrə doğru gedirik.

    Elçibəy haqqında çox və ya az yazmaq fərq eləmir. O, bu cür yazıların fövqündə duran bir şəxsiyyətdir. Heç kəsin getmədiyi yolu gedən və bu yoldan yalnız ölümlə ayrılan birisi üçün təriflərin nə kimi əhəmiyyəti ola bilər ki?!

    Bu kiçik yazıda sadəcə Elçibəyi bir nəfərə tanıtdımsa, bu da yetərlidir. Konfutsi demişdir: “Qəm eləmə ki, insanlar səni tanımır, qəm elə ki, sən insanları tanımırsan”.

    Azərbaycan xalqı öz böyük oğlu Elçibəyi yaxşı tanımadığına görə kədərlənməlidir, zatən millət onu unutduğuna və onun yolundan çıxdığına görə, bu gün onu kədərləndirən bir həyat yaşamağa məhkum edilmişdir.