Üzü təmizləmək üçün qızıl qaydalar – Üz yuyarkən yol verdiyimiz 5 CİDDİ SƏHV

    6

    İnsanın üz dərisi çox mürəkkəb orqandır. O, insanı infeksiyalardan qoruyan qalxan funksiyası daşıyır, nəfəsalmada, regenerasiyada iştirak edir.

    O, 1000-dən çox bakteriya, mikrob üçün evdir. Bununla belə qalınlığı cəmi 1 mm-dir. Dəri 300 milyon hüceyrədən təşkil olunub. O, öz-özünü tənzimləmə və yenilənmə funksiyasına malikdir. 28 gündən bir dəri yenilənir. Dəqiqədə 40.000 ölmüş hüceyrədən azad olur. İnsan il ərzində təkcə dəri vasitəsilə 9 kq ölmüş hüceyrə yükü atır.

    Dəri insanın yaşını ələ verən ilk orqandır. Biz digər orqanlardan daha az ona qayğı göstəririk. Elə bilirik ki, tez-tez sabunla, gellə çimib qurulanmaq bəs edər. Amma dərimizin sağlamlığı elə onun düzgün təmizlənməsindən asılıdır. Biz isə hər dəfə dərimizi yuyarkən və çimərkən tipik səhvlərə yol veririk. Bu səhvlər isə sonradan düzəlməyən problemlərə səbəb olur. Medicinaz.az bu səhvlərin siyahısını təqdim edir.

    SƏHV 1 – Səhərlər üz yuma prosesi düzgün aparılmır

    Səhərlər yuyunma insan üçün yuxu kimi vacib prosesdir. Onun öz qaydaları var. Səhər üz dərisinə bir az su çəkmək və ya losyonla silməklə iş bitmir. Bol su ilə yuyunmadan dərinin üst qatında olan piy vəzilərinin ifrazatını təmizləyə bilməzsiz. Əgər gecə üzünüzə krem, zərdab çəkmisizsə, o zaman üz dərisini səhər ən azı 4-5 dəqiqə ərzində su ilə yumalısız. Əgər səhərlər üz dərisi yaxşı yuyulmazsa, o zaman üst qatda olan ölü hüceyrə və piy günboyu günün və havanın təsirindən qartlaşıb, məsamələrə dolacaq.

    SƏHV 2- Yanlış vasitələr alırsız

    Üz yumaq üçün əlinizə keçəni almaq dərini qıcıqlandırıb, allergik reaksiyalar verə bilər. Hər reklam olunan vasitə yaxşıdır demək deyil.

    Yaxşı olar ki, belə yuyucu gellər, sabunlar dermatoloq məsləhəti ilə təyin olunsun. Quru və normal dərisi olanlar nəmləndirici, yumşaq, krem formalı vasitələr almalıdır. Yağlı dərilər isə köpük və gellər. Çalışın, məhsulun etiketini incələyəsiz: sulfatsız məhsullar tapın. Yağlı dərilər üçün olan vasitənin tərkibində turşular olmalıdır, tərkibində yağ olan vasitələr isə quru dərisi olanlar üçündür. Əgər vasitənin etiketində SLS, SLES, SMS, Mineral Oil yazılıbsa, uzaq durun.

    Etiketdə coco-betain, carpylyl, Glycolik Acid, Lactik Acid, Salisil və natural oil yazılan vasitələr seçiminiz olsun. Düzdür, təbii vasitələr bahadır, amma dərimizdən qiymətli deyil.

    SƏHV 3- Təhlükəli hərarət seçirsiz

    Kimsə üzünü buzlu su ilə yumağı sevir ki, tonizə olur, kimi isə üzünü isti buxara verir ki, məsamələr açılsın. Amma soyuq su dərini iltihablandırır, isti su isə qocalma prosesini sürətləndirir. İsti dərialtı kapilyarları da genişləndirir. Əgər akne və sızanaqdan əziyyət çəkirsizsə, isti su onları yayacaq. Üz yumaq üçün ideal su hərarəti 35-36 dərəcədir.

    SƏHV 4-Gecə üzünüzü yumursuz

    Çox xanımlar salfet və pambıqla makiyaj qalığını silir, üzə losyon, süd vurur, üstündən də krem çəkib yatır. Bunlar dərinin təmizlənməsi demək deyil. Üz təmizliyi 2 prosedurdan ibarətdir: makiyajdan təmizlənmə və yuyulma. Demakiyajdan sonra üz dəriyə uyğun gel, köpük və ya yuyucu vasitə ilə su ilə yuyulmalıdır. Nə qədər yorğun olsanız da, bu proseduru ömrünüz boyu, hər gün etməlisiz. O zaman dəriniz sağlam, təravətli olacaq. Dermokosmetoloqlar deyir ki, qızıl qayda: nə çox, tez-tez yumaqdır, nə də gec, az-az. Gün ərzində 2-3 dəfə üz yumaq kifayətdir. Tez-tez üzünü yuyanlar dərinin epidermisini pozur. Üz silmək və yumaq üçün vasitələr uzun müddət eynisi istifadə olunarsa, əks təsirləri və asılılıq olur. Yəni bir vasitəni 1ildən artıq istifadə etmək olmaz. Vasitələri arada dəyişin. Hətta hər mövsüm üçün uyğun, fərqli vasitələr olur.

    SƏHV 5- Birdəfəyə çox və müxtəlif vasitələr istifadə edirsiz

    Üz silmək və yumaq üçün nə qədər az vasitə istifadə etsəz, bir o qədər yaxşıdır. Üz dərisi zərif təmizlənməlidir. Hər əlinizə keçəni ard-arda üzə çəkib, guya təmizlik aparmaq olmaz. Xüsusilə təmizləyici skrablar, qammajlar, pilinqlər, maskalar – ayda 3-4 dəfə istifadə oluna bilər və kosmetoloq tərəfindən seçilməlidir. Üzə sponj, süngər, fırça və s. kimi vasitələri hər necə oldu tətbiq etmək dərini cızır, zədələyir, dərinin ləkələnməsinə səbəb olur. Skrabı üzə süngər (qubka) ilə yaymaq olmaz. Belə aqressiv vasitələrlə üzü masaj etmək də olmaz.

    Xüsusi məsləhət:

    Üz yumaq və yaxalamaq zamanı suya qənaət etməyin. Üzün elə hissələri var ki, su ora az çatır: saçların dibi, gicgah, burunun ucu, buxağın altı. Ona görə bu nahiyələri bol su ilə yaxalayın. \medicina.az\