“Zlatanı əhliləşdirə bilməzsiz, o, fərqli heyvandı”

294

İbrahimoviç: “Hələ də gördüyüm işə ehtirasım var

39 yaşında olan Zlatan İbrahimoviç iki il ABŞ-da çıxış etdikdən sonra ən yüksək səviyyədə oynamağa qərar verərək, “Milan”a qayıtdı.

“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ və “Mançester Yunayted”də kuboklar qazanan isveçli hücumçunun özünü sübut etmək ehtiyacı yoxdu, ancaq meydanda uğur qazanmaqda qərarlı olduğunu, eyni zamanda qol güləşində Kinq Konqu (film personajı – red.) asanlıqla məğlub edəcəyini söyləyir…

Ona motivasiya verən şey barədə…

– 39 yaşım var və artıq işləmək məcburiyyətində deyiləm. Ancaq hələ də gördüyüm işə ehtirasım var. Heç vaxt təmin olunmuş hiss etmirəm və həmişə daha çoxunu istəyirəm. Mənim yaşımda etdiyim kimi performans göstərən, ya da oynayan çox futbolçu yoxdu/olmayıb. Bir futbolçunun 30 yaşı keçdiyi an enişə başladığı və yavaş-yavaş futboldan getdiyi zamandı. Məndə isə 30-u keçmək daha yaxşı olmağa başladığım vaxt idi.
ABŞ-da idmançılardan bədənlərini formada saxlamaq üçün bir milyon dollardan çox xərclədiklərini eşitmişdim. 39 yaşım var. Formadayam. Ən yüksək səviyyədə performans göstərirəm. Formada qalmaq üçün heç bir xərcim çıxmır. Bunun sirri nə qədər xərcləməkdə deyil, sirr beyindədi – nə qədər istəyirsiz, nə qədər fədakarlıq etməyə hazırsız. Sirr budu. Bu, zehniyyətdi və düşüncə heç bir xərc istəmir.

39 yaşda oynamağın çətinliyi barədə…

– Zlatanın beyninin 25 yaşlı bir bədənə sahib olmasını istərdim. Gənc yaşımla müqayisədə indi daha tez yoruluram. Daha çox yatıram, çünki bərpa olunmaq üçün daha çoxuna ehtiyacım olur. Tutaq ki, əvvəl oyunlardan sonra toparlanmağım, həqiqətən formada olmağım və yaxşı hiss etməyim üçün təxminən bir gün lazım olurdu. İndi isə 2-3 günə ehtiyac var. Ki, bu da yaşım üçün normaldı.
Oynaya bildiyim qədər top səviyyədə oynayacam. Yaxşı performans göstərə bilmədiyim gün artıq oynamayacam, çünki canlı hiss etməyim lazımdı. Bir şeyi geri qaytardığımı hiss etməyə ehtiyacım var. Hər hansı bir üstünlüyə sahib olmaq istəmirəm, çünki 39 yaşım var və “Hey, yavaş ol” deyirlər və s. Yox, məni dünya səviyyəsində dəyərləndirməyinizi və digər hamı ilə müqayisə etməyinizi istəyirəm, çünki belədə özümü daha da məcbur edərəm.

– 50-lərdə hansı oynayacaq: Buffon, yoxsa Zlatan?
– Buffon. Sadəcə hərəkətsiz dayanıb gələn topları qaytarması lazımdı. Mənim isə hərəkətdə olmağım, yaradıcılıq etməyim, zərbə vurmağım lazım gəlir, müdafiəçilərlə mübarizə aparmağı bacarmalıyam. Yəni, formada qalmadan böyük ehtimalla daha uzun müddət oynaya bilər, ancaq mən ona çətin bir oyun təqdim edərdim.

– “Drim tim”ində penaltiləri kim vurardı: Zlatan, yoxsa Messi?
– 100 faiz mən vurardım. Çünki bu komandanın kapitanı özüməm, penaltiləri kimin vuracağına da qərarı mən verirəm. İlk 3 zərbəni özüm vurardım, daha sonra ona 1 zərbə verərdim, ardınca 3-nü vurardım, sonrakını ona verərdim.

– Ən yaxşı tatular kimdədi: Zlatanda, yoxsa Bekhemdə?
– Bütün tatularım arxamdadı. Çünki onları görmürəm və onlardan bezmirəm, əgər hər gün görsəm, bezərdim. Və artıq tatularla işimin bitdiyini düşünürəm. Belimdə yer qalmayıb. Ayaqlarıma isə toxunmuram, çünki onlar mənə hədiyyədilər. Və ön tərəfdə heç nə etmək istəmirəm.

– Daha yaxşı kubok kabineti kimdədi: Zlatanda, yoxsa Maksveldə?
– Onda məndə olmayan bir kubok var: Çempionlar Liqası. Kabinetlərimiz arasında yeganə fərq budu. İkimiz də əla vaxt keçirdik, karyeramız yaxşı alındı. Birlikdə çoxlu kuboklar qazandıq. Futbol dünyasındakı ən yaxşı dostumdu, buna görə xoşbəxtəm və bu bu xoşbəxtliyi onunla bölüşə bildiyim üçün qürur duyuram. O, əla oğlandı. Və mənə dözəcək çoxlu səbri var. Bu, böyük bacarıqdı.

– Kim daha yaxşı yaşlanır: Zlatan yoxsa Benjamin Batton?
– Mən daha yaxşısını edirəm, çünki bunun canlı sübutuyam. Benjamin Batton sadəcə uydurma bir hekayədi. Mən o film üçün mükəmməl profiləm. Mən filmi reallaşdırıram, Benjamin Batton isə kinofilmdi.

– Zlatan və Kinq Konq arasındakı qol güləşində kim qalib gələr?
– Kinq Konqu məhv edərəm. 100 faiz. Onu dağıdaram.

– Kimin əhliləşdirilmə ehtimalı daha azdı: Zlatanın, yoxsa bir aslanın?
– Zlatan, 100 faiz. Bir aslanı əhliləşdirə bilərsiz, ancaq Zlatanı yox. O, fərqli heyvandı. (UEFA.com)