“Ziyafət Əsgərovun aşıladığı və yaydığı fikirlər anti-konstitusiondur” – FƏRHAD MEHDİYEV

240

“Heydər Əliyev Azərbaycanın inkişafını avro-inteqrasiyada görürdü”

“Ziyafət Əsgərov guya ki, Konstitusiya hüququ üzrə professordur, amma aşıladığı və yaydığı fikirlər anti-konstitusiondur. Fikirləri hüquqi deyil, siyasidir. Üstəlik, bəşəri inkişaf yolunda geri addım olduğuna görə, eyni zamanda düşüncələri gericidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.

Politoloqun qənaətincə, Ziyafət Əsgərov bilməlidir ki, konstitusiyanın siyasi mənası və mahiyyəti də var: “O da bir ölkədə hakimiyyətlər bölgüsü olmasının və vətəndaş hüquqlarının qorunmasıdır. İngilis doktrinası tərəfindən yaradılan bu yanaşma, publik hüquq elminə hakimdir. Doğrusu, bu cür fikirlər yayan insanların tələbələrə dərs deməsi gənclər adına bir uğursuzluqdur, faciədir. Ziyafət Əsgərovun da akademik azadlığından imtina edərək YAP maraqlarına xidmət etməsi, ölkəmizin hüquq elmi adına bir faciədir. Hansısa elmi diskussiyada Ziyafət Əsgərovun bu fikirlərini müdafiə etməsi mümkün olmazdı. Bu intellekt səviyyəsi isə elmi deyil, Siyavuş Novruzovun intellekt səviyyəsidir – qərəzli siyasətçi mövqeyi. Demirsiniz ki, Heydər Əliyev sizin əbədi rəhbərinizdir? Amma o, Azərbaycanın inkişafını avro-inteqrasiyada görürdü. Nə elminiz, nə də siyasi əxlaqınız var”.

Valeh TÜRKSOY, Hurriyyet.org