“Zirə” braziliyalı qapıçı alır

60

Braziliyalı qapıçı Mateus Albino karyerasını Azərbaycanda davam etdirəcək. Sport7.az xəbər verir ki, bu barədə “portalcambe.com.br” saytı məlumat yayıb. Məlumata görə ötən ilin sonunda B seriyasını tərk edən və bu il C seriyasında mübarizə aparan “Londrina”nın 1 nömrəli qolkiperi olan 25 yaşlı Albino tezliklə “Zirə” ilə müqavilə imzalayacaq. “Qartallar”la danışıqları uğurlu alınan Albino Avropada legioner həyatı yaşamaq istəyində olduğu üçün “Londrina” ilə münasibətlərinə son qoyub.

O da vurğulanıb ki, qapıçı tezliklə Bakıya yollanacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkərək, yeni komandasına qoşulacaq. Futbolçu özü də məlumatı təsdiq edib: “Londrina” həyatımda böyük fürsət idi. Oyunumu göstərməyə imkan verən klubdur. Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamaq arzusunda olmuşam və o an gəldi”.

2018-ci ildən “Londrina”nın formasını geyinən Mateus Albino bu müddət ərzində meydana çıxdığı 40 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.