Zelenskinin Saakaşvili ilə bağlı planları – NATİQ CƏFƏRLİDƏN AÇIQLAMA

60

“Zelenski Saakaşvilini məhz belə bir rolda düşünüb”

“”Xalqın Xidmətçisi” Partiyasının böyük əksəriyyətinin Saakaşvilini dəstəkləmək fikri var”

“Azərbaycan-Ukrayna münasibətlərinin daha da dərinləşməsinin şahidi ola bilərik”

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşviliyə Ukraynanın baş nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib. Saakaşvili isə öz növbəsində, bu təklifi qəbul edib. O, həmçinin, baş nazirin müavini təyin edilmək üçün Ali Radada lazımı səsi toplayacağına əmin olduğunu da bildirib: “Hesab edirəm ki, səsləri toplayacağam. Mən çox optimistəm. Sadəcə Xalqın Xidmətçisi fraksiyası səfərbər edilməyib. Bu fraksiya ilə maraqlı görüşüm olub”.

Onu da nəzərinizə çatdıraq ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko da Saakaşviliyə vəzifə təklif edilməsinə münasibət bildirib. Onun fikrincə, bu, o deməkdir ki, rəsmi Kiyevdə “ehtiyat oturacaq”lar tükənib, onlardan “taburet” kimi istifadə ediləcək: “Xahiş edirəm, məndən fərdi qiymətləndirmə gözləməyin. Qəti şəkildə deyirəm: dövlət məsuliyyəti, dövlət marağı var və hər hansı şəxsi münasibətləri ləğv etmək lazımdır”.

“Saakaşvilinin namizədliyi təsdiqlənərsə, çox maraqlı vəziyyət yaranacaq”

Beləliklə, mövzu ilə bağlı fikirlərini Hurriyyet.org-la bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli hesab edir ki, Mixail Saakaşviliyə Ukraynanın baş nazirinin müavini vəzifəsinin təklif edilməsi olduqca maraqlıdır. Politoloqun fikrincə, Vladimir Zelenskinin partiyası Ali Radada onun namizədliyini dəstəkləyəcək: “Zelenskinin partiyasının – “Xalqın Xidmətçisi”nin parlamentdə səs çoxluğuna sahib olduğunu nəzərə alsaq, əgər son anda geri addım atmasalar, o zaman Saakaşvilinin təyinatı təsdiqlənə bilər. Qeyd edim ki, partiyanın bir neçə üzvünün Saakaşviliyə baş nazirin müavini vəzifəsinin təklif olunmasının əleyhinə çıxması ilə bağlı mətbuatda məlumatlar dolaşırdı. Amma “Xalqın Xidmətçisi” Partiyasının böyük əksəriyyətinin Saakaşvilini dəstəkləmək fikri var. Təbii ki, bu, baş versə, çox çaraqlı, yeni bir konfiqurasiya yaranacaq. Çünki Saakaşvili zamanında Ukraynada vəzifədə olub, Odessa vilayətinin qubernatoru postunda çalışıb. İndi isə ona islahatları idarə etmək, islahatlar aparmaq üçün baş nazirin müavini vəzifəsi təklif olunub. Əgər onun namizədliyi təsdiqlənərsə, onda çox maraqlı vəziyyət yaranacaq. Belə ki, Gürcüstanın rəsmi orqanları artıq bununla bağlı öz narahatlığını bildirib və bu barədə Ukrayna tərəfi ilə müəyyən yazışmalar olub. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Gürcüstan müxalifəti, Saakaşvilinin partiyası yetərincə güclüdür, parlamentdə kifayət qədər yerə də malikdir. Odur ki, Saakaşvilinin Ukraynanın baş nazirinin müavini postuna təyinatı onların xoşuna gələcək, Gürcüstan hökumətinə Ukrayna ilə münasibətlərin daha da yaxşılaşdırılması yolunda addımların atılması istiqamətində təzyiqlərini artıracaq”.

“Rusiyanın fikrinin hər hansı bir formada nəzərə alınacağını zənn etmirəm”

Rusiya-Ukrayna münasibətlərinə gəlincə, REAL-ın icra katibinin sözlərinə görə, hazırda iki ölkə arasındakı əlaqələr mənfi mənada ən pik nöqtədədir: ” Odur ki, Saakaşviliyə görə bu münasibətlərin daha da korlanması mümkün deyil. Çünki münasibətlərin bundan artıq pisləşməyə yeri yoxdur. Yəni Rusiya ilə Ukrayna arasındakı əlaqələr çox aşağı səviyyədədir. Ona görə də düşünmürəm ki, Rusiyanın fikri bu məsələdə önəmli olacaq. Hesab edirəm ki, Ukrayna hökuməti Gürcüstanla münasibətləri korlamadan bu işi həll etməyə, Saakaşvilini vəzifəyə gətirməyə çalışır. Odur ki, Rusiyanın fikrinin hər hansı bir formada nəzərə alınacağını zənn etmirəm”.

Azərbaycanın Ukrayna ilə münasibətlərinin kifayət qədər yaxşı olduğunu vurğulayan Natiq Cəfərli qeyd etdi ki, Saakaşvilinin yeni vəzifəyə gəlişindən sonra iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin şahidi ola bilərik: “Saakaşvilinin özünün də Azərbaycana münasibəti kifayət qədər pozitivdir. Bildiyim qədər onun Azərbaycanın dövlət başçısı ilə yaxşı münasibətləri var. Odur ki, Saakaşvili Ukraynada baş nazirin müavini olsa, Azərbaycan-Ukrayna münasibətlərinin daha da dərinləşməsinin şahidi ola bilərik. Lakin Azərbaycan tərəfi həmən belə addımların atılmasında bir o qədər də maraqlı deyil. Çünki bununla Rusiyanı qıcıqlandırmaq istəmir”.

“Düşünürəm ki, belə bir ağrılı islahatları aparmaq üçün kənardan gələn və “söyülən” bir şəxsə ehtiyac var”

“Nədən məhz Saakaşvili? Məgər, Zelenski bu posta Ukraynanın yerli siyasilərindən, məmurlarından birini seçə bilməzdi” sualını cavablandıran politoloq bildirdi ki, Ukraynada islahatlar aparmaq üçün çox ağır və sərt qərarlar qəbul etmək lazımdır: “Düşünmürəm ki, Ukraynada islahatların necə aparılacağı ilə bağlı biliyi, təcrübəsi və ya ideyası olan adamlar yoxdur. Ukrayna intellektual potensialı kifayət qədər yüksək olan ölkədir. Qeyri-hökumət sektoru postsovet məkanında ən güclü olan sektorlardan biridir. Gürcüstanda Saakaşvilinin islahatlarını da əsasən QHT sektoru apardı. Ona görə də hesab edirəm ki, söhbət başqa məsələdən gedir. Söhbət ondan gedir ki, Ukraynada islahatlar aparmaq üçün çox ağır və sərt qərarlar qəbul etmək lazımdır. Çox təəssüf ki, əsasən şərq tərəfdə və mərkəzi Ukraynada əhalinin düşüncə tərzi daha çox sovetə uyğun düşüncə tərzidir. Yəni daha çox sovetdən qalma vərdişlərdən çıxış edib davranırlar. Onların biznesə marağı çox azdır, əsasən dövlət işi və ya vaxtla limitləşmiş iş istəyirlər. Belə bir toplumda kəskin islahatların, özəlləşdirmənin aparılması elə də asan deyil. Odur ki, bu ağrılı islahatların kənar şəxs tərəfindən aparılması, həmin şəxsin gələcəkdə “söyülməsi” Ukrayna hökumətinə daha çox sərf edir, nəinki özününkünü qurban vermək. Çünki kəskin islahatlar olacaqsa, o zaman ictimai rəy kifayət qədər sərtləşəcək. Ona görə ki, Ukraynada islahatların insanlar tərəfindən qəbul olunması çox çətindir. İnsanların əksəriyyəti köhnə qaydalara uyğunlaşdığından torpağın, zavod və fabriklərin satılmasına qarşıdırlar. Düşünürəm ki, belə bir ağrılı islahatları aparmaq üçün kənardan gələn və “söyülən” bir şəxsə ehtiyac var. Mənə elə gəlir ki, Zelenski Saakaşvilini məhz belə bir rolda düşünüb”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org