“Özbək bolası” ilə “Bakılı”, “Kəndçi” və “Gəncəli” balalarının fərqi – KÜLTÜR SEPARATİZMİ

6

Özbəkistan Mərkəzi Asiyanın ortasında və şimal-qərb hissəsində yerləşən türkdilli respublikadır. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəddir. Ərazi genişliyinə görə Mərkəzi Asiyanın Qazaxıstandan sonra ikinciəhali sayına görə isə birinci dövlətidir. Ökənin ərazisi 448.900 km²-dir və Turan ovalığında yerləşir. Amudərya və Sırdərya çayları arasında yerləşməsinə baxmayaraq, ərazisinin cəmi 3/1-i əkinə yararlıdır70%-i isə səhra və yarımsəhralardan ibarətdir. Əhalisinin sayı isə 31 milyondan çoxdur. Bu xüsusiyyəti ilə 17.7 milyonluq Qazaxıstandan insan resursları baxımından hardasa 2 dəfə böyükdür.

Coğrafi mövqeyinə görə 3 türkdilli dövləti birləşdirən və 2 müsəlman ölkəylə qonşu olan Özbəkistan geopolitik xüsusiyyəti etibarilə olduqca həssas bölgədə yerləşir. Çinin dünyaya açılan ticarət qapısı – tarixi İpək yolunun əsas marşrutu üzərində əsas körpü rolunu oynayıb və bu Özbəkistan mədəniyyətinin inkişafına da böyük töhfələr verib.

 

Dünya iqtisadiyyatının önəmli körpülərindən olması Özbəkistan üçün ciddi təhdidlər yaradıb və yaratmaqdadır. Bu gün qonşu Əfqanıstandan bu ölkəyə islam sələfiliyi təlqin olunduğu kimi, Çinin də iqtisadi yayılmaçılıq sıyasəti Özbəkistan üçün əsas təhdid meydana gətirir. Sözsüz ki, bütün Orta Asiyanı özünün təbii coğrafiyası kimi görən Rusiyanın da istər iqtisadi, istərsə də mədəni imperialist siyasətlərində əsas hədəflərindən biri  Özbəkistandır.

Özbəkistan da hər bir ölkə kimi bu təhdidlərə qarşı bacardığı qədər mübarizə aparmağa çalışır. Onun da əsas müdafiə silahlarından biri mədəni dirənişdir. Mədəni dirənişlərin mühüm tərkib hissəsi kimi özbək müğənnilər də bu sahədə, Səməd Vurğunun sözləri ilə desək,  müsəlləh əsgər kimi “döyüşürlər”. Özbək müğənnisi Cəsur Mirsaqatovun “Özbək bolası” (balası) mahnısı bu milli dirənişin ən bariz örnəklərindəndir.

Özbək balalarını azad diyarın əsas qalasına bənzədən mahnının Özbəkistanın gələcək nəsillərinə hansı fikirləri təlqin etdiyi aydındır. Həqiqətən də bir ölkənin xarici düşmənlərə qarşı ən mühüm qalası uşaqlarıdır və onların təlim tərbiyyəsi, milli ruhda böyüməsi dövlətlərin bir nömrəli vəzifəsi olmalıdır. Mahnıların insan zehninin formalaşmasında oynadığı rolu nəzərə alsaq, Cəsur Mirsaqatovun “Özbək bolası” mahnısının arxasında dövlət siyasətinin dayandığını isbatlamağa belə ehtiyac yoxdur.

***

Azərbaycan da mühüm geopolitik əhəmiyyətə sahib ölkələrdəndir. Biz də bir çox baxımdan dünyanın mühüm keçid nöqtələri arasında körpü rolu oynayırıq və təkcə ətraf ölkələri deyil, bölgədə maraqları olan bütün dünya dövlətlərinin diqqətini özümüzə çəkirik. İqtisadi, geosiyasi əhəmiyyətimiz hər kəsə bəlli olduğundan bu barədə uzun-uzadı danışıb sizləri yormaq fikrində deyilik. Demək istədiyiniz əsas məsələ, yəni sözümüzün mustafası mədəni siyasətimizlə bağlıdır.

 

Məlum olduğu kimi, bizdə  də “bala” mahnıları var. Amma bu mahnılarının heç biri gələcək nəsillərimizə – uşaqlara nə azad ölkənin qalası olmağı, nə də digər dövlətçilik dəyərlərini təlqin edir. Sovet Azərbaycanı dövründə “Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam” mahnısı ilə cinsi ayrıseçkilik saldığımız kimi, bu gün də meyxana üslublu düşük melodiyalarla regionçu düşüncələri insanlarımızın beyninə yerləşdiririk.

Bu da sübutu:

Eyyub Yaqubovun ifasında “Bakılı balası” mahnısı.

Mahnıda Bakı Vətən kimi təqdim olunur və “Bakıda doğulmuşam Bakıda qalasıyam” mesajl verilir.

Bu da Eyyub Yaqubovun “Bakılı balası” mahnısına “kəndçi balalası” Səməd Bülbülənin reaksiyası:

Bu isə “Bakılı” və “Kəndçi” balalarına Gəncə reaksiyası

Əslində həm “Kəndçi”, həm də “Gəncəli” balalarının “Bakılı” balalarına bu reaksiyaları gözlənilən idi və bəlkə də bu mahnılar təsadüfən deyil, məqsədli bəstələnmişdi. Məqsəd isə yəqin ki, Azərbaycan insanının beyninə regionçuluq kimi xəstə və zərərli düşüncələr təlqin etməkdi. Çünki bu zamanadək Azərbaycan siyasi həyatı regionçu təfəkkürlə formalaşdırılırdı və bu təfəkkürün mahnılarımıza yeridilməsi əslində başadüşüləndir.

Amma artıq Azərbaycan hakimiyyətinin bu cür təhlükəli siyasətlərdən uzaqlaşmaq istədiyi hiss olunur. Ölkədə aparılan bəzi kadr islahatları da bundan xəbər verir. Elədirsə, milli təhtəlşüurumuzdakı bu bəlanın izini tamamilə silmək üçün regionçu siyasətin əsas bazasına çevrilən mahnılarımıza da əl gəzdirməli, millətə onları unutdurmağa çalışmalıyıq. Ən azı ona görə ki, bu cür regional parçalanma ideyaları Azərbaycanda maraqları olan xarici güc mərkəzlərinın və kəşfiyyat orqanlarının işinə yarayır.

Bunun qarşısını almağın ən qısa yolu isə yüksək vətənpərvərlik duyğusu aşılayan Azərbaycanlı balası” mahnılarının yazılmasıdır və yayğınlaşdırılmasıdır. Azərbaycanın Mədəniyyət Nazirliyi və müvafiq orqanları bu kültür separatizminin qarşısını almaq üçün lazımi tədbirlər görməli, yeri gələndə Özbəkistan təcrübəsindən yararlanmalıdır.

Heydər Oğuz

Ovqat.com