ZATULİN, SOLOVYOV, ŞEYNİN VƏ DİGƏR MƏĞLUBLAR… – Azərbaycan Ordusu onların da dizini yerə qoydu!

360

Ötən gün Rusiyanın mərkəzi kanalında yenə Qarabağ mövzusu müzakirə olunurdu. Ermənilərin Kəlbəcəri boşaltmalarına həsr olunan verilişin həmişəki kimi Azərbaycana qarşı nifrət püskürən aparıcılarının vəəksər qonaqlarının nə dediklərindən daha çox onların sifətlərindəki məğlub, miskin ifadə maraqlı idi.

Həmin verilişdə Dumanın deputatı, Rusiyanın ən qatı anti-Azərbaycan siyasətçilərindən biri olan Konstantin Zatulinin sifətini, mimikalarını izləmək xüsusi zövq verdi. Adamın sanki hansısa əzizi, yaxını ölmüşdü. Əlacı olsaydı, həmin verilişdə Azərbaycanın haqlı qələbəsindən danışan və bizim mövqeyimizi az-çox müdafiə edən digər qonağı parçalayardı, baxmayaraq ki, sonradan özü də Ordumuzun qalib gəldiyini və Ermənistanın döyüş meydanında uduzduğunu etiraf etdi. Bununla yanaşı, yenə də ölkəmizin suverenliyini, ərazi bütövlüyünü təhdid edən açıqlamalar verdi.

Təbii ki, bu mənzərə onun və onun kimilərin içindəki məğlubiyyət yanğısının, acısının təzahürü idi. Özü də bu yanğı təkcə Zatulinin yox, Solovyovun, Şeyninin, Jirinovskinin və digər bu qəbildən olanların içini o qədər göynədir ki, bu sancını, ağrını hələ uzun müddət, bəlkə də ömürlərinin sonuna qədər unutmayacaqlar!

İndi bu tiplərin işi bir az da ağırlaşıb. Təkcə Azərbaycana şər-böhtan atmaqla, nifrətlərini göstərməklə, ağ yalan danışmaqla işləri bitmir.

Artıq məğlub erməniləri sakitləşdirmək, onlara təsəlli vermək və eyni zamanda onların Rusiyaya yönələn ittihamlarına, hətta hədə-qorxularına cavb vermək məcburiyyətində qalıblar. Üzlərindən də görünür ki, çox ağır yükün altında qalıblar və məğlubiyyətin doğurduğu yanğı, inilti sifətlərində əks olunmağa başlayıb.

Əlbəttə ki, bizlərə bu mənzərəni, bu zövqü yaşadan qəhrəman əsgərimiz və Ordumuzdur! Onlara təkcə torpaqlarımızı azad etdiklərinə görə yox, həm də bu zövqü bizə yaşatdıqlarına görə möhtəşəm bir alqış, çox sağol düşür!

Bu arada Azərbaycanın müvafiq qurum və təşkilatlarının ölkəmizə, xalqımıza, Ordumuza qarşı aparılan bu çirkin təbliğata münasibətini və reaksiyasını heç cür ideal qiymətləndirmək olmur.

Bu prosesə “it hürər, karvan keçər” prizmasından yanaşmaq qətiyyən yolverilməzdir. Elə bir neçə gün əvvəl, “sülhməramlılar” bölgəyə yerləşdirilməyə başlayan kimi, Putinin partiyasından olan deputat, Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Azərbaycanı sözün əsl mənasında hədələdi.

Ermənilərin “şərəfləndirdiyi” şərəfi hər kəsə məlum Solovyov isə “Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportu verilməlidir” deyə sərsəmlədi.

Tutaq ki, Solovyov rəsmi şəxs deyil və ona rəsmi qurumlar yox, bizim ayrı-ayrı politoloqlar, ziyalılar, jurnalistlər və s. cavab verməlidirlər.

Lakin P.Tolstoy ki, yüksək vəzifəli Rusiya rəsmisi, parlamentin vitse-spikeridir. Niyə bu adamın hədə-qorxusuna indiyə qədər rəsmi qaydada cavab verilmir? Təbii ki, indiki dövrün həssaslığı nəzərə alınmalıdır və bu, hardasa başadüşüləndir.

Ancaq ən azından elə Azərbaycan parlamentinin vitse-spikeri səviyyəsində bu şəxsin söylədiklərinə adekvat cavab verilə bilərdi. Lakin nədənsə, deputatlarımız, parlament rəhbərliyi susur.

Təsəvvür edin ki, eyni hədə-qorxu Türkiyəyə yönəlsəydi, qardaş dövlətin parlamenti, deputatları buna hansı səviyyədə və necə cavab verərdi…

Ümumiyyətlə, təəssüf ki, Azərbaycanın apardığı bu Vətən Müharibəsində parlamentimiz heç də güclü bənd təsiri bağışlamadı. Bu ali qanunverici orqanın öz işini şanlı Ordumuza layiq səviyyədə qurduğunu söyləmək çətindir. Hansı ki, deputatlarımız və parlament rəhbərliyi xüsusi aktivliyilə seçilmədi, xalqın, ordunun yanında olduqlarını daha fəal, parlaq şəkildə ifadə edə, ən azından yaralı əsgərlərimizə, şəhid ailələrinə tez-tez baş çəkə, dəstəklərini göstərə bilərdilər.

Ancaq bunu etməmələri bir yana, deputatların bəziləri öz məlum açıqlamaları və şərhlərilə siyasi naşılıqlarını, gəzdirdikləri mandata uyğun olmayan səviyyələrini göstərdilər. Bu, ölkəmizdə təkcə Ordu quruculuğu, iqtisadiyyat, sosial sahə deyil, siyasi sferada da hələ görüləcək çox işlərin olduğundan xəbər verir.

Hər necə olsa, bu günə olan ən sevindirici nəticələrdən biri odur ki, Ordumuz əlindən gələni və gəlməyəni də etdi. Və təkcə düşməni yox, onun havadarlarını, uzaqdan durub üstümüzə hürənləri də məğlub, peşiman etdi, onlara layiq olduqları yeri göstərdi.

Cəlal Məmmədov

“AzPolitika.info”