Zamirə Hacıyevanın oğurladığı pulları Azərbaycana qaytara bilərik – vəkil yolunu açıqladı

678

Əkrəm Həsənov: “Pullar Azərbaycan dövlətinindir, bunu sübut etmək üçün isə…”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, hazırda Londonda yaşayan Zamirə Hacıyevanın 22 milyon funt-sterlinq dəyərində əmlakı Britaniyanın sərəncamına keçmək üzrədir. Britaniya Ali Məhkəməsi Zamirə Hacıyevanın bu qədər pulu necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.

Milli Cinayət Agentliyinin nəzdindəki Milli İqtisadi Cinayət Mərkəzinin direktoru Qrem Biqqar bildirib ki, artıq Zamirə Hacıyevanın qərardan apelyasiya şikayəti verməsi üçün yol yoxdur. “Artıq ondan bu əmlakla əlaqəli axtardığımız məlumatları təqdim etməsi tələb olunacaq”, – deyə o bildirib. Məhkəmə tələbini yerinə yetirmədiyi təqdirdə onun Londonun mərkəzindəki evi və 11 milyon funt-sterlinqlik “Berkshire golf” sahəsi daxil olmaqla, 22 milyon funt-sterlinq dəyərində əmlakına əl qoya biləcək.

Zamirə Hacıyevanın vəkilləri ötən ilin dekabrında Milli Cinayət Agentliyinin müvəkkillərinin mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi. Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı. Göründüyü kimi, Z. Hacıyeva üçün məsələyə nöqtə qoyulub. Bu, o deməkdir ki, o, mülkləri təhvil vermək məcburiyyətindədir.

Zamirə Hacıyeva yenidən dünyanın gündəmində - Bu dəfə bahalı itiylə - FOTO

55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalı idi. Lakin Zamirə Hacıyeva gəlirinin mənbəyini açıqlamaqdan imtina etmişdi. Bundan sonra Milli Cinayət Agentliyi mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edib. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır. Bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər. Britaniyada Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur.

Z.Hacıyevanın 2018-ci ilin noyabrında həbsi isə  Azərbaycanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub və sonradan o, girov qarşılığında azad edilib. Daha sonra isə onun Azərbaycana ekstradisiya edilməməsi haqda qərar verilib. Aydındır ki, Britaniya məhkəməsində mübahisə mövzusu olan əmlaklar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülən pullar hesabına əldə edilib. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir.

Bəs həmin əmlaklara, hansılara ki, Britaniya məhkəməsinin qərarı ilə müsadirəyə hazırlanır, Azərbaycan dövləti sahib çıxa bilərmi? Bunun hüquqi həll yolları varmı?

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyir ki, Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər: “Zamirə Hacıyevanın həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır. Britaniya məhkəməsi Zamirə Hacıyevadan əmlakların mənbəyinin təsdiqini istəyirdi. Həmin müddətdə əqd bağlanardısa, Azərbaycan dövləti Zamirə Hacıyevanın əmlaklarının dövlətə məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilərdi. Bundan sonra oradakı əmlaklar Azərbaycan dövlətinə qaytarıla bilərdi. Təəssüf ki, bu fürsət əldən verildi. Bununla belə hüquqi həll yolları yenə də var”.

Vəkilin sözlərinə görə, bu gün Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər. Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir: «Bu əqd həm də digəriləri üçün də bir növ əmlaklarının xilası yolu ola bilər. Bilirsiniz ki, bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini “İzaholunmaz Sərvət Sərəncamı”nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz. Hamı həmin məbləğlərin Beynəlxalq Bankdan əliəyriliklə ələ keçirilməsini bilir. Zamirə Hacıyevanın Londonda sağa-sola səpələdiyi pullar aydındır ki, bizneslə qazanılmayıb. Bunda heç kimin şübhəsi yoxdur. Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbəri olaraq əmək haqqı o sayaq yaşamağa imkan verməyib. İngilis məhkəməsini də aldada bilməzlər. Bu gün Azərbaycanda bank sahəsi üzrə elementar hüquqi bilik və savadı olan kadrlar problemi var. Bu məsələdə bizdə durum nəinki Qərb, heç Rusiya standartları ilə də müqayisə edilə bilməz. Azərbaycanda bu işi Britaniya məhkəməsində xeyrimizə çözə bilən az sayda hüquqşünas var. Azərbaycandan hüquqşünasları göndərməyib xarici hüquqşünaslarla bu məsələni çözmək istəsələr, vəziyyət dəyişməyəcək. Beynəlxalq Bankdakı oğurluqların miqyası çox böyükdür və belə oğurluqların qarşılığında aparılan istintaq, həbslər çox məhdud dairədə olub. Britaniyada Zamirə Hacıyevava qarşı məhkəmə başlanan ilk gündən deyirdik ki, bütün günahı Cahangir Hacıyevin üzərinə yıxıb Avropadan 1 sent də almaq mümkün olmayacaq”.

Hüquqşünasın sözlərinə görə, ümumilikdə Azərbaycanda maliyyə amnistiyasına çox ciddi ehtiyac var. Onun qənaətincə, büdcədən oğurlanan pulların Azərbaycan dövlətinə qaytarılması maliyyə amnistiyasının verilməsindən keçir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”