Zakir Həsənovun Moskva səfərində iki hədəf

141

Sergey Şoyqu ilə ikitərəfli görüşü olarsa, Rusiyadan Ermənistana silah ötürülməsi məsələsinə toxunulacaq

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlı Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin sentyabrın 4-6-da  keçiriləcək görüşündə iştirak etmək üçün Moskvaya səfərə gedib.

Qeyd edək ki, Azərbaycan ŞƏT-ə məşvərətçi səs hüquqlu üzv hesab edilir. Aydındır ki, azərbaycanlı nazirin rusiyalı həmkarı Sergey Şoyqu ilə ikitərəfli görüşü olarsa, Bakıda bu yaxınlarda keçirilən müzakirələrin davamına-Rusiyadan Ermənistana silah ötürülməsi məsələsinə toxunulacaq. Ekspertlər bildirir ki, artıq MDB ilə hərbi sahədə əməkdaşlıqda hansısa perspektiv qalmayıb. Hərbi əməkdaşlığa gəlincə isə təşkilata dialoq tərəfdaşı statusunda olan Azərbaycan müəyyən təcrübələrə ümid edə bilər. Çünki hərbi sənaye kompleksi inkişaf etmiş Çin, Rusiya, Hindistan bu qurumda təmsil olunurlar.

Üzeyir Cəfərov: “Erməniləri vahiməyə salan xüsusi təyinatlılarımız oldu” - BRİFİNQ/FOTOLAR

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan müdafiə nazirinin səfər zamanı keçirəcəyi görüşlərin bir sıra nəticələri olacaq. Xüsusilə Bakıda bu yaxınlarda Rusiya müdafiə naziri ilə keçirilən görüşdə müzakirə olunan məsələlərin müzakirəsinin davamına ehtiyac var. Azərbaycanın Rusiyadan Ermənistana silah-sursat ötürüldüyü məsələsi barədə narahatlığı və narazılığı hələ də qalır: “Hesab edirəm ki, Zakir Həsənov Moskvada Sergey Şoyqu ilə görüşdə bu məsələni bir daha müzakirəyə çıxaracaq. Rusiya müdafiə naziri ilə ikitərəfli hərbi sahədə əməkdaşlıq mövzularını müzakirə edən zaman qeyd etdiyim məsələ yəqin ki, yenə də gündəmə gələcək. Dünyanın hərbi sənayesi inkişaf etmiş ölkələri sırasında Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bir neçə dövlət var. Çin, Rusiya, Hindistan, Pakistan hərbi sənayesi inkişaf etmiş dövlətlərdir. Azərbaycanın bu ölkələrlə hərbi əməkdaşlığının gücləndirilməsi üçün bu cür platformalar da əhəmiyyət daşıyır. Yəqin ki, nazir Zakir Həsənov həm Moskvada keçirilən məlum zirvə toplantıları zamanı, həm də ikitərəfli görüşlərdə Azərbaycanı narahat edən bir sıra məsələləri dilə gətirəcək. Əməkdaşlıq məsələləri də şübhəsiz müzakirə olunacaq”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, ŞƏT MDB-dən daha sanballı təşkilatdır. MDB faydasız bir quruma çevrilib. ŞƏT əsasən NATO-ya qarşı qurulan təşkilatdır. MDB ilə müqayisədə ŞƏT təbii ki, daha önəmli təşkilatdır, amma ümumi baxsaq bu quruma daxil olan 3 əsas ölkədən biri olan Rusiya Ermənistanla rəsmi müttəfiqdir: “Düşünmürəm ki, indiki halda bu ölkələrlə ŞƏT çərçivəsində Azərbaycan xüsusi ciddi hərbi əməkdaşlıq münasibətləri qura bilsin. O ki qaldı rus hərbi təyyarələrinin Ermənistana silah daşıma məsələsinə, bu yöndə Azərbaycan Rusiyadan açıqlama tələb etməyə davam etməlidir. Şoyqunun açıqlaması qəbul edilməməlidir. Çox güman ki, Həsənov Şoyqu ilə görüşdə bir daha bu məsələni gündəmə gətirəcək, gətirməlidir də”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”