Öz içki normasına bilən nazir – Stalin 29 yaşlı Zasyadkonu iki qədəh araqla test edib

    6

    O, öz işinin peşəkarı olub və onu ölkənin bir nömrəli şaxtaçısı adlandırıblar. Elə bu peşəkarlığına görə də Aleksandr Zasyadko qısa bir müddət ərzində sıravi şaxta fəhləliyindən nazir kürsüsünə qədər sürətlə vəzifə pillələrində irəliləyib.

    SSRİ-nin ən sərt dövrü sayılan Stalinin hakimiyyəti illərində Zasyadko nadir nazirlərdən olub ki, həmkarlarından cavan olmasına baxmayaraq, müşavirə və iclaslarda ona ünvanlanan suallara, şəxsən Stalinin fikirlərinə və müvafiq sahə ilə bağlı münasibətlərinə böyük cəsarət və qətiyyətlə cavab verməyi bacarıb.

    Aleksandr Zasyadko 1919-cu ildə Donetskdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Donetsk Dağ-mədən İinstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Qorlovkada 8 saylı şaxtada çilingər köməkçisi kimi başlayıb.

    1942-ci ilə qədər ayrı-ayrı müəssisələrdə baş mühəndis, sex rəisi, kombinat direktoru vəzifələrində işləyən Zasyadko bacarıqlı mütəxəssis, öz işinin peşəkarı kimi tanınıb.

    Müharibənin ağır illərində, 1942-ci ildə Aleksandr Zasyadko SSRİ kömür sənayesi komissarının (nazirinin) müavini təyin edilib. Eyni zamanda o, Stalinin adını daşıyan ən iri kömür kombinatının rəisi olub.

    Qarşıya qoyulan bütün vəzifələri, o cümlədən kömür istehsalındakı planları yüksək səviyyədə icra edən Aleksandr Zasyadkoya 1948-ci ildə daha yüksək vəzifə, SSRİ kömür sənayesi naziri vəzifəsi həvalə edilib.

    Onun bu təyinatı lətifəyə çevriləcək qədər bir hadisə ilə daha çox yadda qalıb.

    Mərkəzi Komitənin iclasında Kömür Sənayesi Nazirliyinə nazir təyin etməklə bağlı müzakirələr aparılıb. İosif Stalin büro üzvlərindən namizədlərin adlarının çəkmələrini xahiş edib. Namizədlər sırasında Aleksandr Zasyadkonun adı müzakirə olunanda, büro üzvlərindən biri onun içkiyə meylli olduğunu bəyan edərək Zasyadkonun nazir kürsüsünə layiq olmadığını söyləyib. Müzakirələr davam etsə də, həmin iclasda kömür sənayesi naziri təyinatı ilə bağlı qərar verilməyib.

    Səhərisi gün Stalin günorta saatlarında Aleksandr Zasyadkonu yanına çağırtdırıb. Nahar fasiləsi zamanı olduğundan Stalin onu süfrəyə dəvət edib. Lavrenti Beriya və Vyaçeslav Molotov da həmin görüşdə iştirak ediblər. Stalin Zasyadkonun qədəhinə araq süzüb və ona müraciət edib:

    – Aleksandr Fyodoroviç, iki qafqazlının iştirak etdiyi məclisdə hökmən tost deyilməlidir.

    Zasyadko Stalinin fikrini dərhal anlayıb və tost demək üçün ayağa qalxıb:

    – Yoldaş Stalin, sizin şərəfinizə.

    Çox keçməmiş Stalin onun qədəhinə yenidən araq süzüb. Bu dəfə Zasyadko təklif gözləmədən ayağa qalxıb:

    – Yoldaş Stalin, bu qədəhi isə mən partiyamızın şərəfinə qaldırıram.

    Daha qısa bir fasilədən sonra Stalin növbəti dəfə qədəhə araq süzmək istəyəndə Zasyadko imtina edib:

    – Yoldaş Stalin, Zasyadko öz normasını bilir.

    Bu görüşdən bir neçə gün sonra Mərkzi Komitədə kömür sənayesi nazirinin təyinatı ilə bağlı yenidən müzakirələr keçirilib. Bu dəfə də Zasyadkonun adı namizəd kimi hallandırılanda onun içkiyə meylli olması ilə bağlı fikirlər söylənilib. Stalin bu fikirləri rədd edərək münasibətini bildirib:

    – Zasyadko öz normasını bilir və mən onu nazir vəzifəsində görmək istəyirəm.

    Beləliklə, Aleksandr Zasyadko SSRİ kömür sənayesi naziri təyin olunub.

    Zasyadko nazir olduğu dövrdə həbsxanalarda çəza çəkən məhkumların şaxtalarda işləməsinə nail olub. Onu da qeyd edək ki, həmin məhkumlara digər işçilər qədər əmək haqqının verilməsi məsələsini də məhz Zasyadko Kremllə razılaşdıra bilib.
    1957-ci ildə “antipartiya qrupu” Nikita Xruşovu devirmək istəyəndə Zasyadko da qəti mövqeyini bildirməkdən çəkinməyib. O, Xruşovu müdafiə edərək Kremldə öz mövqelərini daha da möhkəmləndirib.

    Buna cavab olaraq Aleksandr Zasyadko 1958-ci ildə SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə irəli çəkilib. Eyni zamanda o, Nazirlər Soveti yanında dövlət elmi-iqtisadi şurasına rəhbərlik edib.

    1962-ci ildə Aleksandr Zasyadko səhhətində yaranan ciddi problemlərə görə öz ərizəsi ilə tutduğu bütün vəzifələrdən azad olunub.

    Ciddi müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Aleksandr Zasyadko 1963-cü ildə, 53 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub./musavat.com/