“Zəif oyun varsa, tənqid olunmağımız normaldı”

45

Namiq Ələsgərov: “Bütün oyunlarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Millimiz Millətlər Liqasında Lüksemburqla qarşılaşmada uğursuz çıxış etsə də, Kiprdə gözlənilməz oyun sərgilədi. Yığmanın meydan sahiblərini 1:0 hesabıyla məğlub etdikləri qarşılaşmada seçilən futbolçulardan biri də Namiq Ələsgərov idi.

Düzdü, hər iki matçda meydana sonradan daxil olmuşdu. Lakin Lüksemburqla qarşılaşmada Ramil Şeydayevin vurduğu yeganə qolun ötürməsini məhz Namiq vermişdi. Futbolçu Kiprlə oyunda da pis çıxış etmədi. Ancaq maraqlı məqam ondan ibarətdi ki, baş məşqçi De Byazi hələ heyəti yeni açıqlayanda Namiqin adını B siyahısına salmışdı. Sonradan xaricdə oynayan bəzi milliləşdirilmiş futbolçular belə vacib oyunlarda koronavirusu bəhanə edib millimizə qoşulmaq istəmədiyi üçün italyan mütəxəssis “Neftçi”nin oyunçusunu A siyahısına qaytardı. Buna baxmayaraq, futbolçu özünü yaxşı tərəfdən göstərməyi bacardı. Sport7.az Namiqin millimizin oyunları ilə bağlı fikirlərini öyrənib. Futbolçu müsahibəsində həm Lüksemburqdakı uğursuzluqdan, həm də Kipr qələbəsindən danışıb.

– İki matç arasında kəskin fərq var idi. Komanda Kiprdə gözlənilməz oyun sərgilədi. 2-3 günün içində nə dəyişmişdi?

– Məğlubiyyətdən özümüzə dərs çıxardıq. İlk oyundan sonra analiz aparıb səhvlərimizi başa düşdük. Düzdü, birinci oyuna da yaxşı hazırlaşmışdıq. Sadəcə, gözlənilmədən pis başladıq. İkinci oyuna isə daha fərqli hazırlaşdıq. Çalışdıq ki, səhvlərimizi təkrarlamayaq. Çünki Lüksemburq pressinqlə başladı. Kiprlə oyunda isə onların etdiyini biz həyata keçirməyə çalışdıq.

– Hər matçdan əvvəl şübhəsiz ki, baş məşqçi rəqibin zəif və ya güclü tərəfləri ilə bağlı məlumatlar verir. Lüksemburqdan belə oyun gözləyirdiz?

– Düzü, xeyr. Bilirdik ki, Lüksemburq yaxşı komandadı, oyunçularının əksəriyyəti Avropada oynayır. Amma… Biz meydana qələbə üçün çıxmışdıq, alınmadı. Həmin oyunu çox zəif keçirdik. Kiprdəki kimi daha aqressiv və istəkli oynasaydıq, məncə nəticə fərqli olardı.

– Yəni, komandada aqressiya və istək çatmadı…

– Doğrudu, o oyunda Lüksemburq bizdən daha istəkli idi…

– Lüksemburq məğlubiyyətində oynunuza ən çox təsir edən məqamlar hansı oldu?

– Məncə, pis başladıq. Konkret elə bir məqam deyə bilmərəm. Sadəcə, komanda şəklində oyunumuz alınmadı.

– Kiprdə komandanı daha yaxşı oyun göstərməyə nə vadar etdi?

– Oyunumuzu analiz etdik. Daha fərqli, aqressiv çıxış etməyə çalışdıq. Mübarizəyə çox yaxşı başladıq. Daha istəkli idik.

– Kipr və Lüksemburq yığmalarını müqayisə edə bilərsən? 

– Müqayisə etmək istəməzdim. Hər komandanın öz oyunu, futbolçuları var. İkisi də yaxşı komandadı.

– Maraqlıdı, qələbədən sonra ilk nə haqda düşündün? Tənqidlərdən bir müddətlik yaxa qurtaracağınızı, yoxsa…

– Düzdü, bizə pis təsir etmişdi. Tənqid olunduq. Problem deyil, zəif oyun varsa, tənqid olunmağımız normaldı. Çalışdıq ki, heç olmasa öz oyunumuzla xalqımızı sevindirək. Fikirləşməsinlər ki, ancaq məğlub oluruq. Şükür ki, qələbə qazandıq.

– Müəyyən çatışmazlıqlar var. Məsələn, 60-cı dəqiqədən sonra komandada yorğunluq aşkar hiss edilirdi və daha çox hesabı qoruyub saxlamaq istəyirdiz. Bu isə 1:0-lıq hesab üçün o qədər də yaxşı variant sayılmır. Çünki rəqib hər an hesabı bərabərləşdirə və ikinci qolu vura bilər. Niyə belə tez yorulmuşduz?

– Birinci hissədə həqiqətən komanda çox güc sərf etdi. Kiprə baxanda, bizim uşaqlar daha çox hərəkətli idilər, qaçdılar. İkinci qolu vurmaq üçün imkanlarımız da oldu. Vursaydıq, daha rahat oynayacaqdıq. Amma vura bilmədik. Birinci hissədə rəqibin üstünə daha çox gedirdik ki, növbəti qolu da vurub rahatlaşaq. Üstəlik, Kiprdə hava da çox isti idi. Adam boğulurdu. Ona görə də ikinci hissədə istər-istəməz yorulduq.

– Baş məşqçinin məşqlərdə futbolçuları “yüklədiyi” və bunun da komandada narazılıq doğurduğu bildirilir. Bu doğrudumu, De Byazinin məşqlərində hansı fərqlər var?

– Xeyr, doğrudan da elə bir söhbət olmadan o fikrin necə yarandığını bilmirəm. Normal məşqlər idi. Məşqlərdən narazılıq olmayıb. Elə bir şey yoxdu. Əksinə, yaxşı məşqlər idi, xüsusən də taktika baxımından. Düzdü, ilk dəfə yığışanda bir qədər çətinlik olur. Daha çox taktiki məşqlər keçilirdi ki, komanda bir-birinə uyğunlaşsın.

– Yeri gəlmişkən, De Byazinin yığmada etdiyi dəyişikliklərdən biri də taktika ilə bağlıdı. Necə düşünürsən, əvvəlki məşqçilərin taktikasından daha uğurlu saymaq olar?

– Bu barədə nəsə deməyim düzgün olmaz. Əlbəttə, məşqçi hər oyuna uyğun taktika müəyyənləşdirir. Rəqibə görə taktika seçir. Bu gün bir, sabah fərqli oyun qura bilər. Əvvəlki taktika ilə də yaxşı oyunlar keçirmişik. Oyunçuların göstərdiyi performansdan da çox şey asılıdı. Əlbəttə, taktikanın da öz yeri var. Hər oyuna uyğun məşqçi analizlər aparır.

– Futbolçularımızın fərdi bacarıqlarını nəzərə alsaq, bu taktikanın yığmanın oyun üslubuna daha çox uyğun gəldiyini deyə bilərik?

– Bu haqda heç nə deyə bilmirəm. Çünki məşqçi hansı taktikanın oyunumuza uyğun gəldiyini daha yaxşı bilir.

– Millətlər Liqası üçün yığmanın ilk heyəti açıqlananda sənin adın B siyahısında idi. Yəni, ehtiyat heyətdə yer almışdın. Sonradan bəzi legionerlər gəlmədiyi üçün məşqçi adını A siyahısına saldı. İlk oyunda da məhz sənin ötürməndən sonra Şeydayev qol vurdu. Kiprlə qarşılaşmada da yaxşı təsir bağışladın. Baxmayaraq ki, hər iki oyunda sonradan meydana çıxmışdın. Düşünmək olar ki, bəzi yerli futbolçuların heç də legionerlərdən geri qalmadığını məşqçinin və AFFA-nın nəzərinə çatdırdın?

– Bununla bağlı danışmaq istəmirəm. Amma fərqi yoxdu istər yerli, istərsə də legioner olsun. Əsas odur milliyə xeyir versin. Xaricdə oynayan öz oyunçularımız olsa daha yaxşıdı. Legionerlərimiz nə qədər çox olsa, milliyə o qədər faydası toxunar. Fərqi yoxdu, ya mən, ya da başqası oynadı.

– Yığmada təcrübəli futbolçulardan sayılırsan. B siyahısına salınmağını necə qarşıladın?

– Nə deyim? Normal qarşıladım. Məndən başqa futbolçular da var ki, dəvət olunmayıb. O demək deyil ki, mütləq yığmaya çağırılmalıyam. Məşqinin qərarıdı. Problem yoxdu, yığmaya dəvət almasaydım belə, qarşıdakı toplanışlarda bunun üçün çalışacaqdım.

– Qarşıdan Monteneqro ilə oyun gəlir. Hansı ki, iki oyuna 2 qələbə ilə qrup lideridi. Bu oyunla bağlı səni ən çox narahat edən məqamlar hansılardı?

– Narahat edən məqamlar?.. Əsas məqsədimiz qələbə qazanmaqdı. Hazırlaşmalıyıq, çempionat oyunlarında özümüzü yaxşı tərəfdən göstərməliyik ki, milliyə hazır gedək. Əlimizdən gələni edib, yaxşı çalışıb qrup liderliyini ələ keçirmək istəyirik.

– Ümumiyyətlə, bu tsikldən nə gözləyirsən?

– Qismətdi, bütün oyunlarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.