“Zəhər qalmaqalı”nın doğurduğu diplomatik böhran! – Çexiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağrıldı

129

Hurriyyet.org xəbər verir ki, Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka diplomatik qalmaqalla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılıb.

Nazirlikdə keçirilən görüşdən sonra açıqlama verən Pivonka Rusiyanın öz diplomatlarının qovulmasına qarşı cavab tədbirləri görəcəyini bəyan elədiyini bildirib.

Aprel ayının axırında “Respekt” həftəliyi belə bir informasiya yaymışdı: Rusiyanın diplomatik pasportunu daşıyan bir nəfər (iddialara görə, Praqadakı Rusiya səfirliyinin Elm və Mədəniyyət Mərkəzinin direktor müavini Andrey Konçakov) Praqaya gəlib, onun üzərində risin maddəsi tapılıb. Çexiyalı jurnalistlər zəhərli risin maddəsinin  üç siyasətçinin: Praqanın meri Zdenek Hribin və paytaxtın daha iki rəsmisi – Ondrey Kolar və Pavel Novotnının qətlə yetirilməsi üçün gətirildiyini iddia edirdilər. Moskva həmin vaxt bu iddiaları qondarma adlandıraraq rədd etmişdi. Bu xəbərlərlə əlaqədar Çexiya rəsmiləri Kolar, Hrib və Novotnıya daimi polis mühafizəsi ayrılmışdı. Bu üç siyasətçi müəyyən dərəcədə Moskvanı qəzəbləndirən hərəkətlərə yol vermişdilər: onlar sovet marşalı İvan Konevin Praqanın mərkəzi parklarından birindəki abidəsinin demontajını, həmçinin, Rusiya səfirliyinin qarşısındakı meydanın Boris Nemtsovun şərəfinə adlandırmasını dəstəkləmişdilər.

Bu xəbərdən sonra Çexiyanın baş naziri Andrey Babiş hökumətin iki Rusiya diplomatını ölkədən qovmaq qərarını verdiyini açıqlamışdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın kiminsə zəhərlədiyini isbat edən dəlillərin olmadığını bildirmişdi.

Çexiya prezidenti Miloş Zeman zəhərlənmə cəhdi ilə bağlı informasiyanın səhihliyinə şübhə ilə yanaşmışdı. Çexiyanın baş nazirinin birinci müavini və daxili işlər naziri Yan Qamaçek də polisin və xüsusi xidmət orqanlarının əlində fakt olmadığını etiraf eləmişdi.

Hurriyyet.org