ZƏFƏRİMİZİN ARƏSTƏSİ

294

Bu gün söz açacağımız qəhrəman şəhidimiz, Vətən Müharibəsinin tək xanım şəhidi, 2782 şəhid qardaşın tək şəhid bacısı Arəstə Baxışovadır. Arəstə xanım döyüşlərin ilk günündən irəli atılaraq, ən qaynar nöqtələrdə gözünü qırpmadan, qorxmadan yaralı döyüşçülərimizə tibbi yardım göstərir, şəhid və yaralılarımızı döyüş meydanından, güllə və mərmi atəşləri altından çıxarırdı.

Lakin o, Zəfər günümüzü görə bilmədi. Oktyabrın 23-də Qubadlı uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda, öz fədakar missiyasını yerinə yetirən zaman düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı bu Vətən qızı! Arəstə xanımın şəhadətindən beş ay 20 gün öncə 31 yaşı tamam olmuşdu. Iki azyaşlı övladını – Zəhra və Mərdanı anası Məktubə xanıma əmanət edərək, ön xəttə tələsmişdi. Əslən Xaçmaz rayonunun Qımılqışlaq kəndindən olub 04.05.1989-cu il tarixdə orada dünyaya gəlmişdi. İndi Zəhra və Mərdan da bizlərə əmanətdir, onlar yalnız mənsub olduqları ailənin övladları sayılmır artıq… Çünki anaları bir evdən çıxıb bir elin qızı, bir kənddən pərvaz edib bir xalqın qəhrəmanı oldu.

Qəhrəman tibb bacımızın bu fədakarlığı və qorxmazlığı haradan gəlirdi bəs? Atası Kərim Baxışov da hərbçi idi axı. Onun atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. “Çernobil qəzası”nda ağır yaralanaraq sağlamlığını itirmişdi. O, Arəstənin 4 yaşı olanda vəfat edir və atasızlıq niskiliylə böyüyür Arəstə xanım… A.Baxışova 8 illik təhsil şəhadətnaməsilə daxil olduğu Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” ixtisası üzrə pedaqoji təhsil almışdı.

Ordu sıralarında 18 yaşından başladığı hərbi-tibbi xidmətinə baxanda da qürur duyuruq. Qəhrəman tibb bacımız Quru Qoşunlarındakı 14 illik hərbi xitməti dövründə “II dərəcəli qüsursuz xidmətə görə”, “Azərbaycan silahlı qüvvələrinin 90 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi” yubiley və b. medallarla təltif edilib.

Amma… Arəstə xanımın həyatı heç də asan, hamar olmayıb. Uğursuz ailə həyatı bir yana, anası və iki övladı ilə birgə yaşadığı mənzilin məişət şəraiti də ürəkaçan deyildi. Biləcəridə (Matadrom tərəfdə) köhnə, şəraitsiz, kiçik bir evdə yaşayırdılar… İndi həmin həyət evində anası və onun iki övladı, qardaşı və həyat yoldaşı, onların 2 uşağı yaşayır… 7 nəfərdən ibarət bu ailəyə, ehtiyac meyarları nəzərə alınaraq 400 manat məbləqində aylıq ünvanlı yardım təyin edilib. Şəhid övladlarının hamisi olan nənə isə qəyyum kimi aylıq 100 manat müavinət alacaq. Bunlarla yanaşı şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya və b. məlum təqaüd və müavinətlər veriləcəkdir.

Çavuş Arəstə Baxışova 44 günlük Zəfər savaşının yeganə xanım Şəhidi olaraq adını öz qanı ilə tariximizə və qəlbimizə yazdı. Məkanın cənnət, ruhun şad olsun, ey Şəhid həkimim! Qarabağ da, Arəstə Baxışova da Azərbaycandır!!

C.Alpoğlu ALBANTÜRK