Yüzdə birin mində biri

297

Və yaxud hakimiyyət həqiqətən də insanları axmaq edir?..

Zənnimizcə, onlar mahiyyətcə hakimiyyətə gəlməzdən əvvəl necə olublarsa həmin adamlardır. Sadəcə olaraq düşüncə, rəftar və münasibətlərini açıb göstərmək, tətbiq etmək üçün imkan, zərurət və fürsət olmayıb…

Bütün insanlar iki cür və üç növdürlər: sürü üzvləri, fövqəlfərdlər, onları 50 % dərk və yüz faiz hiss edənlər.

Birincilər bütün başqa canlılar kimi yalnız bioloji funksiya yerinə yetirmək üçün doğulur.

İkincilər  – ilk növbədə aramsız olaraq həyatın, varlığın və ən çox da insanların, cəmiyyətlərin, dövlətlərin mahiyyətini, mənasını və həqiqətlərini görmək və özünə heç bir divident gətirməyən və sürü üçün xoşagəlməz və dərkolunmaz olan yeni həqiqətlər, yeni mənalar, yeni anlayışlar, yeni səslər, yeni rənglər, yeni rollar, yeni lövhələr yaratmaq və nəhayət öz xeyirxah təbiəti və yaradıcılıq məhsulları və özləri üçün əsla sərfəli olmayan sarsılmaz xarakter və davranışları ilə fərqlənirlər.

Üçüncüləri ikincilərin işığına gələn pərvanələrə bənzətmək olar ki, bəziləri öz funksiyalarını yerinə yetirməkdən imtina edirlər.  Sürü əhlinin beyni tamamilə qidalanmağa, cinsi tələb və nəsil artırma habelə, qoruma neyronlarından ibarətdir ki, daha çox itlər, pişiklər, siçovullarla qohumdurlar, nəinki digər iki növ insanlarla. Onlar ağalarına it kimi sadiq, eyni zamanda pişik kimi mahir oğru və siçovul (kəsəyən) kimi acgöz və amansızdırlar. Heç nəyin mahiyyətini axtarmayan, hətta axtarmaqdan zəhləsi gedən, təbliğat köləsi və dayağı olan, dayazlığa və bəsitliyə səcdə qılan və nəticədə dilənçilik və əsarət səltənətində deyil, hətta  ABŞ kimi azadlıq, firavanlıq səltənətlərində də, yağlanmaq və piylənməkdən Rusiya kimi əbədi əsarət konslagerlərinə rəğbətləri olan ölkələrdə də, kütlə yəni sürü tamamilə düşüncə mənbəyi olan neyronlardan məhrumdurlar. Qəribə orasıdır ki, bu nəhəng azadlıq və firavanlıq ölkəsində qüdrətli hakimiyyət səlahiyyətləri olan F.D.Ruzvelt, B.Obama, D.Tramp və başqaları kimi prezidentlər öz beyin ehtiyatları ilə sürü əhlindən nəinki qətiyyən fərqlənmir hətta, daha aşağıdadırlar. Bu Obama və tramplar ona görə beyinsizdirlər ki, İran farslarına (farslara ha!) neçə milyard dollar verdilər ki, nüvə bombası tədqiqatlarını məhv edilməsinə xərcləsinlər. Farslar və onlardan da pis olan farslaşmış İran türkləri bu pulu nüvə tətqiqatı işlərinin daha da sürətlənməsinə xərclədilər. Və əgər bəsirətli İsrail dövləti olmasaydı, İran Rusiyanın köməyilə çoxdan atom bombasını yaradıb elə o dəqiqə də bir neçə şəhəri külə döndərəcəkdilər. Bilirsizmi hansı şəhərləri? Əlbəttə, Təbriz, Ərdəbil, Qəzvin və başqalarını. Və özləri də guya etiraf edəcəkdilər ki, bu, Amerika sionistlərinin əməlidir. Və hətta həmin günü matəm günü kimi qeyd edəcəkdilər. Ümumiyyətlə isə İranda bu hadisə gec-tez mütləq baş verəcək.

Bütün başqa canlılar özlərini ətraf mühitə uyğunlaşdırıblar. Bu zərurəti hiss edən heyvan orqanizmləri hüceyrələr və neyronlar vasitəsilə bu uyğunlaşmanı yaradıblar. İnsanları sürən təbiət və ZƏRURƏT daha mürəkkəb yol seçərək insanlar üçün ətraf mühiti özlərinə uyğunlaşdırmağı tətbiq ediblər. Və nəticədə bütün dünyada ətraf mühit sürətlə öz bütün əzəli faydalılığını, gözəlliyini və bakirəliyini itirməkdədir. Lakin insanlar hələ o dərəcədə çox deyillər. Ona görə proses davam edir.

Kütlə məhv etməklə fövqəlfərdlər isə sivilizasiya yaratmaqla məşğul olurlar. Ən öndə filosoflar, mütəfəkkirlər, şair və nasirlər, bəstəkarlar, rəssamlar, artistlər, memar və heykəltəraşlar və eləcə də, böyük elm nəhəngləri və ixtiraçılar gəlir.

Bunlar bütövlükdə südün qaymaqlarıdır. Qalan 99,99-ları isə qaymağı alınmış südə bənzətmək olar. Bu cür süd isə orqanizm üçün tədricən zəhərə çevrilir. Sürü fövqəlfərdlərin kəşflərindən və ixtiralarından faydalanıb hər cür şəraitdə xoşbəxt ola bilirlər. Filosof və mütəfəkkirlərin düşündükləri, kəşf etdikləri sərvətlər isə onlar üçün tamamilə anlaşılmaz və faydasız şey hesab olunur. Ona görə Platon və Aristotellərin, Kant, Şopenhauer, Spenser, Qobino, Lebon, Nitşe, Berqson və başqalarının təfəkkür şedevrləri isə onlar üçün tamamilə anlaşılmaz və buna görə heç nədir. Təbiət sanki xəmirdən nəsə yoğurub yapır və yuxarıda qeyd etdiyimiz kimi kündələrin həddindən çox cüzi hissəsi küt gedir. Bunlar isə Platon, Nitşe, Kafka kimilərdir.

Atomlar, hüceyrələr, neyronlar gözə görünmür. Çünki təbiət insanların onları görməsini istəməyib. Niyə istəməyib? Ona görə ki, ora burun soxmasınlar. Amma insanlar görmək üçün “göz” yaradıblar. Və hər şeyi görüb, hər yana burun soxurlar. Nəticədə həyat, canlı aləm fəlakətlə üzləşib gedir, qabağını almaq artıq müşkül iş olub. Və hətta hansı vasitəylə mümkün olacaqsa bu artıq müasir, hazırkı insan olmayacaq.

Bu belə. Keçək əsas məsələlərə. Cənab təkamül hələ mağara dövründən xalqlar, ölkələr üçün bir sıra sağlam düşüncəyə və cəmiyyətlər ən əsası isə fövqəlfərdlər üçün fəlakətli qanunlar qoyub. Ən əsası ölkələrdə heç vaxt hakimiyyət kürsülərində ağıllı, doğruçu, namuslu, ədalətli və xeyirxah şəxslər oturmur. C.Vaşinqton,  M.Tetçer, R.Reyqan tamamilə təsadüfi mənzərədir. Və ümumi mənzərəni qətiyyən dəyişə bilmir. Hər yanda, yəni bütün dünya ölkələrində əgər indiyə kimi minlərlə xan, firon, çar, şah, sultan, imperator, baş nazir, kansler, prezident hökmranlıq etmişsə demək olar ki, hamısı və ya böyük əksəriyyəti ağıldankəm, zülmkar, yalançı, riyakar, həyasız və hətta yarımdəli məxluqlar olublar. Hətta qanuni yolla xalq tərəfindən seçilənlər və sevilənlər bu keyfiyyətlərin daha böyük daşıyıcısı olublar. Yəni nə qədər riyakar və zülmkar olublarsa daha çox seviliblər.

Psixoloqlar yekdilliklə belə hesab edirlər ki, hakimiyyət onların düşüncə və rəftarını dəyişir. Lakin tamamilə yanlış fikirdir. Bizim zənnimizcə, onlar mahiyyətcə hakimiyyətə gəlməzdən əvvəl necə olublarsa həmin adamlardır. Sadəcə olaraq düşüncə, rəftar və münasibətlərini açıb göstərmək, tətbiq etmək üçün imkan, zərurət və fürsət olmayıb.

İkincisi, hakimiyyətə layiq olan ağıl, ədalət, vicdan sahibləri bu səbəblər ucundan sürü tərəfindən heç vaxt sevilmir və bir qayda olaraq üstəlik hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq üçün çox zəruri olan iradə və qətiyyətdən məhrum olurlar.

Böyük Nitşe yazır ki, hakimiyyət axmaq edir. Böyük ustadın ruhundan üzr istəyib deyirəm ki, hakimiyyət axmaq etmir, o, daxildə, təhtəlşüurda yatmış axmaqlığı üzə çıxardır. Çünki əvvəlki vəziyyətindən fərqli olaraq indi axmaqlığı gizlətməyə lüzum yoxdur. Axmaqlıq artıq zərər gətirmir, əksinə xalqa, kütləyə, sürüyə ləzzət verir. Bu yırtıcı bığsız və ya bığlı tarakanlar hakimiyyətə gələn kimi ölkənin bütün resurslarını yalnız bir məqsədə – ölkədə fövqəlbəşərlərin məhvinə və ya ehtiyac bataqlığında və bu səbəbdən əmələ gələn xəstəliklərdən qırılıb getmələrinə sərf edirlər. Ölkə həyatında həqiqətin kökünü kəsmək üçün həqiqətpərəstləri yox etmək üçün bütöv cinayətkar prokuratura, məhkəmə və polis sistemi şəbəkəsi yaradılır və buna sərf olunan xərclərə qətiyyən məhdudiyyət qoyulmur.

(Ardı var)

Əlisa  NİCAT