Yunanıstan Aİ ilə Türkiyənin arasına hasar çəkməyə başlayır

75

Hurriyyet.org xəbər verir ki, Yunanıstan Avropa İttifaqının xarici sərhədlərini müdafiə eləmək üçün Türkiyə ilə quru sərhədində 26 km uzunluqda böyük sədd ucaltmağa hazırlaşır. Evros rayonunda möhkəm polad barmaqlıqlardan ibarət 5 metr hündürlüklü hasarın çəkilməsinə başlanılıb. Hasarın çəkilməsini 2021-ci ilin aprelində başa çatdırmaq nəzərdə tutulur.

Bu gün keçirilən brifinqdə yunan hökumətinin rəsmi təmsilçisi Stelios Petas deyib: “Hazırda sərhəddə 26 km uzunluğa malik yeni sədd çəkilir, 10 km uzunluqdakı köhnə hasarlar isə yenilənir. Yeni səddin çəkilməsi ölkəmizin suveren hüquqlarının müdafiəsinə xidmət edir və Yunanıstanın Avropanın xarici sərhədlərini müdafiə elədiyi barəsində hamıya aydın siqnal verir. Bu sədd həm də sel sularından müdafiə rolunu oynayacaqdır”.

Yunanıstan həm də ölkə sərhəd xidmətinin əməkdaşlarının sayını artırmaqdadır.