Yüksək texnologiyanın fantastik təzahürü Bakı səması bu yeniliyə hazırdır?

84

Yüksək səviyyəli texnologiyalara keçid elmi-texniki inqilabın mühüm göstəricisidir. Çünki o daha mütərəqqi və elm tutumludur. Bunları Azərbaycana gətirmək məqsədilə ölkəmizdə elm tutumlu sənayenin inkişafına xidmət edən tədqiqat mərkəzləri yaradılır, gələcəyin təkamül sənayesi formalaşdırılır.

Bəs, Azərbaycan bu sahədə istənilən yeniliyə hazırdır? Məsələn, son günlər Yaponiyada uğurla nəticələnən test uçuşu, fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillərin artıq real olacağından xəbər verir. Maraqlıdır, Bakı səmasında uçan avtomobilləri nə vaxt görə biləcəyik?

Ted.az bildirir ki, mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, uçan avtomobil sözü ilk baxışda sadə görünsə də, onun tətbiqi üçün xeyli  problemlər var: “Bunlar Amerikada, Yaponiyanın özündə də mövcuddur. Ancaq Azərbaycanda özünü daha qabarıq büruzə verir. Bu ideyanı gerçəkləşdirmək istəyən dövlətlər öncə hüquqi problemlə üzləşirlər. Bu nəqliyyat vasitəsinin hüquqi statusu nədir: Avtomobil, təyyarə, yoxsa helikopter? Çünki o, kombinə olunmuş cihazdır. Quruda hərəkət edə bilir, helikopterdən fərqli olaraq istənilən yerə eniş edir, eyni zamanda səmada da uçur. Hüquqi statusu aydınlaşdıqdan sonra istifadə qaydaları müəyyənləşdirilməlidir. İstifadəçinin statusu, pilot, yaxud sürücü olduğuna aydınlıq gətirilməlidir. Bu avtomobili adi sürücülük vəsiqəsi ilə idarə etmək olmaz. Onlara dair ölçü, meyar, texniki tələblər tərtib olunmalıdır. Nəhəng, uçan aparatın səmaya qaldırılması da təhlükəlidir”.

Ekspert qeyd edib ki, bunun üçün həm də mükəmməl hava naviqasiya sistemi olmalıdır. “Yerdə hərəkət edən avtomobil ətrafına baxaraq yolu müəyyənləşdirə bilir, havada isə bu mümkün deyil. Avtomobilin enib – qalxacağı yerlərə dair yerüstü infrastruktur olmalıdır. Daha bir ciddi məsələ isə həmin vasitələrin texniki baxımdan da hazır olmamasıdır, hələlik test mərhələsindədirlər. Texniki və təhlükəsizlik məsələləri tam həll olunandan sonra növbəti problem ortaya çıxacaq. Məsələn, onlara qulluq səbəbindən bu gün elektrik mühərrikli avtomobilləri kütləviləşdirə bilmirik. Elektrikli avtomobillər 100 ildən çoxdur, var, yalnız ekoloji məsələlərə görə, kütləviləşdirilir. İnfrastruktur, enerji təminatı, qulluq məsələləri isə onların Azərbaycanda kütləviləşməsinə imkan vermir. Həmçinin baha olduğu üçün ölkəmizdə geniş istifadə olunmur”.

Ə. Hüseynov uçan avtomobillərin qiyməti,  əlçatanlığının da sual altında olduğunu vurğulayıb: “Qiymətinin hər kəs üçün əlçatan olacağı inandırıcı deyil. Helikopter və təyyarə qiymətinə olmasa da, adi, orta statistik avtomobildən dəfələrlə baha olacaq. Amma fikrimcə, belə ideya və yeniliklərə həmişə hazır olmalıyıq. Texnologiya elə sürətlə inkişaf edir ki, ola bilər, bu avtomobillər 3-5 il ərzində idarəetməsi asanlaşdırılmış və qiyməti ucuzlaşdırılmış variantda kütləvi yayılmağa başlasın və ölkəmizdə də istifadə olunsun. Ona görə, indidən beynəlxalq təcrübəni izləməliyik. İşə elə hüquqi məsələlərdən başlamaq olar. Tədricən ən azından ideya, düşüncələrimizdə uçan avtomobilləri görməyə, onlardan istifadəyə hazırlaşmalıyıq”.