“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA

51

Artıq bir neçə gündür ki, ölkədə yeni növ koronavirusa yoluxanların sayı ilə bağlı artım müşahidə edilir. Karantin qaydalarının yumşaldılmasından sonra baş verən bu artım ağıllara ilk olaraq ikinci dalğanın yaranma ehtimalını gətirir. Birdən-birə koronavirusa yoluxanlarının sayının artmasını ikinci dalğa hesab etmək olarmı?
Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı yeniavaz.com-a danışan tibb üzrə ekspert Adil Qeybulla artıq ölkədə koronavirusun ikinci dalğasının müşahidə edildiyini qeyd edib: “Bu artımın olması artıq ikinci dalğa deməkdir. Bunun başqa adı yoxdur. Əgər enən xətt üzrə gedən prosses getdikcə alovlanırsa yoluxmanın daha da artması qaçınılmazdır. Bunun da səbəbi insanların koronavirusu artıq tanımamış şəkildə hərəkət etməsi, karantin qaydalarına əməl edilməməsidir. Xüsusilə Gəncədə olan artım buna bağlıdır. Təhlükəli məqam ondan ibarətdir ki, virusun rayonlarda yoluxma ehtimalı daha çoxdur. Bilirsiniz ki, bəzi rayonlarda yoluxma ümumiyyətlə qeydə alınmadı, bu da karantin tədbirlərinin hesabına baş verdi. Lakin bilmək lazımdır ki, bizdə kollektiv immunitet hələ yaranmayıb. Bu da daha çox insanın xəstələnməsi riskini yaradır.  Birdən-birə karantin qaydalarının pozulması isə çox ciddi məsələdir”.
Adil Qeybulla yeni növ koronavirusa qarşı maska taxmağın vacibliyini vurğuladı: “İstər soyuqdəymə, istərsə də koronavirusun digər növləri heç vaxt özlərini bu cürə aparmayıblar. O baxımdan da ehtiyyatlı olmaq lazımdır. Koronavirusun ikinci dalğası bir çox insanın karantinə götürülməsi, tibb işçilərin fasiləsiz iş rejimi, ölkədə uzun müddət karantin müddəti, ölkənin iqtisadiyyatının donuq vəziyyətdə qalması deməkdir. Küçəyə çıxanda insanların maskasız gəzdiyinin şahidi oluram. Başa düşmək lazımdır ki, bir nəfər xəstə olan şəxs yanından ötüb keçən hər bir kəsi yoluxdura bilər. Hamıda vətəndaş məsuliyyəti olmalıdır. Bunun qarşısını almaq üçün iki yol var. Ya karantin qaydalarını pozan, maskasız gəzən şəxslər cərimələnsin, ya da karantin qaydaları daha da sərtləşsin”.
Qeyd edək ki, bu günə qədər ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1508 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 526 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.