Yoluxma sayı azalır, insanlar virusla birgə yaşamağa öyrəşir

123

“Bu epidemiyanın başlanğıcı olduğu kimi, sonu da olacaq. Sadəcə, məsuliyyətli olmaq lazımdır”

Artıq aylardır ki, insanlar koronavirusla birgə yaşamağa öyrəşib. Pandemiyanın ilk vaxtlarında əhali qorxu, təlaş içində idi. Bu dönəmlərdə hətta evdən çölə çıxmağa belə cürət etməyənləri bu gün hətta açıq məkanlarda maskasız çöldə görmək mümkündür. İnsanlar arasında sanki bir arxayınlaşma müşahidə olunur. Bəs, bu, yoluxma sayının artmasına səbəb olmayacaq ki? Nəzərə alınsa ki, məktəblər də açılıb, bunun nə dərəcədə təhlükəli olması anlaşılandır.

Qeyd edək ki, bir gün öncə  Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) dünyada 15-49 yaş arasında insanlarda COVID-19 hadisələrində artım olduğunu açıqlayıb. ÜST-ün COVID-19 üzrə xüsusi nümayəndələrindən biri olan David Nabarro koronavirus pandemiyasının yeni başladığını və nəticələrin hər hansı bir fantastik filmdən daha pis olacağını söyləyib: “Vəziyyət həqiqətən ciddidir. Hələ ortada deyilik. Virusun dünya miqyasında nəticələrinin başlanğıcındayıq və şəxsən inanıram ki, həqiqətən bunun çox mənfi təsiri olacaq”, deyə açıqlamasında bildirib.

“Yeni Müsavat”ın əməkdaşı mövzu ilə əlaqədar həkimlərin münasibətini öyrənib.

“Dünyada 3-cü dalğanın yaranmasına səbəb insanların arxayınlığı oldu”

Fərrux Sədirov - Publika.Az

Fərrux Sədirov 

Bizimlə söhbətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov  yaranan bu vəziyyətdən narahatlığını ifadə edib: “Mən həmişə vurğulayıram ki, əsas yumşalma karantin tədbirlərində deyil, əsas beyinlərdə olan ”yumşalma”dır. İnsanlar vəziyyətə zaman keçdikcə alışır, adi hal kimi yanaşırlar. Artıq baş verənlər gündəlik həyat tərzinə çevrilib, hər gün ölüm xəbərlərini eşidir, hər gün yoluxma sayı eşidir, bu da onlara kliniki bir hadisə kimi görünməyə başlayır. Belə olunca istər-istəməz ehtiyat tədbirləri azalmağa başlayır. Ən pisi bax, budur. Dünyada 2-ci, 3-cü dalğaların yaranma səbəbi də insanların arxayınlaşması ilə bağlıdır. Pandemiyanın ən pik vaxtında bir-iki ay qoruna bilirik, ən kiçik nüansı belə gözdən qaçırmırıq, amma zaman keçdikcə artıq diqqət etməməyə başlayırıq. Bu isə çox böyük fəsadlara səbəb ola bilər”.

F.Sədirovun sözlərinə görə, gigiyena və fərdi qoruma vasitələrindən istifadə etməmək dünyanın hər yerində yoluxmanı artıran bir nömrəli faktordur: “Pandemiyanın ilk dönəmləri ilə müqayisədə bizim vətəndaşlarda nisbətən fərdi qoruma vasitələrindən istifadə artıb. Düzdür, istənilən səviyyədə deyil, amma  müsbət bir dinamika var”.

TƏBİB nümayəndəsi onu da əlavə edib ki, məktəblilər arasında yoluxma faktı  olmayıb: “Hər gələn xəstədən anamnez alırıq. Hələ ki, məktəblərdən yoluxan, şübhəsi olan xəstəmiz olmayıb. Yəni övladından yoluxan bir xəstəmiz də olmayıb. Məktəblərin açılması yoluxma sayına təsir etməyib. Digər xəstəxanalarla da informasiya mübadiləsi aparırıq, onlarda da məktəbdən yoluxma faktı qeydə alınmayıb”.

“Maskanı taxır, burun çöldə qalır…”

HEPATİT C HAQQINDA HER ŞEY: HƏKİMLƏ ƏLAQƏ

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, son günlər yoluxma sayının  az olması insanlarda arxayınlıq yaradıb: “Amma yoluxmada əsas rol oynayan məsələ insanların fərdi şəkildə infeksiyadan qorunma qaydalarına əməl etmələridir. Təbii ki, arxayınlığın olması virusa yoluxmanı artıracaq. Çünki dövlət tərəfindən nə qədər tədbirlər görülsə də, fərdi şəkildə insanlar maskalardan istifadə etməsələr, sosial məsafəni gözləməsələr müsbət nəticə olmayacaq. İnsanlar maskanı taxır, burun çöldə qalır, yalnız ağızlarını örtürlər,  yaxud da çənəyə taxırlar. Hər dəfə bunun şahidi oluruq, xəstələri hər görəndə deyirik ki, düzgün istifadə edin. İnsanların bunu anlayaraq əməl etmələri çox vacibdir”.

M.Əliyev də məktəblilər arasında yoluxmanın olmadığını bildirib:  “Məktəblərdə şagirdlərin hərarəti hər gün ölçülməlidir. Kimdəsə hərarət olarsa, həmin şəxs tez bir zamanda təcrid olunmalıdır”.

“COVID-19-dan qorxanın yaşamaq ehtimalı daha çoxdur”

Özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzini dəyişdi, həm də  onların psixoloji qeyri-sabitliyini üzə çıxardı - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Fuad İsmayılov

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə bildirib ki, COVID-19-dan qorxan insanların yaşamaq ehtimalı daha çoxdur, nəinki qorxmayıb, cəsarət edənlərin: “Əslində qorxuya, təşvişə səbəb var. Dünyada minlərlə insan bu xəstəlikdən vəfat edir. Şükür Allaha ki, bizim dövlət orqanları şərait yaradıb ki, karantin şəraiti var, insanlar qorunurlar. Amma təhlükəli məqamdır. Mən desəm ki, qorxmaq lazım deyil, təşvişdə olmaq lazım deyil, cəsarətli olun, gəlin koronavirusu öldürək. Bu, yalan olar.

Əlbəttə, uzun müddət evdə oturmaq bir az depressiya yarada bilər, darıxma ola bilər. Bunu da nəzərə alın ki, biz tək deyilik, baxın Fransa da, İtaliya da, İspaniya, İran da bu vəziyyətdədir. Bilməlisiniz ki, bu epidemiyanın başlanğıcı olduğu kimi, sonu da olacaq. Sadəcə, məsuliyyətli olmaq lazımdır. Virus daşıyıcısı kimi kimisə yoluxdura bilərsiz”.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına  117 yeni yoluxma faktı qeydə alınıb,  135  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  1 nəfər vəfat edib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”