YOL POLİSİ 20 MANAT CƏRİMƏ YAZDI, İŞ APELLYASİYA MƏHKƏMƏSİNƏ GETDİ…

    12

    Zaur Nəcəfov: “Yasamal rayon Polis İdarəsinin qərarını doğru hesab etmirəm”

    “Piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır”

    Piyadaların, sürüclərin hüquqları ilə bağlı daima yazılsa da, bu mövzu diqqət mərkəzindədir. Çünki Bakı şəhərində bəzən piyadalar, bəzən də sürücülər yol hərəkəti qaydalarını pozurlar, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etmirlər, o zaman isə Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən cərimələnirlər. Amma bəzən həm sürücülərin, həm də piyadaların hüquqları pozulur, buna isə diqqət yetirən olmur. Piyada kimi hüququ pozulduğunu və məhkəmələrdə hüququnu qoruya bilmədiyini iddia edən Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, məhəllə 528, ev D, mənzil 44-də yaşayan Zaur Nəcəfov “Hürriyyət” qəzetinin redaksiyasına gələrək bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı Həsənov Elnur Həsən oğlu tərəfindən 27 dekabr 2016-cı il tarixdə yolu keçən zaman qanunsuz olaraq saxlanılıb və barəsində protokol yazılıb.

    Şikayətçinin sözlərinə görə, həmin protokol əsasında onun barəsində Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) inzibati təcrübə üzrə inspektoru, polis mayoru Məmməd Əliyev tərəfindən İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədilə 12 yanvar 2017-ci ildə 707381 saylı qərar çıxarılıb. Həmin qərarla Z. Nəcəfov 20 manat cərimə olunub.

    “İnzibati xəta tərtib olunan yerdən sağ və sol tərəfə 300 metr olmaqla keçid yoxdur”

    “Elnur Həsənov protokolda əsaslandırıb ki, guya, mən qeyd olunan tarixdə yolun hərəkət hissəsini müəyyən olunmayan yerdə keçmişəm. Amma mən həmin qərarı əsassız hesab edirəm, həmin qərar ləğv edilməlidir. Çünki həmin inzibati xəta tərtib olunan yerdən sağ və sol tərəfə 300 metr olmaqla keçid yoxdur. Mən də bu səbəbdən avtomobil yolunda hərəkətin olmadığını nəzərə alaraq yolu keçmişəm. “Yol hərəkəti haqqında” qanuna görə, avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır. Məhz bu səbəbdən də Yasamal RPİ DYPŞ 707381 saylı qərarını doğru hesab etmirəm”, -dedi şikayətçi.

    Z. Nəcəfov vurğuladı ki, maddi cəhətdən imkanı və hüquqi savadı olmadığına görə, Yasamal RPİ DYPŞ 707381 saylı qərarı ilə bağlı vaxtında məhkəməyə müraciət edə bilməyib: “Dövlət hesabına vəkillə təmin olunmaq üçün Yasama rayon məhkəməsinə müraciət etdim. Lakin bu günə kimi müraciətimə cavab verilməyib. Sonradan Yasamal RPİ DYPŞ-nin 707381 saylı 12 yanvar 2017-ci il tarixli qərarından şikayət vermək üçün müəyyən edilmiş prosessual müddətin bərpası üçün Yasamal rayon Məhkəməsinə müraciət etdim. Yasamal rayon Məhkəməsinin hakimi Ələdddin Cəfərəv qərar çıxardı və mənim Yasamal RPİ DYPŞ-nin 707381 saylı 12 yanvar 2017-ci il tarixli qərarından şikayət vermək üçün müddətin bərpa olunmasına dair vəsatətimi rədd etdi. Qərarda da göstərilir ki, müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür”.

    “Apellyasiya Məhkəməsi də şikayətimi təmin etmədi”

    Z. Nəcəfov onu da diqqətə çatdırdı ki, avqustun 8-də Yasamal rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli qərarının apellyasiya icraatı qaydasında ləğv edilməsi və Yasamal RPİ DYPŞ-nin qərarından şikayət verimək üçün müəyyən olunmuş müddətin bərpa olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: “Ancaq Apellyasiya Məhkəməsi də Yasamal RPİ DYPŞ-nin 707381 saylı 12 yanvar 2017-ci il tarixli qərarından şikayət verməyim üçün müddətin bərpa olunmasına dair şikayətimi təmin etmədi, Yasamal Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli qərarını dəyişdirilmədən saxladı”.

    Apellyasiya Məhkəməsinin qərarında göstərilir ki, İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsinin, 1-ci bəndinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət 10 gün müddətində verilə bilər.

    Şamo EMİN, Hurriyyet.org

    P.S. Mövzunu araşdıracağıq.