“Yığdığınız mal-dövlət sizi xoşbəxt etməyəcək”

759

İdris Abbasovdan İsa Həbibbəyli haqqında sərt yazı…

“O mal-dövlət bizim çörək pulumuz, qışın bu günündə kommunal xərclərimiz, dərdimiz-sərimiz, dərmana, həkimə verəcək pulumuzdur” 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov özünün “Facebook” səhifəsində AMEA-nın vitse-prezidenti İsa Həbibəyli haqqında yazı paylaşıb. AMEA-dakı mövcud vəziyyəti göz önünə sərən həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik:

“İsa Həbibbəyli! Alim həmkarınızın çətin vəziyyətinə necə sevinə bilirsiniz?! Təəssüf ki, sayənizdə mənə çox haqsızlıqlar və zülmlər edilir!

Sirr deyil ki,  Ramiz Mehdiyevə (AMEA-nın Prezidenti) ən yaxın adam sizsiniz. Mənə qarşı haqsızlıq etdiyinizi ona çatdırın! Deyin: “Akademik Tofiq Hacıyevin vəfatından sonra İnstituta qoyduğumuz direktor və Elmi Şuraya yerləşdirdiyiniz üzvlər vasitəsilə, dəstə marağına xidmət etmədiyi, sirlərimizi mətbuata dediyi üçün, İdris Abbasova  zülm etmişik. Onun əməyini mənimsəmişik, uşaqlarını dərman pulundan məhrum etmişik, eyni zamanda bizə “ləbbeyk” deyib dövlət büdcəsinə ziyan vurmağı bacaran lüzumsuz plagiat əsər müəlliflərini mükafatlandırmışıq, zay tərcümələrə, ucuz işlərə böyük məbləğdə  pul silmişik, haqqı nahaqqa qurban verib dövlət müəssisəsini şəxsi marağımız naminə istismar etmişik, millətin övladlarını özümüzə baş əydirmişik. Elmin İnkişaf Fondunun rəhbəri də yaxınımız olub, istədiyimiz kimi qrant da almışıq, amma faydalı bir iş görməmişik, sözün əsl mənasında günah işlətmişik!”

Deyin, bunları, İsa müəllim, çəkinməyin! Bəlkə sizi eşidib üstünüzə hirslənə! Bəlkə, bəlkə, bəlkə də…

Heç olmasa, yaşınızın bu çağında tövbə edib həqiqəti söyləyin ki, Allah sizi əfv etsin, yoxsa sorğu-sualdan yaxa qurta bilməyəcəksiniz! Vallah, yığdığınız mal-dövlət sizi xoşbəxt etməyəcək, çünki o mal-dövlət bizim çörək pulumuzdur, qışın bu günündə kommunal xərclərimizdir, dərdimiz-sərimizdir, dərmana, həkimə verəcək pulumuzdur.

Nə olsun ki, sizin kimi “dahi” və imkanlı deyiləm. Və nə olsun ki, “89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin, 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifi” deyiləm. Və bir də nə olsun ki, toplam 1790 əsərinizin 90 faizi mənim bir əsərimə dəyməz! Vallah, düz sözümdür və istəyiniz olsa, açıq müqayisə edə bilərik! Bu sayda “keyfiyyətli” əsəri 30 il eyni zamanda bir neçə vəzifə tutmaqla yazmaq Məlikməmməd nağılına inanmaq kimi bir şeydir. Xatırladım ki, həmkarınız Abel Məhərrəmovun “elmi” əsərinin toplam sayı 2102 (iki min yüz iki) idi! Guya heç kim bilmir ki, bunlar palavradır?! Heyf o vəsaitə, xalqın boğazından kəsib adınıza mənasız kağızlar sənədləşdirmisiniz. Vaxt gələcək, rektor ola-ola (hələ əlavə vəzifələrinizi demirəm) “yazdığınız şedevrlər” əleyhinizə şahidlik edəcək. Nə çaxır, nə dondurma, nə də digər alverlər köməyə yetməyəcək!”.

Hazırladı: KƏNAN