Yerli avtomobil istehsalını necə dirçəltməli… – ARAŞDIRMA

    21

    Ekspert: “Hədəfimiz hibrid və elektrik avtomobilləri olmalıdır, nəinki…”

    Azərbaycanın dövlət qurumlarının avtomobil parkı az qala bütünlüklə xarici istehsallı maşınlardan ibarətdir. Son vaxtlar bir neçə dəfə ayrı-ayrı məmurların – nazir, komitə sədri, icra başçılarının bahalı xarici xidməti avtomobil almasına dair faktlar ictimailəşdirilib. Neft gəlirlərinin sürətli axınının başladığı ilk illərdən başlayaraq hər il dövlət məmurlarının bahalı avtomobillərlə təminatı üçün dövlət büdcəsindən yüz milyonlarla manat sərf olunur. Bu qədər vəsaitin ölkədə qalmasına, yerli avtomobil istehsalının qurulmasına nail olmaq mümkündümü?

    Yerli istehsal, yoxsa sadəcə, yığım?

    Qeyd edək ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq ölkədə avtomobil istehsalını təşkil etmək üçün bir neçə dəfə cəhdlər edilib. İlk cəhd Gəncədə yerləşən Avtomobil Zavodu tərəfindən həyata keçirilib. Bu zavod qısa müddət ərzində sırf əlillər üçün nəzərdə tutulan OKA avtomobillərini yığıb. 2004-cü ildə zavodda VAZ 11113 “OKA” markalı avtomobillərin yığımına başlanılıb. Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavoddan gətirilən komplektləşdirici detallar əsasında OKA-nın 3 modeldə yığımı təşkil olunub. Avtomobilin yeganə alıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Səmərə vermədiyinə görə bu maşının istehsalı tezliklə dayandırılıb. Ümumilikdə, müəssisədə 314 OKA avtomobili istehsal olunub.

    OKA ile ilgili görsel sonucu

    OKA-dan sonra 2005-ci ildə müəssisədə “UAZ” avtomobillərin yığımına başlansa da, cəmi 243 maşın yığılandan sonra 2006-cı ildə bu proses də dayandırılıb.

    Gəncə zavodu ilə təxminən eyni illərdə Şamaxı Avtomobil Zavodunda yerli minik avtomobilinin istehsalına başlanıb. İran şirkəti ilə əməkdaşlıq şəraitində istehsal olunan “Azsamand” avtomobilləri 2005-ci ildən buraxılmağa başlandı. Avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxıda montaj olunurdu. Buraxılan avtomobil bazarda özünə müəyyən qədər yer tutsa da, 2010-cu ildən buraxılış dayandırıldı. Buna İran tərəfinin zəruri hissələri tədarük etməməsi səbəb oldu – hər halda, şirkətin əsaslandırmasında belə qeyd olunmuşdu. Mövcudluğu dövründə şirkət 1500-dən çox avtomobil yığdı və hamısını satmağa müvəffəq oldu.

    OKA istehsalı ile ilgili görsel sonucu

    Daha bir avtomobil istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdi. 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində imzalanmış sazişə əsasən, Naxçıvan şəhərində “LİFAN” markalı minik avtomobillərinin istehsalı təşkil olundu. 2015-ci ildə ölkə prezidenti hamını yerli avtomobil olan “NAZ Lifan” almağa səslədikdən sonra bir sıra dövlət qurumları zavoda sifarişlər yerləşdirdilər. “NAZ” alan qurumlar sırasına Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” və başqaları daxildir. “NAZ-lifan” avtomobillərinin qiyməti modelinə görə 14 min və 22 min manat arasında dəyişilirdi. Bəzi məlumatlara görə, dövlət qurumları ümumilikdə 270 ədəd “NAZ Lifan” alıblar. Bütün səylərə baxmayaraq, 2017-ci ildən “NAZ”da da yığım dayandı. Düzdür, müəssisə rəhbərliyi istehsalın dayanmadığını bildirsə də, zavodda yeni məhsul buraxılışı qeydə alınmayıb.

    Maraqlıdır ki, ötən ilin martında “NAZ”da istehsalın bərpa olunduğu, bunun isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında baş tutduğu elan edildi. Lakin nazirliyin yaydığı məlumatlardan aydın olur ki, ötən il əlillərə əsasən “Khazar” avtomobilləri verilib.

    khazar istehsalı ile ilgili görsel sonucu

    “Khazar” yerli istehsala çevrilə biləcəkmi?

    “Khazar” avtomobillərinin yığımına 2018-ci ildə İranın “Khodro” şirkəti ilə yerli “Azərmaş” MMC arasında bağlanmış müqavilə əsasında başlanıb. Neftçala sənaye məhəlləsində yerləşən zavod 25 milyon dollara başa gəlib. Müəssisənin illik istehsal gücü 10 min ədəd avtomobil təşkil edir. Avtomobillərin qiyməti 14-20 min manat arasında dəyişir.

    Ötən il zavodda 1500 avtomobil istehsal olunması nəzərdə tutulsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Zavod rəhbərliyinin verdiyi məlumata görə, bu sayın 95 faizi satılıb. “NAZ Lifan”da olduğu kimi, “Khazar” avtomobillərinin də əsas alıcısı dövlət qurumlarıdır. İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu, Dövlət Statistika Komitəsinin yerli idarələri və digər qurumlar var. Keçən ilin ikinci yarısından etibarən ƏƏSMN də müharibə əlillərinə avtomobilləri məhz bu zavoddan əldə edir. Sonuncu dəfə may ayında 50 “Khazar” avtomobili əlillərə təqdim edilib. Nazirliyin məlumatına görə, 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib.

    Ümumilikdə ötən il satılan “Khazar” avtomobillərinin 40 faizini dövlət qurumları, qalanlarını fiziki və özəl hüquqi şəxslər əldə ediblər. Əldə etdiyimiz məlumata görə, rayon icra hakimiyyəti başçılarının 1-ci müavinlərinə xidməti avtomobil kimi istisnasız olaraq “Khazar” verilir.

    Qeyd edək ki, zavodun planlarına əsasən, 2019-cu ilin sonunadək altı min avtomobil istehsal olunmalı, ildə iki min avtomobilin xaricə satılması təşkil edilməlidir. Eyni zamanda bu ilin sonunadək avtomobillərin detallarının 30 faizinin Azərbaycanda istehsalı təşkil olunmalıdır. Bu ilin fevralından zavodda “Peugeot” markalı avtomobillərin istehsalına başlanıb. Bu il həmçinin zavodda avtomat qutulu avtomobillərin istehsalına başlanması nəzərdə tutulurdu.

    “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovun mətbuata verdiyi məlumata görə, ilin sonunadək “Khazar” avtomobillərinin ilk partiyasının Rusiyaya ixracı baş tutacaq. E.Axundov həmçinin əlavə edib ki, avtomobillərin Ukraynaya ixracı üçün sertifikasiya tələb olunur: “Biz hazırda sertifikasiyadan keçirik”.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyununda Azərbaycanda 1112 ədəd minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 dəfə çoxdur. İyulun birinə onların 264 ədədi qalıb, qalanı satılıb. Rəsmi statistikadan da göründüyü kimi, Neftçala zavodu ilin ilk yarısında planlaşdırılan 6 min ədədlik istehsalın 20 faizinə belə nail ola bilməyib. Özü də müəssisə sənaye məhəlləsinin ərazində yerləşməklə dövlətdən vergi, gömrük və digər sahələrdə də ciddi dəstək alır.

    Biz gecikmişik, lakin…

    Qeyd olunanlar göstərir ki, hətta ən yüksək səviyyədə dəstək verilməsinə baxmayaraq, Azərbaycanda avtomobil istehsalının oturuşması mümkün olmur.

    İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, indiyədək həyata keçirilən cəhdlər yerli avtomobil istehsalının deyil, yığımının qurulması istiqamətində olub: “İstər Şamaxıda, istər Naxçıvanda, istərsə də Neftçalada qurulan müəssisələr istehsal deyil, yığımla məşğul olub. Beynəlxalq standartlara əsasən bir ölkədə buraxılan hər hansı məhsul o zaman yerli istehsal hesab olunur ki, onun xammalının – bizim halda detallarının azı 25 faizi həmin ölkədə istehsal olunsun. Azərbaycanda isə avtomobillərin bütün hissələri ya İrandan, ya da Çindən gətirilərək burada yığılır. Hətta korpus bütöv halda gətirilir, digər detallar ona bərkidilir. Bu baxımdan, buraxılan avtomobilləri Azərbaycan istehsalı saymaq mümkün deyil. Yerli istehsal olarsa, detallar Azərbaycanda istehsal edilərsə, bu, yan sənayenin də inkişafına təkan verər”.

    İqtisadçı hesab edir ki, hazırkı mərhələdə Azərbaycan hədəf olaraq ənənəvi yanacaqla işləyən avtomobillərin deyil, hibrid və ya elektromobillərin istehsalını götürməlidir: “Faktiki olaraq bizim əhatə olunduğumuz regionda avtomobil bazarı boş deyil. Orta Asiyadan tutmuş, Rusiya və Türkiyəyə qədər hər ölkə öz istehsalını qurub, idxala ciddi baryerlər tətbiq edib. Yəni Azərbaycanda istehsal olunan ənənəvi yanacaqla işləyən avtomobilin regionda bazar tapması çox çətin olacaq. Qlobal səviyyədə gedən proseslər göstərir ki, yaxın gələcək hibrid avtomobillər və elektromobillərin olacaq. Buna görə də Azərbaycan böyük dünya şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkədə hibrid və elektromobillərin müəyyən detallarının istehsalını qurmağa çalışmalıdır. Bu detallar ilkin mərhələdə neft məhsullarından əldə olunan detallar ola bilər. Daha sonra digər detalların da istehsalını və hibrid və elektromobil istehsalını qurmaq olar. Belə avtomobillərə bazar tapmaq elə də çətin olmayacaq – Orta Asiya, Rusiya, İran bazarı faktiki olaraq tamamilə boşdur”.

    N.Cəfərlinin sözlərinə görə, hibrid avtomobil və elektromobil istehsalını qurmaq da böyük elmi potensial, təcrübə və mütəxəssislər tələb edir: “Azərbaycan bu sahədə də xeyli gecikib. Buna görə də ən doğrusu bu olar ki, Azərbaycan belə avtomobillər üçün detalların istehsalından başlasın”.

    Neftçala zavodunun detalların 30 faizinin Azərbaycanda istehsalına nail olmaq planlarına gəlincə, iqtisadçı deyir ki, bu il ərzində buna nail olmaq real görünmür: “Bunun üçün yan sənaye formalaşmalıdır – o detalların xammalının istehsalı qurulmalıdır. Azərbaycanda belə bir yan sənayenin qurulduğu görünmür. Buna görə də arzu və niyyət olaraq doğru yanaşma olsa da, bu planın ən azı bu il reallaşması mümkün görünmür. Texnoloji olaraq istehsal edilən avtomobillər geridə qalmış olsa belə, detalların 30 faizinin Azərbaycanda istehsalına nail olunması müsbət addım olacaq. Lakin yenə də deyirəm ki, dünyanın diqqəti bu gün başqa avtomobillərdədir. Qonşumuz olan Gürcüstan dünyadakı meyli vaxtında qiymətləndirərək, Çinlə birlikdə hibrid və elektrik avtomobillərin həm detallarının, həm də özünün istehsalına başlamağa hazırlaşır. Biz də müasir dünyanın getdiyi yolu nəzərə alaraq addım atmalıyıq”./musavat.com/