Yerdəyişməsi aparılan şagirdlərin illik qiymətləndirilməsi bu qaydada aparılacaq

39

Ümumtəhsil məktəblərinin rəhbərlərinə şagirdlərin elektron yerdəyişməsi sisteminin dayandırılması ilə bağlı olaraq sorğuların tamamlanması və yerdəyişmə etmək üçün sorğu verən şagirdlərə illik qiymətləndirilmənin aparılmasına dair təlimat verilib.

Proqram təminatında yerdəyişmə ilə bağlı müxtəlif mərhələlərdə olan sorğuların tənzimlənməsi qaydasında bildirilir ki, “Məktəb tərəfindən sorğunun təsdiqi” mərhələsində olan sorğularla bağlı valideyn məktəbə müraciət etdiyi halda ona yerdəyişmə sisteminin mövcud vəziyyətlə bağlı müvəqqəti olaraq dayandırıldığı bildirilməli, şagirdin çıxmaq istədiyi məktəbdə illik qiymətləndirilməsi aparıldıqdan və proqram təminatı aktiv edildikdən sonra yerdəyişmənin mövcud sorğu əsasında davam etdiriləcəyi barədə məlumat verilməlidir.

“Məktəb tərəfindən sənədlərin verilməsi” mərhələsində olan sorğularla bağlı valideynlərə yerdəyişmə sisteminin mövcud vəziyyətlə əlaqədar olaraq müvəqqəti dayandırıldığı,  bu səbəbdən şagirdin illik qiymətləndirilməsi aparıldıqdan və yerdəyişmə sistemi aktiv olunduqdan sonra sənədlərin verilməsinin təmin ediləcəyi barədə məlumat verilməlidir.

Yerdəyişmənin axırıncı “Məktəb tərəfindən sənədlərin qəbulu” mərhələsində olan, əmr verilərək kontingentdən çıxarılmış və şəxsi işi valideynə verilmiş şagirdlərlə bağlı bildirilir ki, həmin şagirdlərin valideynləri ilə əlaqə saxlamanılmalı və şagirdlərin şəxsi işlərinin geri qaytarılması təmin edilməlidir. Kontingentdən çıxarılma əmrini qüvvədən salmaq üçün məktəb direktoru və ya təhsil şöbələri (idarəsi) tərəfindən yenidən əmr verilməlidir. Həmin şagirdlərin illik qiymətləndirilməsinin aparılması və qiymətlərin şəxsi işlərə yazılması təmin edilməlidir.

Şagirdlərin elektron yerdəyişməsi sistemi aktivləşdirildikdən sonra mövcud sorğuya əsasən həmin şagirdlərin şəxsi işlərinin özlərinə (valideyn və ya qanuni nümayəndəyə) qaytarılması və kontingentdən çıxarılması barədə yenidən əmr verilməsi təmin edilməlidir. Bu mərhələylə bağlı xüsusi qeyddə bildirilir ki, şagird eyni məktəb daxilində oxuduğu sinfi dəyişdiyi halda əmrin qüvvədən salınmasına ehtiyac yoxdur./apa/