“Yenidən Qərbin birliyinə ehtiyac duyulur” – ŞAHİN CƏFƏRLİ

33

“Co Bayden seçilərsə, transatlantik ittifaqın güclənməsi və təhdidlərə qarşı koordinasiyalı reaksiyası real olacaq”

“Alman kəşfiyyatı 5 il sonra sübut edib ki, Merkelə qarşı kiberhücum Rusiya kəşfiyyatının işidir.  2015-ci ildə QRU-nun hakerləri Merkelin Bundestaqdakı bürosunun kompüterlərinə daxil olaraq oradakı bütün sənədləri ələ keçiriblər. İndi xanım kansler deyir ki, Rusiyaya qarşı hansısa tədbir görəcəklər, amma o biri tərəfdən Putinlə strateji xarakterli enerji işbirliyi qururlar, hətta Amerikaya qəzəblənirlər ki, niyə “Şimal Axını-2” layihəsinə sanksiya tətbiq edir. Yəni Avropa hər zamankı Avropadır, Amerika gərək, el dili ilə desək, bunların ipini boş buraxmasın. Tramp Amerikanın onlara etdiyi misilsiz yardımları hərdən başlarına qaxmaqla düz edir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Şahin Cəfərliyə məxsusdur.

“Qərbi Almaniyanın çox sürətlə inkişaf etdiyini eşidən şərqdəki almanlar 1953-cü ildə üsyan qaldırdılar”

Ş.Cəfərli 75 il əvvəl baş verənləri xatırladaraq qeyd edib ki, ABŞ əvvəlcə SSRİ və Britaniyaya yardımları ilə, sonra isə bilavasitə öz ordusunu göndərməklə əvvəlcə Avropanı faşizmdən xilas etdi, sonra Avropanın (o cümlədən Almaniyanın) qərbini kommunizmdən qorudu: “ABŞ qısa müddətdə qərbdə denasifikasiya (alman toplumunu nasizmin təsirlərindən xilas etmək – Entnazifizierung) apararaq 1949-cu ildə ingilislər və fransızlarla birlikdə Almaniya Federativ Respublikası dövlətini təsis etdi, Marşall yardımları çərçivəsində onu dirçəltdi. Dörd il əvvələ qədər insanlığa qarşı dəhşətli cinayətlər törədən bir toplum qısa müddətdə azad, liberal-demokratik cəmiyyətə çevrildi. 1952-54-cü illər Paris və Bonn razılaşmaları ilə müttəfiqlər (ABŞ, Britaniya, Fransa) AFR-ə sərbəstlik verdilər və onu bütün Almaniyanın legitim təmsilçisi olaraq tanıdılar. Qərbi Almaniyanın çox sürətlə inkişaf etdiyini eşidən şərqdəki almanlar 1953-cü ildə üsyan qaldırdılar. Sovet hökuməti üsyanı boğsa da, savaş təzminatı (reparasiya) almağı dayandırmaq zorunda qaldı ki, yerli camaat bir az nəfəs alsın. Çünki Şərqi Almaniyanın geridə qalmasının səbəbləri müharibənin dağıntıları, sovetlərin qurduğu eybəcər sistemlə yanaşı, həm də o idi ki, SSRİ öz itkilərinin kompensasiyası kimi orada mövcud olan bütün sənaye müəssisələrini söküb aparmışdı”.

“Bu birliyin zəifləməsində Trampın da rolu var”

Şahinoğlu vurğulayıb ki, Almaniyanın inkişafı və birləşməsi ABŞ sayəsində gerçəkləşmiş bir hadisədir: “Bu gün Putin Rusiyası və Çin kimi təhdidlərin qarşısının alınması üçün yenidən Qərbin birliyinə ehtiyac duyulur. Bu birliyin zəifləməsində Trampın da rolu var. Payızda Co Bayden seçilərsə, transatlantik ittifaqın güclənməsi və təhdidlərə qarşı koordinasiyalı reaksiyası real olacaq”.

Şamo EMİN, Hurriyyet.org