Yeni stansiyaya general Polad Həşimovun adı veriləcək?

117

Bakı Metropoliteni QSC-nin rəsmisi məsələyə aydınlıq gətirib

Hazırda bənövşəyi xəttin Ceyhun Səlimov küçəsi və Hərbi Hospitalın qarşısında inşa olunan üçüncü stansiyasında tikinti işləri son mərhələsinə qədəm qoyub. Son tamamlama işləri aparılır. Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, hərəkətin təşkili ilə bağlı mövcud avadanlıqların böyük bir qismi ölkə xaricindən gətirilir: “Bütün dünyada pandemiya şəraiti olduğundan onların gətirilməsi həmin ölkələrdəki müəssisələrin fəaliyyətindən asılıdır. Həmin problemlər olmasa, hazırda şərti adı “B-03” olan stansiyanın ilin sonuna qədər təhvil verilməsi mümkündür. Tikinti ilə bağlı geoloji problemlərin olduğunu mütəmadi qeyd edirik. Geoloji problemlər yaranmasa, bu stansiyanın təhvil verilməsində hər hansı problem yaşanmayacaq”.

Bəxtiyar Məmmədov onu da bildirib ki, stansiyanın yol infrastrukturu artıq qurulub: “Onun qurulmasında da son tamamlama işləri aparılır. Belə olduqda elektrik deposunun mövcudluğu da mühüm əhəmiyyət kəsb edir. Hazırda Xocəsən istiqamətində, yəni “Avtovağzal”dan sonrakı mənzildə deponun inşası ilə bağlı işlər də sürətlə davam etdirilir. Deponun inşası üç mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qatarlara qulluq, xidmət və təmir işlərinin aparılması üçün lazımı infrostrukturun qurulmasıdır. Burada ən vacib məsələ Avrovağzal-Xocahəsən istiqamətində tunellərin qazılmasının başa çatdırılmasıdır”. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri həmçinin , metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatların dəqiq olmadığını da vurğulayıb.