“Yeni siyasi və iqtisadi sistem formalaşacaq” – Politoloq Qabil Hüseynli

75

Hər kəsi evinə çəkilməyə məcbur edən koronovirus pandemiyasının dünyanın simasını dəyişəcəyi şübhəsizdir.

Postkoronavirus dönəmində dünya əmələ gələn fəsadları aradan qaldırmağa çalışacaq. İqtisadi, siyasi, sosial və psixoloji fəsadlar ortalıqdadır. Bəllidir ki, hər şey dərhal dəyişməyəcək, amma dünya əvvəlki kimi də olmayacaq. Həyatın asanlıqla axarına düşəcəyinə inananlar da azdır. Karantindən sonra ölkələr üzrə ictimai-siyasi vəziyyət necə olacaq? Siyasi böhran yaşanacaqmı? Hansı ölkələrdə karantinsonrası sosial partlayışlar ola bilər?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, koronavirus sonrası dünyada özünəqapanma prosesi gedə bilər: “Bu, xüsusilə inkişaf etmiş, mədəni ölkələrə aid edilməlidir. Eyni zamanda postkoronavirus dönəmi yeni dünya düzəninin korrektələri ilə müşahidə edilə bilər. Qlobalizm tarixə qovuşacaq, neoqlobalizmlə əvəzlənəcək. Ola bilər ki, neoqlobalizm yeni bir anlayışla əvəz edilsin. Bu, dünyada gedən prosesləri küll halında özündə birləşdirən, əxz edən bir anlayış olsun. Postqlobalizm və yaxud neoqlobalizm dövrünə şahidlik edəcəyik. Neoqlobalizm dünya düzəni ilə yanaşı dövlətlərarası münasibətlərə də təsir göstərəcək. Bəzi ölkələr üçün postkoronavirus dövrü ciddi, təlatümlü sınaqlar dövrü olacaq”.

Qabil Hüseynli deyir ki, bu sırada Rusiya, İran və s. dövlətlər olacaq: “Rusiya yaxın 2 il ərzində ciddi iqtisadi böhranda olacaq və nəticə olaraq siyasi böhran qaçılmaz görünür. Rusiya yeni siyasi sistemə, yeni kadrlara “hamilədir” və bunun konturları artıq görünməkdədir. İranda da oxşar proseslər gedə bilər. Hazırda İranda ciddi iqtisadi böhran var. Koronavirus İranı diz çökdürüb. Amerika ilə İranın münasibətləri getdikcə daha da kəskin şəkil alır və daha da kəsərli sanksiyalar gəlir. Ona görə də İranın da siyasi perspektivləri iqtisadi və ardından siyasi böhran xarakterli təlatümlərdən keçir”.

Qabil Hüseynlinin fikrincə, İran yaxın perspektivdə regionu çalxalayan faktordan sakitləşdirici faktora çevirilə bilər: “İranda bu proseslər ciddi iqtisadi və siyasi böhrandan sonra olacaq. Rusiyada da oxşar gedişat müşahidə olunacaq. Bu dövlət dünyanın 1 nömrəli narahat bölgəsidir və bölgənin dəyişikliklərə, korrektələrə ehtiyacı var. Mərkəzi Amerika ölkələrində də cox ciddi dəyişikliklər ola bilər. Çünki Venesuela, Kolumbiya, Nikaraqua kimi bir çox ölkələrdə də dəyişikliklər gözləniləndir”.

Politoloq hesab edir ki, dəyişikliklər pozitiv istiqamətdə ola bilər: “Yeni formalaşan dünya düzəninin məntiqinə uyğun olaraq yeni siyasi və iqtisadi sistem formalaşacaq. Qeyd olunan ölkələr bu sistemə uyğunlaşa da bilərlər və ya bu ölkələrin xalqları yeni sistemə uyğunlaşmanı tələb edə bilər. Yeni dünya düzəninin formalaşması mexaniki dəyişikliklər aktı deyil, qısa zamanda baş verən proses kimi də təsvir etmək olmaz. Bunun üçün illər tələb olunacaq. Dünyanın qlobal problemləri – su, ekologiya və digər problemlərin həlli üçün bütün bəşəriyyət öz qüvvəsini birləşdirməli olacaq. Dünyada siyasi inteqrasiyanın güclənəcəyini təxmin edirəm”.

Qabil Hüseynli söylədi ki, Çin üçün də perspektiv görmür: “Koronavirus pandemiyasına görə Çin bir çox dünya xalqlarına hesabat verməlidir. Koronavirusun yayılması ilə bağlı Çinə qarşı iddialar var. Dünya ölkələri içərisində ABŞ, Avropa Birliyi ölkələrinin vəziyyəti ümidvericidir. Rusiya və Çin haqda bunu söyləmək olmaz”.

Onun sözlərinə görə, Rusiyada cərəyan edən hadisələr güzgü effekti ilə postsovet ölkələrində təkrarlanacaq: “Rusiyanın dünya siyasətinə təsiri zəifləyəcəksə, postsovet məkanında olan, müstəqilliyini Sovet İttifaqı dağılandan sonra qazanan ölkələrdə proseslər daha intensiv və xalqların arzularına uyğun gedəcək. Azərbaycanın siyasi gələcəyi kifayət qədər normal, inkişaf edən sənaye ölkəsi kimi yüksək inkişaf etmiş mədəniyyət və digər göstəricilərə malik ölkə kimi görünür”.

Qabil Hüseynli bildirdi ki, Azərbaycan qeyri-neft sektorunun inkişafına diqqəti artıracaq, ağır sənayenin inkişafı baş verəcək: “Neft-qaz gəlirləri də Azərbaycan büdcəsinə böyük gəlirlər gətirməkdə davam edəcək, bu ad ölkənin iqtisadi, siyasi inkaşafı üçün güclü stimul olacaq”. \\Yeni Müsavat