Yeni iqtisadi kurs nə vəd edir?

378

Bir neçə oliqarx məmur vəzifəsindən azad olunacaq

Avqust ayının 7-də prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Fərman imzaldı. Yeni holdinqin yaradılması struktur islahat xarakterli olmaqla yanaşı, qtisadiyyatın səmərəliliyinin daha da artırılmasına  xidmət etməlidir. Bu zaman isə əsas diqqət dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

“Azərbaycan İnvestisiya Holdinqinin” yaradılması və Nizamnaməsinin təsdiq edilməsidən beş gün sonra isə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi. Baş nazir yeni holdinqin Müşahidə Şurasının sədri təyin edildi. Şuranın üzvləri sırasında isə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Maliyyə naziri Samir Şərifov yer aldılar. Müşahidə Şurasının  tərkibindən aydın görünür ki, yeni holdinqin fəaliyyətinə xüsusi önəm verilir. Holdinqin İdarə Heyətinin sədri vəzifəsinə isə Mətin Eynullayevin təyin olunması idarəetmədəki yeni siyasətin nəticəsidir. Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə əsas məsul isə Baş icraçı direktordur.

Ekspertlər isə hesab edir ki, Holdinqin uğurlu fəaliyyəti iri şirkətlərə nəzarət məsələsində siyasi iradənin davamlılığından asılı olacaq. Ekspertlərin bu iddiası isə əsassız deyil. Məlum olduğu kimi, Azərbaycan İnvestisiya Holdinqi iri dövlət şirkətləri üzərində idarəetmə və nəzarət mexanizmlərini formalaşdırmalı olan bir qurum kimi yaradılıb. Həmin iri dövlət şirkətləri isə ayrı-ayrı oliqarxlar və ya onların yaxın adamları tərəfindən idarə olunur. Buna görə də Holdinqin SOCAR, AZAL və Azərbaycan Dövlət Dəmir Yolu kimi qurumlara nəzarəti necə təşkil edəcəyi çox maraq doğurur. Çünki bu, ayrı-ayrı qruplaşmaların maraqlarının toqquşması ilə müşahidə oluna bilər.

Ekspertlər hesab edir ki, holdinqin səmərəli işləməsinin digər amili dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün çox dəqiq və konkret, şəffaf mexanizmin tətbiq olunmasından asılı olacaq. Çünki ən gəlirli sahələrdə, özü də əksər hallarda tək inhisarçı kimi fəaliyyət göstərən bu şirkətlərin, demək olar ki, hamısı zərərlə, yaxud çox cüzi gəlirlə işləyirlər. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə vəsait alırlar, bütün işlərini dövlətin hesabına görürlər. İnvestisiya Holdinqinin başlıca məqsədi bu vəziyyətə son qoymaq olmalıdır.

Məlumata görə, yeni ilin ilk ayında Azərbaycan İnvestisiya Holdinqin idarəçiliyinə verilmiş dövlət şirkətlərinin və səhmləri dövlətə malik olan Səhmdar Cəmiyyətlərin bir çoxunun rəhbərləri vəzifəsindən azad olunacaqlar. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, yeni ildə Azərbaycan İnvestisiya Holdinqin idarəçiliyinə verilən “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində dəyişikliklər ola bilər. Belə ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin vəzifəsini itirənlər arasında ilk şəxs olacağı gözlənilir. O cümlədən, “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti də qənaətbəxş olmadığından, bu qurumun rəhbərliyində ciddi dəyişikliklər aparılacağı iddia olunur.

Ümumilikdə isə, Azərbaycan İnvestisiya Holdinqin uğurlu fəaliyyətindən çox şey, ilk öncə də dövlətin yeni iqtisadi siyasətinin taleyi asılı olacaq. Buna görə də ali hakimiyyətin Azərbaycan İnvestisiya Holdinqinin effektli fəaliyyətinin təmin olunması üçün ən ciddi addımlar atmaqdan çəkinməyəcək. Bu isə onu deməyə əsas verir ki, gəlirli dövlət qurumlarını öz maraqları üçün işlədən oliqarxlar üçün son artıq başlayıb.

Arzuman LOĞMANOĞLU