Yeni dünya düzənində Qarabağ faktoru Və yaxud Fransa və İranın Azərbaycana qarşı məkrli niyyətləri…

111

Rusiyanın torpağı Monqolustan və Qazaxıstan arasına soxularaq necə tampon bölgə yaradıldısa – bu iki ölkə hansı taktika ilə bölündüsə, Türkiyə və Azərbaycan arasında həyati bağ olan Zəngəzurun ermənilərə verilməsi ilə də İran-Ermənistan xətti türk dünyasını böldü

Hər yüz il bir imperiyanın çökdürülüb, kiçik dövlətlərə parçalanması ilə müşayiət olunur. Keçən yüz illikdə bu tale Osmanlı imperiyasının başına gətirildi. Bu əsrin əvvəlində isə bəşəriyyətin köhnə formasiyasının – kapitalizmin zibil qutusuna atılması, yeni formasiyaya keçilməsi, yeni dünya xəritəsinin qurulması gedişində eyni tale Rusiyanın da boynuna biçilməkdədir

Qarabağ müharibəsi bizim 30 il əvvəl yarımçıq qalmış vətən müharibəsinin davamıdır. Həmçinin dünyanın bölüşdürülməsi uğrunda gedən mübarizənin fraqmentlərindən biridir. Baş oyunçular ABŞ və Çin kimi görünür, amma pərdə arxasında İngiltərə və onunla müttəfiq olan qardaş Türkiyə yeni güc mərkəzi olaraq öz varlığını ortaya qoymaqdadır. Hətta belə demək olar ki, artıq oyunu quran da, idarə edən də İngiltərə və Türkiyədir. Baş verənləri daha aydın görmək üçün siyasi mənzərəni nəzərdən keçirək.

Bölgədəki münasibətləri, rəqabət və müttəfiqlikləri nəzərdən keçirərəkən İran-Ermənistan-Fransa-Rusiya, Azərbaycan- Türkiyə, Azərbaycan-İsrail-Türkiyə, Türkiyə -Ukrayna cizgilərinə diqqət yetirə və müqayisə edə bilərik. Türkiyənin regional gücə çevrilməsindən ən çox narahat olan İrandır ki, Qarabağ müharibəsində bizim qələbəmizdən də son dərəcə rahatsızdır. Hətta Moskvadan daha rahatsız. Əhalisinin önəmli hissəsinin türk olduğunu göz önünə gətirincə Qarabağın alınması ilə Türkiyənin Qafqazda möhkəmlənəcəyini, bölgənin Rusiyanın nüfuz dairəsindən çıxıb, Türkiyənin nüfuz dairəsinə keçəcəyini çoxdan anlayan İran status-kvo vəziyyətindən razı idi. Yəni Qarabağın ermənilərin – İranın, Fransanın, Rusiyanın nəzarətində qalmasından.

100 il əvvəlki geosiyasi fonda qlobal güclərin Türkiyə və Azərbaycan arasında “qeyri-qanuni” uşaq kimi ortaya atdığı Ermənistan sovet dönəmində bir az da genişlədildi və Zəngəzurun Azərbaycandan alınması ilə ölkə İranla sərhəd dövlət edildi. Rusiyanın torpağı Monqolustan və Qazaxıstan arasına soxularaq necə tampon bölgə yaradıldısa – bu iki ölkə hansı taktika ilə bölündüsə, Türkiyə və Azərbaycan arasında həyati bağ olan Zəngəzurun ermənilərə verilməsi ilə də İran-Ermənistan xətti türk dünyasını böldü.

İndi isə bu fars-erməni koridorunun – Yeni İpək Yolu vasitəsilə- türk koridoruna çevriləcəyi təqdirdə, türk oxu bir tərəfdən Rusiyadakı türklərin canlanmasına, digər tərəfdən Qərbi Türküstanda oyanışa – birliyə həyat verəcək. Bu koridora həyat şansı verilmə səbəbi iqtisadi olsa da, ardınca ona siyasi həyat vermək mümkün ola bilər.

Qarabağ müharibəsində qələbə xəbərlərindən təşviş içində gah erməni can yoldaşına hərbi texnika daşıyan, gah Azərbaycana “mənim də dözümümün bir həddi var” deyərək hərbi zərbə endirə biəcəyi işarəti ilə tərbiyəsiz xəbərdarlıq edən, 30 il unutduğu, xatırlamadığı bizimlə sərhəd xəttinə hərbi qüvvələrini gətirən Tehran panika içində can hayındadır… Əvvəl ermənilərin nəzarətində bölgənin qeyri-qanuni cinayət-narkotik-terrorçu trafikinə çevrilməsindən narahat olmayan Tehran Azərbaycanın nəzarətindən sonra saydıqlarımın mümkün ola bilməyəcəyini anlayır. Elə isə molla rejimini narahat edən nədir? 44 km-lik Ermənistan-İran sərhədinin qorunması…

Qarabağın alınmasına çox az qaldı. İranın niyyəti odur ki, Ermənistan Qarabağdan tam çıxarılandan sonra Azərbaycana hansısa zərbə endirməyə davam edərsə, cavab olaraq bu koridorun fəth edilməsinin qarşısını alsın… Türkiyənin quru yolla Azərbaycana birləşməsinə icazə verməsin… Artıq indidən bizə qarşı terrorçu qüvvələrin ərazimizə girəcəyi ehtimalı bəhanəsi hazırdır, hansı ki, erməni qardaşlarına terrorçu ixracını məhz özləri həyata keçirdi.

ABŞ-ın dəfələrlə gizli yolla nüvə silahına sahibi olduğuna işarə etdiyi İran bir vaxtlar ən yaxın müttəfiqi olan Vaşinqtondan sovet dönəmində SSRİ, indiki dönəmdə isə Rusiya və Çinə yaxınlaşması, pərdə arxasında isə Fransanın “Troya atı” olması səbəbindən cəzalandırılır. Pərdəarxası desək də, hadisələri müşahidə edərkən görürük ki, İran rejiminin “baş mollası” Xomeyni məhz Fransanın birbaşa dəstəyi ilə İran molla taxtına oturdulmuşdu. Hansı ki, bu məqamdan sonra “dini rejim” üzünü Parisə çevridi. Çünki mükafatın əvəzini vermək lazım idi. Üstəlik, “şiəlik” (rafizilik) Fransanın “dobrosu” ilə yaradılmış və Parisin “dirijor” çubuğu ilə oynadılan ideologiyadır. Məhz şiə İranın sayəsində erməni-fransız bağı yaranıb. Məhz şiə İranın səyləri ilə ermənilər Osmanlıya etdiyi xəyanətin “kötəyini” yeməmək, daha doğrusu sahib olduqları “genetik xəyanət kodları” üzündən Osmanlının yerinin tutan Türkiyəyə qarşı fransız mandatı altında “xain” fəaliyyətini davam etdirmək üçün Fransaya köçdülər. İngiltərə-yəhudi xətti nədirsə, Fransa-erməni xətti eyni məfhumdur. ABŞ-da yəhusi lobbisi hansı gücün sahibidirsə, Fransada erməni lobbisi eyni gücün sahibidir. Fransanın bölgədəki missiyasını isə İran yerinə yetirməkdədir.

ABŞ Rusiya və Türkiyəni Suriyada, Liviyada müharibə meydanında üz-üzə gətirməyə çalışsa da, İranı Türkiyənin qarşısına şahmatdakı piyada kimi irəli çıxaran – indiki halda Qarabağda – Azərbaycanın Qarabağı tam geri qaytarmasının qarşısını almağa çalışan Fransadır. Məhz Fransa. Türkiyənin Afrikada qarşısına çıxa bilməyən Makron Qarabağda İranı önə çəkməyə çalışır.

İran şərqdən ona çox da isti mövqeyi olmayan dövlətlərlə -Türkmənistan, Əfqanıstan, Pakistanla əhatə olunub. Əfqanıstanın vəziyyəti nə qədər çətin olsa da, bu ölkə Qarabağ müharibəsində Bakını dəstəklədi. Pakistanın da mövqeyi məlumdur. Qərbdən İraq və Suriya üzərindən Aralıq dənizinə çıxma planları quran Tehran üçün Türkiyəni mühasirəyə almaq baxımından bu iki ərəb ölkəsi çox önəmlidir. Belə ki, bölgədə olan PKK terrorçularının Ermənistanla olan sərhədindən Qarabağda döyüş üçün asanlıqla müharibə zonasına ötürülmək ehtimalı mümkündür. Nüvə silahını isə sözdə İsrailə qarşı nəzərdə tutsa da, əsl hədəf Türkiyədir.

Qarabağ məsələsində İranı mərkəzə qoyarsaq, Tehranın özünə təhdid hesab etdiyi ölkələrin körfəzdəki ərəb ölkələri – Qatar, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və hətta İsrail də deyil. İsrailin İranla sərhədi yoxdur, amma Türkiyənin var. O cümlədən bizim də. Nüvə silahından ən çox zərərə uğrayan ölkələr Türkiyə və Azərbaycan ola bilər. Bu səbəbdən İran Ermənistanla olan 44 kilometrlik sərhədindən möhkəm yapışmaqdadır və bu erməni varlığına çox önəm verir. Yəni, anlayacağımız, yalnız İran Ermənistan üçün nəfəslik rolunu oynamır, Ermənistan da İran üçün eyni rolu oynayır. Türkiyə və Azərbaycana qarşı. Tehran terrorçu erməni kimliyini “müsəlman” kimliyinə tərcih edir.

İsrailin Qarabağ müharibəsində Azərbaycana yardımına gəlincə, unutymayaq ki, Azərbaycan müstəqilliyini elan etdikdə İsrail onu tanıyan ilk dövlətlərdən olsa da, münasibətlər sonrakı dövrdə daha da inkişaf etdi. Bunun kökü isə kifayət qədər dərindir. Bu, sadəcə İsrailin İrana qarşı mövqeyi və Azərbaycanın İrana qonşuluğu ilə bağlı deyil. Azərbaycan yəhudilərin dünya xalqları və ya ölkələri içində ən yaxşı münasibət göstərildiyi ölkələrdən biridir. Yəhudilər tarixdə iki dəfə sürgün edildilər və dünyanın bir çox ölkələrinə yayıldılar. Hətta Osmanlı dövlətində yaşayan yəhudilər imperiyanın parçalanması dövründə Türkiyənin Bitlis, Ərzurum, Van vilayətlərində erməni-rus hərbi dəstələrinin soyqırımına uğradılar, o cümlədən də Güney Azərbaycanın Urmiya və Köhnəşəhər məntəqələrində erməni və assur silahlı dəstələri tərəfindən. Yeri gəlmişkən, tarixçi, araşdırmaçı-yazar Xaqani İsmayılın rus dilində nəşr edilmiş “Геноцид против мусульман, христиан и евреев, совершенный армянами» kitabı ermənilərin əməlləri barədə gözəl mənbədir. Bu soyqırım Azərbaycanın Quba rayonu ərazisində də baş vermişdi. Ermənilərdən fərqli olaraq Bakı ona sığınan yəhudilərə çox yaxşı münasibət göstərdi, başqa xalqların nümayəndələrinə və ərazisində yaşayan digər etnik azlıqlara göstərdiyi kimi. Çox güman ki, Qarabağ azad edildikdən sonra orada irimiqyaslı layihələr həyata keçirəcək şirkətlər arasında həm Türkiyə, həm İsrail şirkətləri əhəmiyyətli yer alacaqlar. İran-Ermənistan-Fransa tandeminə qarşı Türkiyə-Azərbaycan tandeminə ehtimal ki,  İsraildən də dəstək verilə bilər. Və belə dəyişim ola bilər -Türkiyə-Azərbaycan-İsrail. İngiltərə-yəhudi işbirliyinin dünyanın yenidən şəkillənməsində önəmli rolu olduğuna diqqət yetirsək, bu dəfəki bölünmədə İngiltərə-Türkiyə əməkdaşlığı aktiv olduğu şəraitdə pərdə arxasında Türkiyə-İsrail əməkdaşlığının olmaması məntiqli deyil.

Qlobal məkanda iki lobbinin güclü olduğu məlumdur-yəhudi və erməni lobbisi. Eyni zamanda bu iki lobbinin öz aralarında qarşıdurmanın mövcudluğu inkaredilməz faktdır. İsrail lobbisinin Azərbaycanın səsinin xarici ölkələrdə eşidilməsinə yardım etdiyini də bilirik. İsraillə qədim kökləri olan dostluqdan başqa, hazırkı siyasi konyuktura da bu işbirliyini bizə diqtə edir. Bu siyasi konyuktura  Türkiyə-Azərbaycan-İsrail işbirliyini diqtə edir.

Qarabağ münaqişəsinin ölü nöqtədən tərpənməsində yeni dünya nizamının qurulmasında önəmli rol alan qardaş Türkiyənin rolu danılmazdır, həm də Çinin baş memarı olduğu “Bir Kəmər, Bir Yol” – Yeni İpək Yolu layihəsi. Gürcüstanın Abxaziya və Tsxinvali olmadan da NATO üzvlüyünə qəbul edilə bilməsi barədə bildirilənlər, Azərbaycanın əsas ərazisinin Zəngəzur vasitəsilə Naxçıvanla, oradan da Türkiyə ilə birləşdirilməsi İpək Yolunun ən rentabelli variantının məhz bu koridorun üzərində hesablar aparılmasının əlamətləridir. Layihənin rentabelliliyi məsələsindən başqa Azərbaycan-Naxçıvan-Türkiyə koridoru siyasi müstəvidə türk birliyinə gətirib çıxaracağı üçün həddən çox önəmlidir.

Nə səbəbdənsə, Fransanın da qəfildən üzdə də olsa “Qarabağ məsələsində neytral qalmalıyıq”, – deyərək Minsk qrupundakı vasitəçilik rolunu, neytral mövqe sərgiləməli olduğunu xatırlayan Makronu nə dəyişdirdi? O cümlədən bir neçə müddət əvvəl qondarma “Artsax” dedikləri Qarabağda oyuncaq seçkilərə Bundestaq nümayəndəsinin müşahidəçi kimi qatıldığı Almaniyanın ayağına “daldan atılan daş”mı dəydi, yoxsa elektroşok keçirdi? Əlbəttə, söhbət Qarabağdakı xəzinədən – bizə məlum olan və olmayan təbii sərvətlərdən gedir. Qarabağ erməni işğalında olduğu məqamda erməni terrorçularla dil tapıb, qızıl yataqlarını istismar edən şirkətlərin aid olduğu dövlətlər, bu ərazilərin Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılması səbəbindən, bizimlə dil tapmalı olmağa məcbur qalacaqları üçün ədalətin bərpası fikrinə gəldilər.

Tarixdən görürük ki, dünya müharibələri 4-5 il müddətində davam etmişdir və rəqib tərəflər öz müttəfiqləri ilə səflərini qurmuşdur. Beləlikə dünyanın bölüşdürülməsi uğrunda müharizə xəttinin iki tərəfində ABŞ və Çin var. Soyuq müharibədən sonra imperiya ambisiyalarından əl çəkməyən Kreml də bir müddət Şanxay Əməkdaşlıq Təşkilatı və s. təşkilatlarda Çinin tərəfdaşı kimi görünsə də, Çin ölkələri fəthetmə projelərinə hərbi deyil, iqtisadi müstəvidən yanaşdı. Bu yanaşma elə Rusiyaya da aiddir. Görünür, ipə-sapa yatmayan Rusiyanın varlığı masa üzərində müzakirəyə yatırılır. Hər yüz il bir imperiyanın çökdürülüb, kiçik dövlətlərə parçalanması ilə müşayiət olunur. Keçən yüz illikdə bu tale Osmanlı imperiyasının başına gətirildi. Bu əsrin əvvəlində isə bəşəriyyətin köhnə formasiyasının – kapitalizmin zibil qutusuna atılması, yeni formasiyaya keçilməsi, yeni dünya xəritəsinin qurulması gedişində eyni tale Rusiyanın da boynuna biçilməkdədir. Amma başqa şəkildə. Türkiyə ilə dəfələrlə döyüş meydanında üz-üzə gətirilmək istədiyini anlayan və oyunu görən Moskva divara sıxışdırıldığının fərqindədir. Ölkə daxilində erməni lobbisi əsas postları ələ keçirib, demək olar ki, slavyan rusizm əsir alınıb.

Pərdə arxasında yenə Fransa aktivdir. Paris Afrikada Türkiyə tərəfindən sıxışdırıldığından, müstəmləkələrinin əlindən çıxacağı, onların qanını sora bilməyəcəyi perspektivi üfiqdə görünmədədir. Rusiyanın çökdürülmə mərhələsində təbii sərvətlərinə namizədlərdən biri Parisdir. Zamanı gəlincə erməni lobbisinin köməyi ilə Rusiya Krasnodarda erməni muxtariyyəti tələbi ilə qarşılaşacaq. Ukraynanın Krım, Donbass və Luqansk bölgələrinə silah-sursat, hərbi texnika toplaması haqda gələn xəbərlər Qarabağdan sonra Ukraynanın Rusiyanın işğal etdiyi torpaqları azad etmək uğrunda hərəkat başlatmaq niyyətində olduğundan xəbər verir. Həm də Türkiyənin dəstəyi ilə. Türkiyə NATO ölkəsi olduğundan, bu dəstəyi NATO dəstəyi hesab etmək olar. Belarusda müxalifətin, Svetlana Tixanovskayanın Lukaşenkoya verdiyi ultimatumun müddəti sona çatdı. Belarusla sərhəddə-Polşada NATO ordusunun əvvəlcə təlim adı ilə toplanması, hazırda da mövqe tutaraq gözləməsi, Qırğızıstanda ABŞ-Rusiya mübarizəsi Moskvanın qol-budağının budanması və Kremlin baş üstündə qara buludların toplanmasına işarə edir. Görünür, bu əsrdə Rusiyanın imperiya kimi çökdürülməsi, bir daha imperiya olmaq şansı əldə edə bilməməsindən ötrü diz üstə gətirilməsi planı işə salınıb. Bu isə ABŞ ilə Çinin arasında rəqabət olsa da, dünyanı bölüşdürmək üçün razılığa gəldiyini əks etdirən mənzərədir. Fransız-erməni işbirliyi burada “çəkic və ya balta” rolunu oynayır. Nəhəng Rusiyanı da Parisin ayaqları altına atan böyüdüb-bəslədiyi, “qara yara” kimi Qafqazın bağrına tuşladığı, 300 il əvvəl “erməni koloniyası” kimi yaratdığı Ermənistan və erməni lobbisidir. Rusiyanın çöküşdən xilası indiyə kimi yürütdüyü işğalşı siyasətindən əl çəkməsi, Türkiyə ilə müttəfiqliyi ola bilər, amma onların bunu anladığının əlamətləri hələ ki, görünmür. ABŞ-a nəhəng Rusiyanın ətraflarını budamağa “dobro” verən İngiltərə həm oyunu quran, həm iki nəhəngin bəlli strategiya üzrə irəliləməsinə nəzarət edən qüvvə kimi yeni qurulan dünya nizamında da yerini tutmağa fokuslanıb.

Artıq Şimal Buzlu okeanında İngiltərə və ABŞ hərbi gəmiləri görünməkdədir. Vaşinqton Çinin Sibirin sərvətlərinə yiyələnə bilməməsindən ötrü bu şimal ölkəsinin parçalanmasına yox, gələcəkdə Çinə qarşı həlledici müharibə üçün onun platsdarm- Rusiya ərazisi, həmçinin müttəfiq kimi rol almasına hesablanmış xətt yürütməkdədir. Navalnı da imperialist ambisiyalaırndan əl çəkmiş və formatlanmış yeni tipli Rusiyanın başına gəlməkdən otrü zamanın gəlməsini Almaniyada gözləyir. ABŞ-ın gələcək müharibə planları – Belarusda Lukaşenkonun getməsi üçün təzyiq, Ukraynanın öz əraziləri üçün əməliyyatlara hazırlanması, Gürcüstanın NATO-ya alınması, Qırğısıstanda çevriliş və siyasi aktivləşmə ilə Çinin sərhədlərinə, Çin isə investisiyalar yatıraraq ölkələri ələ keçirmə metodları ilə düz Londona yol almaqdadır.

Ülviyyə ŞÜKÜROVA