Yenə də Lavrov, yenə də Minsk qrupu…

165

Azərbaycan Qarabağ məsələsində “Rusiya labirinti”ndən niyə çıxmaq istəmir?

Ceyhun Bayramov belə bir vəziyyətdə niyə Lavrovla görüşdən imtina etmir?!

Rusiya XİN-in başçısı Sergey Lavrov (Kalantaryan) xarici siyasət sahəsində yeni “kəşf” edib və bunu “Trud” qəzetinə müsahibəsində açıqlayıb. “Azərbaycanla Ermənistan arasında iyul ayında baş vermiş münaqişəyə səbəblər kompleksi gətirib çıxarıb, onların arasında Qarabağ probleminin həll edilməməsi və Ermənistan ordusunun sərhəddə yeni mövqe ələ keçirmək cəhdi də var”, – Kalantaryan deyib.

Əslində, onun özünə də məlumdur ki, Ermənistanın yalnız adı var, bu ölkə Rusiyanın əyaləti və Türkiyəyə qarşı bazası rolunu oynayır. Necı deyərlər, “adı sənin, dadı mənim”. Burada da ölkənin adı ermənilərlə bağlı olsa da, dadını ruslar görür…

Sərhədlərini ermənilərlə birgə rusların qoruduğu əyalətin döyüşlərini də rus generalları tərtib edir.

Rusiyanın ərazidən keçən kəmərlərə nəzarəti ələ keçirməsi üçün erməniləri üstümüzə qısqırtması ortada ola-ola, Moskvanın Ermənistanın arxasında gizlənməsi nəyə xidmət edir? Lavrov deyib ki, “toqquşmaların başlamasına erməni tərəfinin Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhəd nəzarət məntəqəsini tutmaq cəhdi səbəb olub. Bu da tərəflərdən birinin hədsiz narahatlığına, digərinin haqq qazandırılması mümkün olmayan cavab reaksiyasına gətirib çıxarıb, nəticədə ən ağlasığmaz nəticələrə səbəb ola biləcək qarşıdurma yaranıb”.

Rusiya XİN rəhbəri onu da deyib ki, vəziyyəti stabilləşdirmək üçün Rusiya XİN iyulun 13-də tərəflərə dərhal atəşi dayandırmaq çağırışı edib.

Maraqlıdır, Kreml niyə atəşi dayandırmaq çağırışı edib, amma ermənilərə Qarabağdan işğalçı qüvvələri də götürüb rədd olmaq çağırışı etməyib? Vəziyyəti stabilləşdirmək Rusiyanın nəyinə lazımdır? Kəmərlərin “təhlükəsizliyini” təmin etmək üçün? Dalana dirənmiş, “meyiti ortalıqda qalan Minsk qrupuna” yeni nəfəs vermək üçünmü ki, Qarabağın ermənilərə verilməsini reallaşdırsınlar?

“Habelə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparılıb. Rusiyadakı azərbaycanlı və erməni diasporu rəhbərləri ilə görüşlər keçirilib. Hər iki diaspor Rusiya Federasiyası qanunlarına əməl edilməsinə dair öz məsuliyyətərini tam ölçüdə dərk etməli, Bakı və Yerevan arasında münasibətlərin normallaşmasına xidmət edən atmosferin yaradılmasına dəstək verməlidir”, – deyə Rusiya xarici işlər naziri deyib. Onun sözlərinə görə, toqquşma günlərində Minsk qrupunun rusiyalı həmsədri İqor Papov da Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri ilə təmasda olub. Rusiyanın “fəal” – Azərbaycanı təslimçiliyə sürükləmək – səyləri nəticəsində atəşkəsi 16 iyulda bərpa etmək mümkün olub. “Qarabağ münaqişəsinə dair danışıqların tezliklə bərpasına ümid edirik və Minsk Qrupu üzrə partnyorlarımızla bu məsələ üzərində işləyirik”, – Lavrov deyib.

Kalantaryanın fikirlərinə münasibət bildirmədən öncə xatırladaq ki, Tovuz olaylarından sonra ölkəmizin taleyinə biganə olmayan siyasi partiyaların iştirakı ilə Azərbaycan-Türkiyə prezidentlərinə birgə konfederasiya yaradılması və türk hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı çağırışlar oldu. Bundan əlavə Azərbaycan xalqı öz mövqeyini həm “Qarabağı azad et!” şüarı ilə keçirilən mitinqdə, həm sosial şəbəkələrdə net şəkildə ortaya qoydu.

Qaldı Minsk qrupu çərçivəsində keçirilən danışıqlara, Ermənistanla Azərbaycan arasında Qarabağ danışıqları faktiki olaraq dayanıb. Bir neçə dəfə onlayın müzakirələrdən sonra prezident İlham Əliyev haqlı olaraq bu danışıqların mənasız olduğunu açıqladı. Çünki bu danışıqlar hazırda Rusiyanın, gələcəkdə isə Rusiyanın dağılacağı və ortada xarabalığı qalacağı təqdirdə müstəqil dövlət olmağı planlayan Ermənistanın maraqlarına xidmət edir. Tovuz təxribatı və Qarabağda məskunlaşdırma siyasəti bütövlükdə münaqişənin Minsk qrupunun irəli sürdüyü “sülh yolu ilə həll variantı”nın üstündən xətt çəkir və danışıqlara yer qoymur.

Azərbaycan haqlı olaraq Türkiyə ilə birgə hərbi birliyə meyllənərək, müharibə varinatına üstünlük verəcəyi mesajını çatdırdı. İstənilən an müharibənin, daha dəqiq desək Qarabağın işğaldan azad edilməsi hərəkatının başlanması mümkündür. Türkiyə ilə birgə hərbi təlimlər rəsmi Bakının çevik diplomatik uğurudur.

Rusiya tərəfi çalışır ki, yenidən Minsk qrupu həmsdərlərinin iştirakı ilə danışıqları bərpa etsin. Bu prosesin başında Lavrov durur. Əslində, bu müraciətə ermənilərin xahişi görüntüsü verilsə də, kimsəyə sirr deyil ki, Lavrov Rusiyadakı erməni lobbisinin aparıcı şəxslərindən biridir. O, ön planda Rusiyanın maraqlarından çıxış edərək danışıqların tez bərpa olunmasına çalışdığını qeyd etsə də, arxa planda “Böyük Ermənistan” üçün çalışır. Rusiya dövlətinin başında duran şəxslərdən biri kimi dəyişməyə doğru gedən geosiyasi vəziyyət barədə xəbərsiz və məlumatsız deyil. Rusiyanın dağılacağı təqdirdə Azərbaycanın oyalanması, başının danışıqların imitasiyası ilə qarışdırılması, vaxt qazanılması və həlledici məqam yetişəndə Ermənistanın bu həngamədən xeyli torpaq qəsb etmiş, Azərbaycanın torpaqları hesabına böyümüş “yeni Ermənistan” kimi meydana çıxmasının qayğısına qalır.

Aydındır ki, Kreml Türkiyənin regionda aktiv şəkildə fəaliyyətindən narazıdır. Odur ki, danışıqları növbəti mərhələdə bərpa etməklə, yenidən manipulyasiyanı davam etdriməyə çalışacaqlar. Azərbaycan bu kimi danışıqlarda qətiyyən yer almamalıdır. Son bir ayda Rusiya özünün əyaləti olan Ermənistana tonlarla silah-sursat göndərib və bu, Azərbycana qarşı təzyiqdir. Belə olan təqdirdə, Lavrovun bu açıqlmasının nəyə xidmət etdiyini anlamaq üçün Henri Kissincer olmaq lazım deyil.

Amma nədənsə, avqustun 26-da Kalantaryanla görüşə gedən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Lavrovun hiyləsindən xəbərsiz görünür. Çünki o, bu danışıqlardan müsbət sonuc gözləyir. Sanki Lavrovun Minsk qrupu çərçivəsində danışıqları davam etdirmək niyyətinin arxasında hansı məqsəd güddüyünü anlamır. Başa düşmək olmur, bu adam Azərbaycanın xarici işləridir, yoxsa vəzifəsinin Rusiyanın göstərişlərinə itaət etməkdən ibarət olduğunu sanır?

Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan XİN rəhbəri artıq Lavrovun moderatorluğu ilə başladılan danışıqlara getməməli, yalnız Ankara ilə hərəkət edərək, öz təkliflərini masaya qoymalıdır. Bununla da, rəsmi Bakı Rusiyanın-Kalantaryanın bütün şərtlərinə qarşı çıxdığını nümayiş etdirməlidir.

Görünən odur ki, Türkiyənin aktivliyinə qarşılıq olaraq Rusiya Qarabağla bağlı növbəti ssenarisini işə salır. Bu ssenari isə Azərbycanın əleyhinədir. Minsk qrupu formatı çərçivəsində aparılacaq danışıqlar, əvvəlki kimi, status-kvonu qorumaq üçün planlaşdırılıb.

Görünür elə bu səbəbdəndir ki, bu arada Ermənistan hakimiyyəti Xankəndi və Əsgəran arasında yeni yol çəkməyə başlayıb. İrəvan infrasturukturu təkmilləşdirir və Livandan ermənilərin köçürülməsini təşkil edir. Həmçinin Rusiyadan Ermənistana daşınan silahların bir hissəsi Tovuzda və bir hissəsi isə işğal olunmuş ərazilərdə yerləşdirilib. Vəzifəsinin və funksiyasının birbaşa nədən ibarət olduğundan az məlumatlı olan Ceyhun Bayramov belə bir vəziyyətdə niyə Lavrovla görüşdən imtina etmir? Ona da danışmağı və etiraz etməyi mətbuat öyrətməlidir? Niyə qəbul etmək istəmirik ki, cəbhə xəttində Ermənistanın günbəgün möhkəmlənməsinin qarşısı alınmalı və lokal zərbələr endirilməlidir?!

Ülviyyə ŞÜKÜROVA