Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma doğru deyil”

165

Əhməd Qəşəmoğlu: “Bizim əhali yaxşı bilir ki…”

Azərbaycanda bəzi ölkələrdəki seçki prosesləri hər zaman maraqla izlənilir. Son olaraq Belarusda bazar günü keçirilən seçkilər ölkəmizin gündəmində əsas mövzulardan birinə çevrildi.

Hətta belə rəylər də var ki, əhalinin öz ölkəmizdəki parlament, bələdiyyə seçkilərinə marağı bəzi xarici ölkələrdəki seçkilərdən daha az olur…

Siyasi şərhçi Yeganə Hacıyeva bu məsələyə dair bir çox ənənəvi fikirlərlə razılaşmır: “Ümumiyyətlə, Azərbaycan özünəməxsus siyasi aktiv cəmiyyəti olan ölkədir. Cəmiyyətimiz haqqında ”siyasətlə məşğul olmur” yanaşması doğru deyil. Əksinə, Azərbaycan insanı siyasi aktiv insandır və müxtəlif ölkələrdə gedən siyasi proseslərin təhlili və bu istiqamətdəki canfəşanlığının əsasında da məhz bu faktor durur. Etiraf edim ki, uzun illər məni də düşündürən, məntiqi sual yaranır ki, başqa ölkələrin seçki proseslərinə bu qədər maraq göstərən, izləyən azərbaycanlılar niyə öz ölkələrindəki siyasi proseslərdə aktivlik göstərmirlər. Bunun bir neçə səbəbi var. Əsas səbəb Azərbaycanda siyasətlə məşğul olan qrupların, onların üzdə olan simalarının ölkə vətəndaşı üçün maraqsız olmasıdır. Sadə, orta statistik Azərbaycan vətəndaşı bu gün Azərbaycanda siyasətlə məşğul olan siyasətçilərin 90 faizindən savadlı, daha yüksək keyfiyyətlərə malik, daha intellektual insandır. Bütün dünyada olduğu kimi, Azərbaycanda uzun illər müxtəlif qruplar cəmiyyətə “siyasi liderlər” yeridirdilər. Sosial medianın cəmiyyətlərə gətirdiyi faydalardan biri də bu üsulun belə “siyasi liderlərin” əlçatan olması üzərindən özünü doğrultmaması oldu. 80-90-cı illərdəki müxalif camiə “siyasi lider”lərinin cəmiyyətlərə yeridilməsi prosesi indi özünü doğrultmur. Çünki bir-iki status, canlı yayımdan sonra cəmiyyətin onlar haqqında 70 faiz doğru olan bir fikri formalaşır. İntellektinə, bacarığına güvənmədiyi şəxslərin apardığı bir prosesə marağın olmaması təbiidir: Belələrinin uğur qazanacağı halda vəziyyətin daha da pisləşə biləcəyindən ehtiyat edən vətəndaş prosesdə iştirak etməmək yolunu seçir”.

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bizim əhali yaxşı bilir ki, hansı ölkədəki seçkilərin nəticələri bizim ölkədəki proseslərə təsir edə bilər: “Yəni biz o ölkənin seçkiləri üçün həssas oluruq ki, onun nəticələrinin bizim ölkənin həyatı üçün rol oynaya biləcəyini düşünürük. Konkret olaraq, Belarusa gəlincə, bizim ölkədə əksəriyyət orada Lukaşenkonun seçilməsini istəyirdi. Çünki Lukaşenkonun artıq bizə, ermənilərə, Rusiyaya münasibəti hamımıza aydındır. Amma onun yerinə başqa birisi gəlsəydi, nə cür olacağı məlum deyildi. Böyük ehtimalla Lukaşenkonun əksi olan adam olacaqdı. Son proseslər onu göstərdi ki, Lukaşenkonun əsas rəqibi Rusiyaya meyilli şəxsdir. Bu halda o,  Ermənistana da meyilli olacaqdı. Eyni zamanda, Azərbaycanın onunla əlaqələr qurmasına vaxt gedəcəkdi. İndiki həssas bir zamanda bu, ölkəmizin ziyanına ola bilərdi. Ona görə də düşünürəm ki, azərbaycanlıların böyük əksəriyyəti Lukaşenkonun orada qalib gəlməsini istəməkdə haqlı idi. Təbii ki, ölkəmizdə bunu istəməyənlər də var idi. Onların bir qismi Rusiyaya meylli adamlardır, onun mövqeyini dəstəkləyirlər. Digərləri isə demokratiya dəyərlərindən daha çox danışan adamlardır. Seçkiləri demokratiyanın bir göstəricisi hesab edərək, bu istiqamətdə düşünən adamlardır. Ona görə də, ölkəmizdə Belarus seçkilərinə münasibətdə üç qrup adam haqqında düşünmək olar. Təbii ki, dördüncü qrup etinasız olanlardır. Amerikaya da böyük diqqət ayırırıq. Orada kimin prezident olacağı daim bizdə maraq doğurur, ölkəmizin taleyini bununla çox bağlayırıq. Qarabağımızın taleyini də buna çox bağlayırıq. Amerikanın dünyada, həmçinin, ölkəmizdə gedən proseslərə təsir etmək gücü var. Bu baxımdan orada kimin prezident olması bizim üçün çox mühümdür. Türkiyəyə gəldikdə isə ölkəmizin birbaşa onunla bağlı olduğu məlumdur. Orada seçkilərin nə cür keçməsi, bu ölkənin taleyi, hakimiyyətdə kimin olması bizim üçün mühümdür. Burada əsas məsələ öz ölkəmizin taleyini düşünməkdir. Başqa ölkələrdəki seçkiləri yaxından izləməyimiz o demək deyil ki, seçkilərə ciddi önəm veririk. Azərbaycanda müəyyən kəsim seçkilərə maraq göstərib, o prosesləri izləyə bilər. Onlar demokratiyada seçkiləri mühüm hesab edirlər. Bizim ölkə üçün Gürcüstan, İrandakı seçkilər də maraq doğurur. Bir sözlə hansı ölkədəki seçkilər Azərbaycana birbaşa təsir edə bilər, o ölkələrdəki bu proseslər bizdə diqqətlə izlənilir. Əvvəldə dediyim dörd qrupu daim nəzərə almaq lazımdır. Onu da deyə bilərsiniz ki, nə üçün bir müddət öncə Venesueladakı proseslərə də böyük diqqət ayırdıq. Nəzərə alaq ki, o proseslərdə Amerika mühüm rol oynayırdı. Bu rol bizim siyasiləri də çox maraqlandırırdı. Amma etiraf edək ki, Türkiyə, Belarus, Rusiya və s. kimi ölkələrə göstərilən maraq səviyyəsində deyildi. Məsələn, Venesueladakı proseslərə daha çox siyasi qüvvələrin nümayəndələri maraq göstərdi. Onlar da az qüvvə deyirlər”.

Sosioloq Azərbaycanda seçkilərə marağın az olmasına da toxundu: “Bu maraq ona görə azdır ki, əvvəlcədən seçkinin nəticələrinin nə cür olacağını təxmin edirlər. Əvvəldə nəticələr barədə əhalidə fikir formalaşır. Amma dediyimiz ölkələrdə belə deyil. Əgər bilsələr ki, bizdə səsvermə mühüm rol oynayır, o zaman maraq böyük olar. Seçkidən əvvəl formalaşdırılan fikrin çox böyük rolu olur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”