Yeganə Hacıyeva: “Bəzi Qərb dairələri Ermənistanı müdafiə adı altında öz maraqlarını güdür”

531

“Müəyyən roseslər regionun iki aparıcı türk-müsəlman ölkəsinə qarşı gizli deyil, aşkar gedir”

Bir sıra Qərb dairələri Azərbaycana münasibətdə yenə də ədalətsiz mövqedədir. Azərbaycan cəmiyyəti isə nədən bizə bu cür münasibətin dəyişmədiyini sual edir. Bəzi Avropa ölkələrinin hökumətləri, QHT-ləri, mediası Ermənistan kimi işğalçı, barbar bir ölkəni müdafiə etdikcə, Qərb dəyərləri də gözdən düşür. Avropa, Amerika türk dünyasının iki aparıcı dövləti olan Türkiyədə və Azərbaycanda niyə özünü bitirmək xətti seçib? Bu, Ermənistanı müdafiə adı altında regionun iki aparıcı türk-müsəlman ölkəsinə qarşı gizli-aşkar savaşdımı?

Siyasi şərhçi Yeganə Hacıyeva bildirdi ki, bəzi Qərb dairələrinin Azərbaycana münasibətdə ləyaqətsiz davranışını tək Avropa ölkələrinin hökumətlərindəki, media və QHT-lərindəki erməni lobbisi, onların nüfuzu və ya təsiri ilə izah etmək doğru deyil: “Məsələ ondadır ki, ənənəvi xristian təəssübkeş və tərəfkeşliyi də göz önündədir. Dünyanın 193 ölkəsinin, onlardan asılı 500 ərazi, Antarktida, Qərbi Səhra, Dünya okeanı daxil  bütünlükdə yer kürəsinin 80-% ərazisini mandatına daxil etmiş BMT  Ermənistanı işğalçı və aqressor ölkə kimi tanıyıb. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  4 qətnaməsi Ermənistanı işğalçı dövlət olmasını sübut edib. Buna rəğmən Avropa ölkələrinin hökumətləri, QHT-ləri, mediası Ermənistan kimi işğalçı, barbar bir ölkəni müdafiə edir və bu fakt özlüyündə, universal dəyər dediyimiz Qərb dəyərlərini gözdən salır. Məhz bu yanaşma, Qərb təsisatlarının ikili, riyakar standartları ümumilikdə dünyada  sülhü, təhlükəsizliyi qorumaq və möhkəmlətmək təşəbbüslərini şübhə altına alır”.

Y.Hacıyeva qeyd etdi ki, Türkiyə Avropa, Balkan yarımadası, Aralıq dənizinin şərqi, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Orta Asiya və bütün Avrasiyanın əsas güc ölkəsindən biridir. Əsas İslam ölkəsi kimi Türkiyə həm də müasir dünyanın və Avropanın bir hissəsidir.

Avropanın  bu qədər ləyaqətsiz davranışının məğzində NATO üzvü olan, dünyada ikinci güclü orduya məxsus Türkiyənin Avropaya hər gün  daha çox artan təsirini azaltmaq məqsədi durur: “İstər Türkiyənin tarixi və dini maraq dairəsinə aid olan ölkələrdə hərbi mövcudluğu olan Yaxın Şərq, Şimali Afrika bölgələrində, istərsə də NATO çərçivəsində Mərkəzi Asiya regionundakı humanitar proqramlarda problemlərin həlli digər analoji bölgələrə baxanda daha qənaətbəxş vəziyyətdədir.

Eyni proses Azərbaycanla bağlı gedir, istər Dağlıq Qarabağda, istər regionun özündə Ermənistanın müdafiəsi adı altında bir sıra dövlətlər öz maraqlarının təşviqi ilə məşğuldurlar.

Bu gün Ermənistanın müdafiəsi adı altında gedən müəyyən proseslər regionun iki aparıcı türk-müsəlman ölkəsinə qarşı gizli deyil, aşkar gedir. Amma bu proses təkcə bu regionda deyil, digər regionlarda da davam edir. Ermənistanı müdafiə adı altında Fransa Cənubi Qafqaz və Aralıq dənizi hövzəsində iqtisadi maraqlarını, Hollandiya isə NATO daxilində tənlükəsizlik və maliyyə məsələlərini həll etmək məqsədilə hökumətlərindəki, media və QHT resurslarını səfərbər edib”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”