YAZILMAMIŞ QANUNLAR

60

Yuxarıların da, aşağıların da rəftarı eyni dərəcədə ağılsız və mənasız…

Təbiətdə fiziki qanunlar var ki, heç zaman dəyişmir və pozulmur. Bu aydındır. Çünki cansız aləmdə şəxsi mənafe yoxdur. Hər şey hamı üçün eynidir və hər şeyi güc həll edir. Canlı aləmdə də qanunlar var, amma bu qanunlar yalnız canlı aləmin bir şöbəsində – insan cəmiyyətlərində pozulur. Əvvəllər əlbəttə belə olmayıb. Milyon illərlə canlı aləm cansız aləmin tərkibində olub və onun şərtləri, qanunları əsasında davam edib. İnsan cəmiyyətləri formalaşandan sonra isə artıq qanunlardan danışmaq əbəsdir.

İnsan müasir şəkildə formalaşmazdan əvvəl  başqa bir çox canlılardan zəif idi. O yaşamaq üçün yaşayırdı və yaşamaq da o zamanlarda yalnız qidalanmaqdan ibarət idi. Qida əldə etmək də o qədər də asan deyildi. Çünki Afrikanın cəngəlliklərinə səpələnmiş insanlar təzəcə ayağa durmuş dördayaqlı idilər. Bu da onlara qida əldə etməkdə müəyyən üstünlük verirdi. Zaman keçdikcə başqalarının yemi olmamaq üçün insan düşdüyü çətin situasiyalardan çıxmaq üçün gərgin fikirləşməli, planlar qurmuş olurdu. Bu da insanların daha çevik olmalarını və beyin işlətməyi tələb edirdi. Nəticədə milyon illər ərzində insan beyni ətrafda qaynaşan və ondan qat-qat üstün olan yırtıcı heyvanların beynindən çox-çox üstün oldu. Və bu da onun məsələn, sablezub kimi nəhəng, güclü və amansız yırtıcılarla mübarizədə qələbə çalmağına imkan verdi.  Daha sonra insanlar toplaşmağın, əlbir olmağın faydasını dərk edib bugünkü xalqların, tayfaların, qəbilələrin ibtidai formalarını yaratdılar.  Hərə öz arealını, yaşadığı ərazini və onun sərvətlərini qoruyub qida təşkil edən heyvanlarının kökünün kəsilməsinə imkan vermirdilər. Məsələn növ-növ ceyran və başqa məməlilərin qırılıb məhv edilməsinə getmirdilər. Nə qədər lazımdır, o qədər də ov edir, qidalanırdılar.  Lakin budur, son on minilliklər gəlib çatdı, eyni dilə məxsus olan xalqlar müxtəlif ərazilərdə ömürlük – yəni həmişəlik yaşamalı oldular.  Və o vaxtdan dünya müharibə adlanan yeni bir vaqeənin şahidi oldu. Müharibə əsasən areallar uğrunda mübarizə demək idi. Artıq Afrikadan Hindistana, ordan da Asiya və Avropaya yayılan insanlar texniki mənada olmasa da, fikziki və əqli mənada ən yüksək səviyyəyə çatmışdılar. Heç bir məktəb və universitet bilməyən ölkələrdə çox böyük zəkalar və müdriklər dünyaya gəlirdi. Onlar bu bilikləri adətən özlərindən əvvəlki müdriklərdən və çoxlu həyat təcrübəsindən əldə edirdilər. Ümumiyyətlə müdriklik nədir? Müdriklik bicliyə və hiyləgərliyə oxşasa da heç vaxt mənfi xüsusiyyətlər daşımır. Bəli, biclik, məkr  və hiyləgərlik çox vaxt sahibinə böyük üstünlüklər, hətta taxt-tac və ya prezident kürsüsü qazandırır. Lakin çox vaxt da belələrinin sonu faciə olur. Çünki qanunverici olub qanunu pozmaq olmaz. İngiltərə ilə müharibədə böyük qələbə, azadlıq və insan hüquqları uğrunda nailiyyətlər qazandığına və şəxsi xarakterinə görə Corc Vaşinqton xalq arasında görünməmiş nüfuz qazanmışdı. Onun ikinci prezidentlik müddəti qurtaranda dostları və ətrafındakılar təklif etdilər ki, konqresdə səsə qoydurub üçüncü dəfə də prezident olsun. Çünki çox güman ki, heç kim bunun əleyhinə səs verməyəcəkdi. Lakin müdrik insan olan C. Vaşinqton bu fikri qətiyyətlə rədd edib demişdi ki, konstitusiyanı pozmaq olmaz. Və bəlkə də bunun nəticəsidir ki, yalnız bir dəfə istisna olmaqla Amerikada heç bir prezident nə özü buna razı olmuş, nə də senat və konqres buna imkan vermişdir. Çox qəribə və gülməlidir ki, həmin bir dəfə pozulmağa razılıq verən senat və konqres bunu kimin üçün etmişdir, yəqin ki hamı bilir. Bu bütün Amerika tarixində ən sarsaq, ən kütbeyin və ümumiyyətlə beyni ağır xəstə olan Franklin Delano Ruzvelt olmuşdur. O Ruzvelt ki, dünya xalqlarını, dünya ölkələrini, o cümlədən Amerikanın özünü istila etmək arzusu ilə yaşayan və bunun yalnız bir qismini həyata keçirən cəlladbaşı İosif Stalini II dünya müharibəsində qalib etmişdir.

Mən müharibə illərində Lənkəranın sərhədə yaxın kəndlərinin bir neçəsində icraiyyə komitəsinin sədri olan atamla yaşayırdım. İrandan gələn yol Səpnəkəran kəndindən keçirdi və mən uşaq kimi yol kənarında dayanıb İrandan SSRİ-yə gəlib keçən üstü-örtülü, ağzınacan dolu Amerika “sudobekrlərini” sayırdım. Səhərdən-axşamacan bu maşınlar gəlib-gedir  və dünyada daha elə bir qida növü qalmırdı ki daşıyıb SSRİ-yə gətirməsinlər. Hətta yadımdadır tısbağa yumurtasınacan.

Bütün qanunlara görə bir şər dahisi kimi  Hitler Stalindən  çox-çox ədalətli və yaxşı idi. Bunu vaxtilə Hitlerin tutmağa məcbur olduğu ölkələrin əhalisi, hətta ruslar və ukraynalılar da bu gün təsdiq edirlər. Almanlar ölkəni alıb müqavimət göstərməyənləri – yəni kol dibindən onlara atəş açmayanlar yoxsa, heç kimi səbəbsiz yerə tutmur, öldürmürdülər. Stalin və ruslar isə haranı alırdılarsa, əhalini ucdantutma qırırdılar. Necə ki, Azərbaycanda ötən əsrin 70-80-ci illərində şərəflərinə abidə ucaldılmış  XI “qızıl ordu” nə qədər Azərbaycan oğlullarını qırdılar, sayı-hesabı yoxdur. Hər gün günahsız əsgər və zabitlərimizi, sadəcə bir-iki qoyun-keçi sahiblərini, din xadimlərini maşın-maşın yığıb aparıb güllələyiblər.

Gəldik əsas mətləb üstünə. Bütün günü ətrafımıza baxıb fikirləşirəm: yuxarıların da, aşağıların da rəftarı eyni dərəcədə ağılsız və mənasız… Ağılsız ona görə ki, yuxarıdakılar yalnız bu günlərini fikirləşib günü-gündən xalqın mənafeyinə zidd olan hərəkətlərlərini şiddətləndirirlər.  Aşağıdakılar da ona görə ki, sadəcə olaraq acgöz, müti və ləyaqətsiz işlərlə məşğuldurlar. Əslində aşağıların günahı daha böyük, axmaqlıqları daha artıq, ləyaqətsizlikləri daha çoxdur. Çünki şərəf deyilən şeyin  izi-tozu da yoxdur və şərəfsizlik içində boğulub hamı özü haqqında ən yüksək fikirdədir. Və hamı özünü elə aparır ki, onun kimi ağıllı, onun kimi ləyaqətli ikinci bir adam yoxdur.

İnternetin “Facebook”  səhifəsini gözdən keçirib hər gün nə qədər başı və içi boş adamın şəklinə rast gəlirəm. Bu adamlar ilboyu “Facebook” səhifələrində şəkillərini qoyub və mənasız, cəfəng yazılarını, müraciətlərini çap etdirməkdən bezikmirlər ki, bezikmirlər. A kişi, Allah sənə  başqalarına dərs vermək qabiliyyəti verməyib, niyə axı gündə o mənasız portretini  internetə yerləşdirirsən,  hansı ki, sənə söyüşdən başqa heç nə qazandmır.

Axırda köhnə tələbəm və dostum İlham Tumas haqqında: Əzizim, bu gün Leninin müdafiəsinə qalxmağın təxminən  50 mənada yersiz və yanlışdır. Sən axı bilmirsən öləndən sonra bu adamın beynini açıb onun 80 faizinin kəcə, əhəngə döndüyünü görüblər və mat-məttəl qalıblar bu adam bu cür beyinlə necə 6-7 il dünyanın yarısına ağalıq etmişdir. Və sənin gözəl ölkəni, gözəl dövlətini də bu çürük beyin az qala xarabazara döndərmişdi.

Əlisa NİCAT