Yaxın Şərqdə ilk qadın müdafiə naziri! – Livanda 8 Mart blokunun dəstəklədiyi hökumətin 30%-i qadınlardan ibarətdir

12

Hurriyyet.org xəbər verir ki, Livanın yeni hökuməti həm qadın nazirlərin sayına görə, həm də müdafiə naziri postuna bir qadının gətirilməsi ilə Yaxın Şərqdə ilk addımlar atıb.

Ölkəyə bundan əvvəl müxtəlif məzhəblərin təmsil olunduğu, müsəlman və xristian qrupların meydana gətirdiyi 30 nəfərlik Milli Birlik Hökuməti rəhbərlik edirdi. İqtisadi böhranlarla bağlı 2019-cu ilin payızında başlanan kütləvi etiraz aksiyalarından sonra Livanın baş naziri Səid Hariri istefa vermək qərarını bəyan eləmişdi. Livanda İrana və Bəşər Əsədə yaxınlığı ilə tanınan Hizbullahın və siyasi müttəfiqlərinin yaratdığı 8 Mart blokunun dəstəyi ilə 19 dekabr 2019-cu il tarixində baş nazir seçilmiş keçmiş təhsil naziri Həssən Diyab dünən 20 üzvdən ibarət yeni kabinetini təqdim edib.

Yeni kabinet qadın nazirlərin sayı və mövqeyi baxımından həm Livanda, həm də ümumiyyətlə Yaxın Şərqdə ilk addımları ilə fərqlənir. Livanın yeni Nazirlər Kabinetinin 30%-i qadınlardan ibarətdir.

İlk qadın müdafiə naziri

Həssən Diyab, hökuməti qurmaq işinə başladığı ilk günlərdə etirazçıların tələbi ilə kiçildilmiş və qadın nazirlərə yer verilmiş kabinet quracağını bildirmişdi.

Lakin Müdafiə Nazirliyinin rəhbərliyinə bir qadının gətirilməsi ilk dəfə olmaqla yanaşı, xalq üçün çox gözlənilməz olub.

Beləliklə, həm Yaxın Şərqdə, həm də ərəb dünyasında ilk müdafiə naziri (eyni zamanda baş nazirin müavini) pravoslav xristian olan Zeyne Aker Akra olub. Adra ilə yanaşı kabinetdə aşağıdakı qadınlar vəzifə sahibi olacaqlar: informasiya naziri Menal Abdussamed, gənclik və idman naziri Vardina Ohanyan, ədliyyə naziri Mari Kloud Necm, əmək naziri Lemya əd-Duveyhi və köçkünlər naziri Gada Şureym.

Yaxın Şərqdə ilk qadın daxili işlər naziri də Livanda olmuşdu

Bundan əvvəlki kabinetdə çalışmış daxili işlər naziri Raya Həsən bu postu tutan ilk qadın kimi tarixə düşüb.

İndiyə qədər Yaxın Şərqdə 29 faiz yerlə ən çox qadın nazirə sahib ölkə Birləşmiş ərəb Əmirlikləri idi.

Qeyd edək ki, yeni heyətin təyin olunması da Hökumət Evinin qarşısındakı etirazçıları təmin eləməyib.

Hurriyyet.org