“Yaxın Şərqin yeni gücü Türkiyədir”

144

Məhəmməd Əsədullazadə: “İsraillə Türkiyənin arasının düzəlməsi Azərbaycanın da, regionun da maraqlarına uyğundur”

“Yunanıstanı Türkiyəyə qarşı provokasiyaya təhrik edirlər”

Ərəblər düşünür ki, Türkiyənin Yaxın Şərqdə güclənməsi Osmanlı imperiyasını geri qaytaracaq”

“Fransa və Yunanıstan Türkiyəni sıxışdırsa, Rusiyanın dəstəyi ilə Çin bu regionda irəliləyəcək. Buna görə də ABŞ və İngiltərə Türkiyənin yanındadır ki, Çinə bu regiona gəlmək imkanı verməsinlər”

Siyasi gündəm çox sürətlə yenilənir, hər gün yeni gəlişmələrlə qarşılaşırıq. Dünyanın qloballaşaraq “kiçik bir məkan” halına gəlməsi elə bir vəziyyət yaradır ki, bir regionda baş verən hadisələr mütləq digər ölkələrdə əks-səda verir. Söhbət dalğalanmaların yaşandığı, güc mərkəzlərinin dəyişdiyi Yaxın Şərq regionundan və onun təsiri ilə dəyişən Cənubi Qafqazdan gedir. Odur ki, bütün bu regional məsələlərlə bağlı politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

– Avropanın aparıcı dövlətləri kimi Fransa və Almaniya Ağ dənizə gəmilər göndərirlər. Onların Ağ dəniz planlarının arxasında nə durur. Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla nə əldə etmək istəyirlər. Söhbət yalnız karbohidrogen yataqlarından gedir?

– Aralıq dənizi, Yaxın Şərq dünya nizamının qurulmasında böyük rol oynayır və burada güclü olan dövlət dünya nizamının qurulmasında da yer alacaq. Şərqi Aralıq dənizində karbohidrogen yataqları və bir neçə ildən sonra çıxarılacaq qaz yataqları Türkiyənin Avropaya qarşı enerji təzyiqi etməsinə gətirib çıxaracaq. Həmçinin, Türkiyənin nəqliyyat və dəniz yollarına, həm də bu coğrafiyaya nəzarət imkanı verəcək. Almaniyanın Yaxın Şərq və Aralıq dənizində köklü maraqları var. Onlar çalışır ki, Türkiyənin burada roluna imkan verməsinlər. Ona görə də Yunanıstanı Türkiyəyə qarşı provokasiyaya təhrik edirlər. Yunanıstanın Türkiyə ilə üz-üzə gəlmək üçün heç bir gücü yoxdur. Türkiyənin Antalya şəhərinin iki kilometrliyində Meis adasına mülki gəmilərində yunan hərbçiləri göndəriblər. Makron Türkiyəyə qarşı radikal siyasət aparır.

– Məhz Fransa Türkiyəyə qarşı aqressiv siyasətlə nəyi hədəfləyir. Türkiyənin Afrikaya daxil olmasının qarşısını almaq istəyir?

– Afrikada Fransa böyük müstəmləkə tarixinə malikdir, indi də bu nəzarətində olan əvvəlki müstəmləkə dövlətlərdən ildə 500 milyard dollar vəsait əldə edir. Həmçinin, Mali və Nigeriyada böyük “Uran” yataqları var. Bu yaxınlarda da Malidə hərbi çevriliş oldu. Türkiyə Fransanın ona qarşı Aralıq dənizi və Liviya provokasiyasına Malidə cavab verdi. Əlbəttə, prezident Ərdoğan uzun illərdir ki, Türkiyənin Afrikaya açılması prosesini həyata keçirir, səfərlər edir. Fransa da Türkiyənin Afrikada güclənməsini və tarixi Osmanlı imperiyasını – bu bərpa ərazi formasında yox, nüfuz dairəsinin bərpası ola bilər-yenilənməsindən narahatdır. Fransanın sıxışdırılması, Avropa İttifaqının və Almaniyanın Afrikada sıxışdırılması demək olacaq.

– Belə deyə bilərik ki, Türkiyə Afrikada güclənərsə, Fransa Afrikada olmayacaq?

– Bəli, çünki Türkiyə ədalətlidir, Türklük qanunlara əməl etməkdir. Türkiyə heç vaxt istismar etmir. Buna görə Türkiyənin Afrikada olması bu qitənin xalqlarının mədəni, dini, iqtisadi inkişafına gətirəcək. Allah Türkiyəni qorusun, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Əgər Türkiyə Aralıq dənizi və Suriya, Liviya və digər Afrika ölkələrində möhkəmlənməsəydi, bu gün Tovuz təxribatlarında Cənubi Qafqaza gələ bilməz və yanımızda ola bilməzdi. Türkiyə güclüdür ki, yanımızdadır və rəsmi Bakı Moskva ilə son 26 ildə ilk dəfədir diktə dilində danışır.

– Bildiyimiz kimi, ABŞ-ın da Yunanıstanda hərbi bazaları var, ümumiyyətlə ABŞ digər ölkələrdə də xeyli hərbi bazası var. Yunanıstanda da bazaları artırır. Bir yandan Avropaya “sizi Rusiyadan qoruyuram” deyib həm Avropanı, həm Rusiyanı mühasirəyə alır. ABŞ-ın Ağ dənizdə maraqları nədir? Yalnız karbohidrogen ehtiyatlarımı?

– ABŞ bu məsələdə Türkiyəyə müəyyən qədər dəstək verir. O çalışır ki, NATO parçalanmasın. Türkiyənin Ağ dənizdə güclənməsi İsraili də narahat edən faktordur. Bilirik ki, ABŞ-da İsrail lobbisi güclüdür. Onlar Türkiyənin qarşısını müəyyən qədər almaq istəyirlər. ABŞ istəyir ki, Türkiyə əvvəlki kimi onun siyasi xətti ilə hərəkət etsin.

– Sözəbaxan olsun?

– Türkiyə də bunu etmir və müstəqil siyasət həyata keçirir. Türkiyənin müəyyən qədər güclənməsi ABŞ-ın maraqlarına cavab verir. Baxmayaraq ki, ara-sıra əlaqələrdə soyuqluq yarandı. Gah Yunanıstanı masa ətrafına gətirirlər, gah Yunanıstanla hərbi təlimlər keçirirlər. Fikrimcə, ABŞ-ın buradakı siyasəti Türkiyəyə qarşı yönəlməyib. İngiltərə və İtaliya da Türkiyəni dəstəkləyir. Çünki Fransa ilə ABŞ arasında ciddi problemlər var. Makron Avropa ordusunun qurulmasına çağırış edir. ABŞ burada Türkiyəni Fransaya qarşı dəstəkləyir.

– Mən bir məqamı qeyd etmək istəyirəm. Bilirik ki, Çinin Böyük İpək Yolu layihəsinin dəniz ayağı Ağ dənizdən keçəcək. ABŞ-ın Ağ dəniz regionuna nəzarəti ələ keçirməsi məhz bu səbəbdən ola bilərmi?

– Tamamilə doğrudur. Çinin böyük “Bir Kəmər Bir Yol” strategiyasında Çin Rusiya və Fransa ilə müttəfiqdir. Yunanıstan da Rusiya ilə hesablaşır, çünki Rusiya ona hərbi dəstək verir. Fransa da Rusiya ilə birgədir bu məsələdə. Əgər Fransa və Yunanıstan Türkiyəni sıxışdırsa, Rusiyanın dəstəyi ilə Çin bu regionda irəliləyəcək. Buna görə də ABŞ və İngiltərə Türkiyənin yanındadır ki, Çinə bu regiona gəlmək imkanı verməsinlər. Çinin Aralıq dənizi regionuna gəlməsi ABŞ-ın Yaxın Şərqdən çıxarılmasına gətirəcək. Geosiyasi-geostrateji maraqlar toqquşması səbəbindən anqlo-sakslar Türkiyənin tərəfindədir.

– Və gələcəkdə də onlar Türkiyəni dəstəkləməyə məcburdurlar…

– Yeni dünya nizamı qurulur, bu nizamda yer tutmaq üçün Çin də, Yaponiya da mübarizə aparır. Yaponiya min kilometrlərlə uzaqda olmasına baxmayaraq böyük ticarət nəqliyyat dəhlizinə qatılmaq üçün mübarizə aparmaqdadır. Türkiyə də qətiyyətli şəkildə geri çəkilmir. ABŞ da Rusiya faktoruna görə Türkiyəni dəstəkləməyə məcburdur.

– Fransa prezidenti Makronun “NATO beyin ölümü keçirir” sözlərini nəzərə alsaq, NATO-nun dağılmağa doğru getdiyini deyə bilərik?

– Makronun siyasəti Kreml tərəfindən yönləndirilir ki, NATO dağılsın. NATO-nun parçalanması elə Rusiyanın maraqlarına xidmət edir. Makronun da Avropa ordusunun qurulmasının vaxtının gəldiyini deməsi elə NATO-nun parçalanması deməkdir. Hesab edirəm ki, İngiltərə, ABŞ buna imkan verməz. Onsuz da Fransa NATO-nun hərbi qanadında yer tutmur. Ona görə bu təşəbbüsdən çıxış edir.

– Biz NATO-nu ABŞ-ın Avropadakı ordusu adlandıra bilərik?

– Bəli, amma NATO həmçinin siyasi bir ittifaqdır. Almaniya da, Şərqi Avropa ölkələri – Polşa, Latviya, Litva və s. NATO-nun dağılmasında maraqlı deyil. NATO-nun dağılması və ABŞ ordusunun Avropadan çıxarılması bu məkanın Rusiyanın nəzarətinə keçməsi deməkdir. NATO-nun dağılması fikrinə Fransa dəstək verir. Bunda da Parisin marağı bu ola bilər ki, Avropa ölkələrini öz nəzarətinə alsın.

– Məhəmməd bəy, bildiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında münasibətlərin normallaşmasını nəzərdə tutan  “Abraham Accord” adlanan saziş imzalandı. Necə düşünürsünüz, bu saziş ABŞ-ın ərəb dövlətlərini Türkiyəyə qarşı İsrailin ətrafında toplamaq və blok formalaşdırmaq strategiyasıdır?

– Belə deməzdim. Bunun altında İsrail-İran qarşıdurması var. Çünki ABŞ Türkiyə ilə bir çox məsələlərdə onsuz da anlaşır. Bilirik ki, Yəməndə, İraqda, Livanda, Suriyada, Fələstində İran faktoru önəmlidir və getdikcə İran müəyyən ərəb dövlətlərini öz orbitinə çəkmək istəyir. Buna görə də artıq İran silahlı qüvvələrinin dəstəklədiyi qruplar İsrail ilə sərhəddədir. Buna görə də ABŞ-ın Yaxın Şərq siyasətinin koordinatoru olan prezident Trampın kürəkəni yəhudi Kuşner ərəb ölkələri ilə İsrail arasında bu barışığı təmin etməklə birbaşa İrana qarşı koalisiyanı formalaşdırmağa çalışırlar. Çünki İranın Yaxın Şərqdə qarşısı alınmasa bu İsrailə qarşı təhlükə vəd edir. BƏƏ-nin böyük bir səhvi Türkiyəyə qarşı yer almasıdır.

– Nə üçün BƏƏ Türkiyəyə qarşı yer alır? Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi də eyni davranışı göstərir…

– Çünki onlar düşünürlər ki, Türkiyənin Yaxın Şərqdə güclənməsi Osmanlı imperiyasını geri qaytaracaq. Bu düşüncə onların qısqanclığına səbəb olur. Türkiyənin ərəb ölkələrinə qarşı hər hansı bir təzyiqi, məkrli planı yoxdur, amma İranın belə planları var. Hesab edirəm ki, BƏƏ-nin Türkiyəyə qarşı Yunanıstanla bir yerdə olması Türkiyənin güclənməsinə qarşı yönəlib. Amma bu alınmayacaq. Körfəzdəki ərəb ölkələrinin İsraillə barışdırılması bu ölkənin təhlükəsizliyi ilə bağlıdır. Əgər İsrail ərəb ölkələri ilə barışıq əldə etsə, bu faktor İranın bölgədən çıxarılması ilə nəticələnəcək. Proses buna doğru gedir.

– Yəni bu saziş İrana qarşı planlanıb.

– Bəli, bu İrana qarşıdır.

– Bundan başqa Liviyada baş verən hadisələrə diqqət yetirsək görərik ki, Qəddafinin oğlu Seyfulislam Qəddafi Sirte şəhərində siyasi güc kimi ortaya çıxır. Liviya Milli Saziş hökumətinin başçısı Fəyyaz Sarrac prezident Makronun dəvəti ilə sanki Fransaya meyl etməkdədir. Nə baş verir? Liviya bölünürmü?

– Liviya Aralıq dənizinin sahil ölkələrindən biridir, həmçinin böyük neft ehtiyatları var. Həmçinin Aralıq dənizinə nəqliyyat və Afrikaya açılım deməkdir. Buna görə Tripoli və Benqazidəki hökumətlərə müxtəlif dövlətlər tərəfindən dəstək verilməsi maraq toqquşmasından irəli gəlir. Bu səbəbdən bölgədə sülhün və stabilliyin təmin edilməsi çətindir. Türkiyə də burada maraqlı tərəfdir və BMT-nin tanıdığı Sərrac hökumətini dəstəkləyir. Fransa və Rusiya da Liviyanın bölünməsində maraqlıdır, Türkiyə isə ölkənin bütöv qalmasının tərəfdarıdır. Hesab edirəm ki, Seyfülislamın hakimiyyətə gəlməsi sadəcə polemikadır. ABŞ buna razı olmaz.

– Bu versiya Rusiyanın xəttidir.

– Bəli, guya onu hakimiyyətə gətirməklə Sirtedəki yerli qəbilələrin razılığı alınması ehtimal olunur.

– Sirte Qəddafinin qəbiləsinin yaşadığı bölgədir.

– Hesab edirəm ki, bu alınmayacaq. Çünki Tripolidə BMT tərəfindən tanınmış hökumət formalaşıb. Benqaziyə isə marşal Haftar nəzarət edir. O da artıq məğlubiyyətin astanasındadır. Fikrimcə Türkiyə burada qalib olacaq. Liviyada da İngiltərə, İtaliya Türkiyənin yanındadır. Çünki bölgədə Rusiya faktoru var, hətta Çin Liviyada möhkəmlənmək istəyir.

– Deyə bilərik ki, Türkiyə bütün baş verənlərdən güclənmiş şəkildə çıxacaq?

– Bəli, Türkiyə bu hadisələrdən güclənmiş şəkildə çıxacaq və çıxmalıdır. Yaxın Şərqin yeni gücü Türkiyədir və İsrailin də Türkiyə ilə barışması mütləqdir. Uzun illərdir ki, hər iki dövlət strateji tərəfdaş olublar, birgə siyasət həyata keçiriblər. İsrail ilə Azərbaycan strateji tərəfdaşdır. Azərbaycana hərbi dəstək verir. Hesab edirəm ki, İsraillə Türkiyənin arasının düzəlməsi Azərbaycanın da, regionun da maraqlarına uyğundur. Çünki İsraillə Türkiyə arasında arxa planda danışıqlar gedir. İsrail Aralıq dənizində elə də sərt mövqedə deyil, bir qədər yumşalmağa doğru gedib. Türkiyə ilə münaqişə vəziyyətində olmaq İsrailin maraqlarına uyğun deyil. Həmas ilə atəşkəsin əldə edilməsi prezident Ərdoğanla Həmas liderinin görüşməsindən sonra əldə olundu. Qeyd etdiyim kimi iki tərəf arasında bağlı qapılar ardında danışıqlar gedir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA