YAXIN ŞƏRQİN “ERMƏNİ CƏNNƏTİ” – Və yaxud ermənilərin prezident seçildiyi ikinci ölkə – Livan!

465

Təsadüfi deyil ki, Livan Yaxın Şərqin “erməni cənnəti” hesab edilir. Hətta Livan ermənilərin prezident seçildiyi ikinci ölkədir…

Xatırladaq ki, ölkə əhalisinin 93%-i ərəb, 6%-i erməni, 1%-i isə digər millətlərin nümayəndələridir. Livan müsəlmanları sünni (26%), şiə (27%) və druza (7%) bölünür. Ermənilərdən başqa, xristianlıq inancına mənsubiyyət əhalinin 35%-nə aiddir. Ərazisində 6%, yəni 200 minə yaxın erməni əhalinin yaşamasına baxmayaraq, ölkənin siyasi tarixi 3 erməni prezident – Kamil Nimr Şamun, Elias Yusuf Sarkis, Emil Cəmil Laxudun seçilməsinə şahidlik edib. Çünki bura erməni diasporasının güclü olduğu yeddi ölkədən biridir.

Ölkə həyatında ermənilərin nə qədər nüfuza malik olmasını, onların siyasətdən tutmuş mədəniyyətə qədər, Livanın həyatında oynadıqları rol göstərir. Onlar Livan Milli Məclisində altı deputatla təmsil olunurlar. Hətta son erməni prezidentin fəaliyyəti nəticəsində 2000-ci il, mayın 11-də Livan parlamenti “qondarma erməni genosidi”nin tanınmasına səs verib. Emil Laxudun hakimiyyəti dövründə ermənilər daha çox irəli çəkilib, dövlət idarəetməsində yüksək mövqelərə gətiriliblər. Həmçinin, Livanda erməni icması bir neçə siyasi partiya ilə təmsil olunur və ölkədə onlarla erməni məktəbi, universitetlər və müxtəlif təşkilatlar yerləşir.

Livanın ermənilər üçün əhəmiyyəti

Livanda əhali sayına görə ölkənin ikinci yerini ermənilər tutur. Erməni cəmiyyəti parlamentdə yer tutmaq hüququna malik institut kimi də ölkədə tanınır. Livanda ən böyük erməni partiyası Daşnaksütyun Partiyasıdır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Livan səfəri zamanı, bu ölkənin dövlət başçısı Mişel Süleyman da daxil olmaqla, bir çox siyasi fiqurlarla görüşündən sonra, tərəflər viza rejimini ləğv ediblər.

Ümumiyyətlə, keçmiş sövet ittifaqından başqa, Yaxın Şərqdə Livan, Suriya, Misir və İran kimi ölkələr erməni diasporu üçün əsas mərkəzlər hesab olunur. Livandakı erməni diasporu əsasən 1915-ci ildən sonrakı dövrdə burada cəmləşməyə başlamışdı və Yaxın Şərq erməniləri üçün baza rolunu oynayırdı. Bu fəaliyyət nəticəsində Livan dünya iqtisadiyyatına inteqrasiya olmuş və coğrafi mövqeyinə görə əhəmiyyətli ticarət, maliyyə, logistika meydanına çevrilmişdir. Ölkənin bu imkanlarından istifadə edən, ictimai həyatda öz sözünü diktə edə bilən erməni icması milli kimliklərini qorumaqla yanaşı, buradakı erməni Apostol Kilsəsi sadəcə dini deyil, eyni zamanda mill, mədəni, və təhsil baxımından vacib qurum halına gəlmişdir. Diasporanın Livan həyatının hər sahəsinə dərin şəkildə nüfuz etməsi bu ölkəni ermənilərin ikinci vətəni halına gətirmişdir. Təsadüfi deyil ki, Livanı ermənilər tez-tez ikinci vətən ya da ikinci paytaxt kimi təqdim edirlər.

Livan vı Ermənistan arasında dil, din, peşə və yerli fərq sərhədlərinin qısa müddətdə aşılması baş vermişdir. Bu əlaqələrin əsas təşəbbüskarları erməni siyasi partiyaları, xüsusən də Ermənistan İnqilab Federasiyası idi. Bu partiya Sosial Demokrat Hnçak Partiyası və Liberal Ramqavar Partiyası hələ 1930-cu illərdən güclü təbliğat və kütləvi səfərbərlik apararaq, yeni siyasiləşmiş kütlələr arasında “güclü və modern millətçilik duyğusu” aşılamaq məqsədilə ortaya çıxmışdılar. Üstəlik, bu siyasi institutlaşma ermənilərin “milli kimliyini” qorumaq üçün bir çox imkanlar vermişdir. Buna görə milli kimlik bucağından baxıldıqda, Livan erməni diasporu üçün önəmli mərkəz kimi çox əhəmiyyətli olmuşdur. Digər tərəfdən, yeni erməni nəsli “milli mübarizə” anlayışında Fələstin nümunəsindən bəhrələnmişlər.

Yeri gəlmişkən, zaman-zaman keçmiş Fələstin lideri Yasir Ərəfatın da ermənilərin Azərbaycan ərazilərinin işğalına haqq qazandırdığı deyilsə də, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim cəmiyyətdəki bu səhv qavramın illərlə tirajlanan yalanların nəticəsində yarandığını, həmçinin, Fələstini Ermənistanla bağlayan rəsmi bağların olmadığını bildirmişdi: “Yəni, Fələstinin Erməsitanda nə səfirliyi, nə konsulluğu, nə diplomatik əlaqəsi yoxdur”.

Ermənistan-İordaniya əlaqələri

Son günlərdə İordaniyanın da Ermənistana silah satması gündəmdə müzakirə olunan mövzulardandır. İordaniya Dağlı Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini və ölkənin ərazi bütövlüyünü dəstəkləsə də, göründüyü kimi, İordaniya-Ermənistan münasibətlərində baş verən dəyişikliklər ondan xəbər verir ki, ermənilər aktiv iş aparır və bütün sahələrdə Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar. Bu iki ölkənin demoqrafik göstəricilərinə qısa nəzər salaq görərik ki, Livandan fərqli olaraq İordaniya əhalisinin əsasını ərəblər, müəyyən hissəsini isə ermənilər təşkil edir. Əsas din islamdır, 6% əhali xaçpərəstdir. Ermənistan ümumiyyətlə son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək siyasətini həyata keçirir. Unutmayaq ki, bu siyasət bir çox ehtimal olunan hədəflərlə yanaşı, Azərbaycana qarşı yönəlib.

Diqqət olunmalı məsələlərdən biri də odur ki, Ermənistan rəhbərliyi ərəb ölkələrinin liderləri ilə görüşündə Qarabağ münaqişəsinə toxunaraq, bunun dini münaqişə olmadığını xüsusi qeyd edir, ərəb ölkələrinin Ermənistana qarşı siyasi mövqelərinin dəyişdirilməsinə çalışır. İslam Əmədaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın işağal olunmuş ərazilərində müsəlman abidələrinin Ermənistan tərəfindən dağıdılması bizim tərəfimizdən daima qeyd edilir. Ermənistan çalışır ki, ərəb ölkələrinin Ermənistana siyasətində müsbət dəyişikliyə nail olsun. Qətər, İordaniya və BƏƏ ilə əməkdaşlığını genişləndirən Ermənistan, Azərbaycana qarşı əks-təbliğat siyasətini həyata keçirir. Ərəb iş adamları Qarabağda tikinti sektorunda fəaliyyətə dəvət olunur. Bundan əlavə, işğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər və ərəb investorları Ermənistana cəlb edilir.

Ermənistan-İordaniya əməkdaşlığı iqtisadi sahədə də genişləndirilir. Eyni zamanda turizm sahəsində, yüngül sənaye və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığa də diqqət artırılır. Ticarət əlaqələri genişlənir.

İki ölkə arasında sənaye üzrə yeni razılaşmalar əldə olunub. İordaniya iş adamları tərəfindən Ermənistanda ticarət, turizm və kənd təsərrüfatından başqa kimyəvi məhsuların istehsalı, tikinti materialları və enerji sahələrinə də maraq artıb.

II Abdullahın Ermənistana səfəri, Nikol Paşinyanla, patriarx II Qareginlə görüşü, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi ciddi suallar doğurur.

Milli-mənəvi dəyərlər

Müsəlman abidələrini, məscidlərini, qəbirlərini dağıdan Ermənistanla müsəlman ölkəsinin əlaqəsi arzuolunan deyil və şübhəsiz ki, belə hallar müsəlman birliyinə ciddi zərər verə bilər. Müsəlman ölkələrinin rəhbərləri yaxşı bilirlər ki, Ermənistan işğalçıdır, həm də müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edib. İşğal etdiyi ərazilərdə məscidlərimizi yerlə-yeksan edib, bütün müsəlman tarixi abidələrini dağıdıb. Belə olan təqdirdə müsəlman dünyasına bu cür münasibət göstərən, müsəlman ölkələrindən birinin torpaqlarını işğal edən dövlətlə İslam ölkələrinin sıx təması, əlaqələr saxlaması, hətta onunla biznes forumu belə keçirməsi heç bir halda qəbuledilən məsələ deyil.

Ermənistan Avrasiya İqtisadi ittifaqına sərfəli şərtlərlə daxil olmaq üçün İordaniyaya vasitəçilik təklif edir. İordaniya tərəfi iqtisadi-ticarət əlaqələrinin inkişafına maraq göstərir. Eyni zamanda tərəflər viza rejiminin sadələşdirilməsi və ikitərəfli münasibətlərin inkişafına da çalışır. Ötən ilin payızında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan İordaniya Krallığında işgüzar səfərdə oldu. Səfər çərçivəsində general-leytenant Artak Davtyan İordaniya Krallığı Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general-mayor Yusef Ahmad Al-Hunaiti ilə görüşdü. Təsadüfi deyil ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İordaniya Krallığında işgüzar səfərdə olduğu zaman İordaniya ordusu İsrail ilə döyüşü simulyasiya edən təlim keçirirdi. Təlimdə kəşfiyyat, xilasetmə və şübhəli gəmilərə qarşı əməliyyatlar keçirmək kimi fəaliyyətlər işlənilib. Təlim hərbi əməkdaşlığı artırmaq, hərbi təcrübə mübadiləsi aparmaq, döyüş qabiliyyətlərini artırmaq, region ölkələrinin regional problemlərlə üzləşməyə hazır olması üçün əməkdaşlığı gücləndirmək və digər məqsədlərlə keçirilib. Təlim 1968-ci il Karama kəndi yaxınlığındakı müqavimətin şərəfinə “Karamanın Qılıncları” adlandırılıb. Təlimlərdə Kral Abdullah, Baş nazir Ömər Razzaz və bir sıra digər yüksək səviyyəli İordaniya rəsmiləri iştirak edib.

Bu kimi təlimlərin planlaşdırılması adətən NATO təmsilçisi, əsasən də ABŞ-ın iştirakı ilə baş verir. Ona görə də bu təlimin mövzusu, niyyəti, yaradılmış strateji və əməliyyat şəraiti, xüsusilə də qarşı tərəfin hansı ölkə olması ayrıca araşdırma mövzusudur.

Ermənistan-Misir münasibətləri

Ermənistanın daha yaxşı əlaqələri olduğu bir müsəlman ölkəsi də Misirdir. Ermənistanın ərəb dünyasında ilk səfirliyinin açıldığı ölkə Misirdir. İki ölkə arasındaki siyasi münasibətlərdə ən diqqət çəkən məqamlar Ermənistanın Misirin Dağlıq Qarabağ münaqişəsinə olan neytral münasibətini təqdir etməsi, Misirin ermənilərə qarşı olan “qətliamlar”dan sonra ölkə qaçqınlarına “ev sahibliyi” etməsi və onların Misir cəmiyyətinə olan inteqrasiyası ilə əlaqədardır.

Son 20 ildə Ermənistan və Misir yüksək siyasi, iqtisadi, mədəni, elmi əməkdaşlıq qurulmasına nail olmuşlar. Ermənistan və Misir arasında 40-dan çox qanuni sənədlər imzalanmış, yüksək səviyyəli nümayəndələrin qarşılıqlı səfərləri olmuş, çoxlu əhəmiyyətli mədəni və ictimai tədbirlər həyata keçirilmişdir.

“Hizbullah”ın ermənilərə dəstəyi…

Ermənistanla İslam dünyasını təmsil edən bəzi ərəb ölkələri arasındakı münasibətlərə toxunarkən, erməniləri qidalandıran və batmağa qoymayan ana qaynaq İrandan və onun himayəsində olan “Hizbullah”dan da danışmalıyıq. Mərkəzi Livanda yerləşən “Hizbullah” həm sivil, həm də əsgəri qanadı olan şiə inanclı və hər cür şiəliyə isti yaxınlaşan siyasi və hərbi partiyadır. Məqsədi isə Ayətullah Xomeyni tərəfdarlarının İrandakı inqilabı Yaxın Şərqə yaymaq idi və İranın əlinin gücləndirilməsinə xidmət edir.

Maraqlı burasıdır ki, Livan öz “kiçik” ölçülərinə baxmayaraq bəzi faktorlara – dinlərarası gərginlik, ərazisində dörd yüz min fələstinli qaçqın, İsraillə gərgin münasibətlərə baxmayaraq, Yaxın Şərqdə dünya üçün tranzit, transport, ticarət və maliyyə mərkəzi rolunu oynayır, buna görə də əhəmiyyətli mövqeyə malikdir.

1979-cu ildə baş verən İran İslam İnqilabı Livan şiələri tərəfindən çox həvəslə qarşılandı. 1980-ci ilin əvvəllərində İran Livan şiə təşkilatlarına maliyyə və mənəvi dəstək göstərdi. 1982-ci ildə isə İsrail Silahlı Qüvvələri Livan ərazisinə müdaxilə etdilər. Müdafiə qüvvəsi kimi İran Livana İslam İnqilabı Mühafizəkarları Korpusunu göndərdi. Bu dəstələr həm döyüşlərdə iştirak etdilər, həm də ölkədə humanitar böhranın qarşısını almaqda kömək etdilər. 1980-ci ilin sonundan başlayaraq İran Livanın “Hizbullah” qruplaşmasına geniş dəstək verməyə başladı.

Burada Livan savaşlarını bu yerdə xatırlamağa ehtiyac var. Birinci Livan savaşı 1982-ci ildə başlayıb. 2000-ci ildə İsrailin Livanın cənubundan çıxması ilə başa çatıb. İkinci Livan savaşı İsrail ordusu ilə Livanın cənubuna nəzarət edən “Hizbullah” arasında olub. 2006-cı il iyulun 12-də başlayıb və həmin ilin avqustun 14-dək davam edib.

Hər iki savaşda İranın yardımı olub. Ona görə də ehtimal etmək olar ki, Tehranı bir az da zəiflətmək, gücünü paylamağa vadar etmək üçün üçüncü Livan savaşı başlaya bilər. Bu plana uyğun olaraq həm “Hizbullah” İsrailin cənubundan “təmizlənər”, həm də bölgədə dağıdıcı rolu aradan qalxar.

Ermənistanın işğalçı imici

Həmçinin, son hadisələrdə Ermənistanın işğalçı imici beynəlxalq səviyyədə təsdiqini tapdı və bir çox ölkələr erməni işğalçı qüvvələrinin işğal altında olan Dağlıq Qarabağdan çıxmasını tələb etdi. İranın Ermənistanı himayə etməsi ermənilərin “Hizbullah” döyüşçülərindən başlayacaq Qarabağ döyüşlərində istifadə etmək ehtimalını ortaya qoyur. Əvvəllər İsrail dövlətinin Ermənistanın “Hizbullah” üçün silah daşınmasında vasitəçi dövlət kimi iştirak etməsi barədə məlumatlar mediaya sızdırılmışdı. Ermənistanın sözügedən silah daşınmasında vasitəçi funksiyası yerinə yetirməsinə dair məlumatlar İtaliyanın aparıcı mətbu orqanlarından biri olan “Corriere della sera” qəzetində yer almışdı. Gizli deyil k, Ermənistanın terrorçu qüvvələrə yardım etməsi bu ölkənin siyasətinin ana xəttidir. Əlbəttə, İranın Ermənistana hər sahədə “həyat” təmin etməsini, onun üçün “nəfəslik” rolunu oynamasını nəzərə alsaq, İranın Suriya, Livanda yaratdığı dayaq nöqtələrindən “Hizbullah”ın Ermənistanın köməyinə qaçması ağlabatandır.

Ümumilikdə isə, ermənilərin islam ölkələri ilə bağlı planlarını aşağıdakı kimi xarakterizə edə bilərik:

1. Ermənistanın ərəb ölkələri ilə sıx siyasi təmasları müsəlman ölkələrinin İslam Əməkdaşlıq Təşkilatında tutduqları mövqelərini dəyişməyə xidmət edir. Ermənistan çalışır ki, müsəlman dövlətlərini öz tərəfinə çəksin.

Haşiyə: Qafqaz Müsəlmanları İdarəsi ərəb ölkələri ilə əlaqələri sıxlaşdırıb bu istiqamətdə fəaliyyət göstərməlidir. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi xüsusən də İordaniya ilə diplomatik əlaqələr gücləndirərək, bu əməkdaşlığın qarşısını almaq üçün əməli tədbirlər görməlidir. Bu halların gələcəkdə davam etdirilməməsi və baş tutmaması üçün bütün imkanlardan, o cümlədən iqtisadi layihələrindən istifadə olunmalıdır.

2. Ermənistan Avrasiya İqtisadi ittifaqına sərfəli şərtlərlə daxil olmaq üçün İordaniyaya vasitəçilik edə bilər. Erməni psixologiyasını və Ermənistan dövlətçilik ənənələrini xatırlasaq, ermənilərin heç vaxt heç kimə dəstəyi məqsədsiz etmədiyi görünər. Ermənistan bununla bir çox Beynəlxalq layihələrdən kənarda qalmasını kompensasiya etmək, Azərbaycanın müttəfiqlərini öz tərəfinə çəkmək, Azərbaycanın beynəlxalq və regional mövqeyini zəiflətmək məqsədləri güdür.

3. İstənilən sahədə ‒ siyasi, diplomatik, hərbi-siyasi, hərbi və digər fəaliyyətlərdə yol verilən boşluqları Ermənistan rəhbərliyi öz xeyrinə doldurmağa çalışır. Bu boşluqların olmaması və doldurulması üçün səfirliklərin, diasporun, xarici kəşfiyyatın fəaliyyəti gücləndirilməli, dünyada və regionda gedən və gedə biləcək proseslərə uyğun olaraq ikitərəfli və aidiyyatı üzrə təşkilatlardakı fəaliyyətlərə vaxtında, adekvat düzəlişlər və əlavələr edilməlidir.

4. Ermənistanın müsəlman ölkələri ilə hərbi əlaqələri xüsusi diqqət mərkəzində olmalıdır. Diqqət etsək, son zamanlar Ermənistanın silah və döyüş texnikası aldığı ölkələrinin siyahısının genişləndiyi müşahidə olunur. Burada məqsədlər: yalnız Rusiyadan asılı olmamaq, daha effektiv silah və texnika əldə etmək, daha ucuz bazar tapmaq, silah və döyüş texnikasını almaqla bir çox ölkələrlərlə münasibətlərini genişləndirmək, əsasən də siyasi dəstəyini artırmaq və nəticədə Azərbaycanın beynəlxalq və regional səviyyədə, eyni zamanda hərbi sahədə mövqeyini zəiflətmək, bununla da Dağlıq Qarabağda öz mövcudluğunu möhkəmləndirmək və s. ola bilər. Ermənistanın İordaniya vasitəsi ilə başqa ölkələrdən silah və texnika alma ehtimalı vardır. Bu ehtimalın olmasını bilməkdən daha vacib məsələ isə Ermənistanın kimdən nə ala biləcəyini təhlil etmək və buna qarşı qabaqlayıcı tədbirlər görməkdir.

Ülviyyə ŞÜKÜROVA

P.S. O ki qaldı konkret olaraq Livanın Ermənistana dəstəyinə, zənnimizcə, yuxarıda sadalanan faktlardan sonra bu məsələyə tamamilə təbii yanaşmaq lazımdır. Bir halda ki, ermənilər Livanı “ikinci dövlətləri” hesab edirlər, bizim bu məsələyə müdaxiləmiz doğru olmaz. Çünki Livan kimi ölkələrdə mövcud olan rejimlər üçün islam faktoru sadəcə görüntü xarakteri daşıyıb, bundan sonra da fərqli olacağını gözləməyə dəyməz.