“Yaşıl dəhliz” xidməti və beynəlxalq münasibətlərin inkişafı – LAYİHƏ

19

Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasətilə də bilavasitə bağlıdır. Son illər ərzində ölkəmizin uğurlu gömrük siyasətinin, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası, beynəlxalq miqyasda gömrük əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılmışdır. Dünyanın 40-dan çox ölkəsi ilə gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə 70-ə yaxın saziş, protokol, memorandum və sair beynəlxalq sənədlər imzalanmış, həmçinin respublikamız 15 dekabr 1950-ci il tarixli “Gömrük Əməkdaşlıq Şurasının yaradılması barədə Konvensiya”ya, 1 yanvar 1988-ci il tarixli “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiya”ya, 21 may 1980-ci il “Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya”ya, 2 dekabr 1972-ci il tarixli “Konteynerlər haqqında Gömrük Konvensiyası”na, 14 noyabr 1975-ci il tarixli “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası”na və 18 may 1973-cü il “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”ya (Kioto Konvensiyası) qoşulmuşdur. Bunlarla yanaşı, 26 iyun 1990-cı il tarixli “Müvəqqəti İdxal Konvensiyası” (İstanbul Konvensiyası) Dövlət Gömrük Komitəsində Azərbaycan dilinə tərcümə edilərək təhlil edilmiş və bu Konvensiyaya qoşulma məsələsi ilə bağlı aidiyyəti tamamlama işləri həyata keçirilir.

Müstəqilliyimizin sərhəddən başlanılan rəmzi

Azərbaycanın Gömrük Xidməti 1995-ci ildən Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlığını davam etdirməkdədir. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə regionallaşma strategiyasına uyğun olaraq, hər bir regionda əlaqələndirici rola malik Potensialın Gücləndirilməsi üzrə Regional Ofisin yaradılması qərara alınmışdır. ÜGT-yə üzv ölkələr 6 regiona bölünmüşlər və hər bir regionda belə bir ofis fəaliyyət göstərir. ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycan Respublikasının Bakıda təsis edilməsi üzrə razılıq 2009-cu ildə Norveç Krallığının Bergen şəhərində Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında əldə olunmuş və bu barədə qərar Şura sessiyaları zamanı təsdiq edilmişdir. Bununla da “Dövlət Gömrük Komitəsi və ÜGT arasında Bakıda Potensialın Gücləndirilməsi üzrə ÜGT-nin Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu”nun müddəalarına müvafiq olaraq, ÜGT-nin Avropada yeganə Regional Ofisi fəaliyyətə başlamışdır. Adı çəkilən ofis ən müasir tələblərə cavab verən yüksək standartlarla inşa edilmiş və buradakı sinif otaqları, konfrans zalı, texnologiyanın ən son yenilikləri ilə təchiz edilmişdir. Ümumilikdə, ofisin binası müasir dizayn xüsusiyyətlərinə malik olub, potensialın gücləndirilməsi fəaliyyətinin həyata keçirilməsi üçün olduqca ideal şəraitə malikdir. Dövlət Gömrük Komitəsi ofisin təşkilati işlərinin həyata keçirilməsini öz üzərinə götürmüşdür.

Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi üzv ölkələrin gömrük xidmətləri arasında əməkdaşlığın təmin edilməsi, gömrük işi sahəsində yeniliklərin öyrənilməsi və gömrük xidmətinin müasirləşdirilməsi və islahatlarının aparılması, biznes-gömrük əlaqələrinin genişləndirilməsi, gömrük əməkdaşlarının biliklərinin və iş qabiliyyətinin artırılması, ümumilikdə, regionun inkişafına səbəb olan və milli gəlirlərin daha çox toplanması ilə nəticələnən güclü regional və beynəlxalq ticarətə aparan iqtisadi göstəricilərə nail olmaqla, Avropa regionu gömrük xidmətlərinin potensialının gücləndirilməsinə yardım edir.

Gömrük xidməti və sahibkarlığın inkişaf

Gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidmətinin sədri və müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib. Sahibkarlar qarşısında çıxış edən DGK- sədri bildirib ki, hazırda ölkə prezidenti tərəfindən daxili istehsalın, ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub. Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrük orqanlarının informasiya texnologiyalarından və müasir nailiyyətlərindən yararlandığını söyləyən sədr, ticarətin asanlaşdırılması, biznes subyektlərinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib.

Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır. “Yaşıl dəhliz” sisteminin tətbiqi zamanı istər gömrük orqanları, istərsə də sahibkarlar müəyyən problemlərlə üzləşir. Lakin səmərəli və işgüzar dialoqlar vasitəsilə çatışmazlıqların aradan qaldırılması mümkündür. Komitə sədri sistemdən istifadə edən şəxslərin bəzi hallarda qısa idxal bəyannamələrini gömrük orqanlarına təqdim etmədiklərini, bu kimi halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. O da qeyd olunub ki, qısa idxal bəyanamələrinin düzgün doldurulması və təqdim edilməsi, “yaşıl dəhliz” sistemilə bağlı digər prosedurların qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün gömrük orqanları sahibkarlara təmənnasız dəstək göstərəcək. Sistemin istər sahibkarlar, istərsə gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinin də böyük olduğunu vurğulayan sədr tələb olunan prosedurların düzgün şəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb. Görüş zamanı sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətində tapşırıqlar verilib.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Fəaliyyəti və Azərbaycan gömrükçüləri üçün regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycan gömrüyünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını, DGK əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirilib.

Gömrük sistemində korrupsiya hallarının aradan qaldırılması yolları

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan innovativ islahatların gömrük orqanlarında həyata keçirilməsindən bəhs edən DGK sədri korrupsiyaya qarşı aparılan mübarizə, şəffaflığın təmin oluması sahələrində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.

DGK sədri 2019-cu ildə Azərbaycanda narkotiklərlə mübarizə və informasiya texnologiyaları sahəsində beynəlxalq konfransların keçiriləcəyini və bu tədbirlərin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin icrasına yenidən başlarkən Azərbaycana səfər etməkdən qürur duyduğunu söyləyib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun bir neçə orqanının Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

27 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Baş katib, informasiya texnologiyalarının tətbiqi, korrupsiya ilə mübarizə, potensialın və gömrük-biznes əməkdaşlığının gücləndirilməsi sahəsində əldə edilən uğurları diqqətə çatdırıb və Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsiniÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb. ÜGT rəhbəri ticarətin asanlaşdırılması, gömrük nəzarətinin gücləndirilməsi tədbirlərinə paralel olaraq biznes nümayəndələri ilə səmərəli əlaqələrin qurulmasının da təqdirəlayiq olduğunu bildirib.

ÜGT rəhbəri gömrük sahəsində islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib. Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.