Yaşayış binalarında insanların rahatlığını pozan “moyka”lar

    21

    Hüquqşünas: “Məsələ ilə bağlı məhkəməyə müraciət edib, iki məsələni tələb etmək olar”

    Bakıda son zamanlar avtoyuma məntəqələrinin (“moyka”) sayı durmadan artır. Əksər “moyka”lar isə binaların həyətində, yaşayış yerinə yaxın ərazilərdə tikilir. Bu isə əlavə problemlərə yol açır. Belə ki, “moyka”larda işlədilən elektrik cihazlarının, su nasoslarının səsindən yaxınlıqda yaşayan insanlar narahat olurlar, bəzən onlar gecələr də işləyərək, insanların dincəlməsinə imkan vermirlər.

    “Moyka”larda çox zaman yüksək səslə musiqi də oxudulur ki, bu da əlavə problemlərə yol açır. Məsələ ilə bağlı “Yeni Müsavat”a şikayət edən oxucular bildiriblər ki, xüsusilə də problem Xətai rayonunda daha da acınacaqlıdır. Burada fəaliyyət göstərən “moyka”ların əksəriyyətində yüksək səslə musiqi oxudulur, gecə saatlarına qədər nasoslar işlədilir.

    Öncə qeyd edək ki, avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməlisən. Ərizəyə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, həmçinin ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki sənədlər əlavə olunmalıdır. Ərizəyə 30 gündən gec olmayaraq baxılır. Sənədlərdə problem olarsa, nazirlik tərəfindən geri qaytarılır və şəxs problemi aradan qaldırıb, yenidən müraciət etməlidir.

    Şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqələrində qiymətlər fərqlidir. 3, 5, 10, 20, hətta 30 manata maşın yuyulan “moyka”lar var. Qiymətlər maşının yuyulma qaydasından və formasından asılı olaraq dəyişir. Qiyməti 3 manata olan “moyka”larda avtomobil 1 dəfə dərmanlanır, daha sonra təzyiqlə su vurulub qurulanır. Həmin qayda ilə bu cür yerlərdə “Ceep”ləri 5 manata yuyurlar. Təmaslı yuyulan yerlərdə isə əsasən “Sedan”lar 6, “Ceep”lər 10 manata yuyulur. Burada salon tozsoranla təmizlənir, təkərlər qaraldılır, maşının hər yeri səliqəli şəkildə təmizlənir. 20-30 manatlıq yerlərdə isə maşın parla yuyulur, motorxana təmizlənir. Qiymət “moyka”nın harada yerləşməsindən asılı olaraq da dəyişir. Şəhərin mərkəzinə doğru qiymətlər bahalaşır.

    Bəs “moyka”lar harada açıla bilər? Qanunda bu barədə nə yazılıb?

    Qanunvericilikdə texniki təmir, texniki qulluq stansiyaları deyilən anlayış var. Onların tikintisi standarta uyğun olmalıdır. Qanunvericiliyə görə, bu tikililər hərəkətə maneə yaratmamalıdır. Eyni zamanda səkidə, yaşayış yerinə həddindən artıq yaxın ərazidə də qanunlara görə hansısa texniki təmirdən söhbət gedə bilməz.

    “Yeni Müsavat”a danışan Əsabəli Mustafayev bildirib ki, bu cür məsələlərdə vətəndaş məhkəməyə müraciət edə bilər:

    “Bizdə səsin gücünə görə normalar var. Orada göstərilib ki, yaşayış sahəsində gündüz və gecə saatlarında səs nə qədər ola bilər. Bununla bağlı normativ akt var. Buna istinad edilərək, məhkəməyə müraciət olunur. Məhkəmədə ya dəymiş ziyan tələb olunur, ya da obyektin köçürülməsi. Dəymiş ziyan dedikdə, burada mənəvi ziyandan söhbət gedir. Yəni səs nəticəsində sən istirahət edə bilmirsən, evdə narahat olursan və sairə. Maraqlı şəxs kimi də icra hakimiyyətini, yaxud da bələdiyyəni cəlb etmək olar. İstənilən halda, bu, məhkəməlik olan işdir. Yaşayış yerində xidmət obyektləri ola bilər. Ancaq orada sanitar normalara nəzarəti həyata keçirmək lazımdır. Obyektin ayrıca kanalizasiya, su xətti olmalıdır ki, işlədilən su evlərin zirzəmisinə getməsin. Bundan əlavə, obyektin yaratdığı səs-küy də yaşayış üçün problem yaratmamalıdır. Bütün bunlara riayət edilməlidir. Sakinlər sanitar-gigiyenik mərkəzlərə də müraciət edib, bildirməlidirlər ki, obyektin evdən bu qədər aralıda tikilməsi ilə bağlı rəy verilsin. Rəy verilərsə, sakinlər məhkəmədə iddia qaldırıb, obyektin köçürülməsinə nail ola bilərlər”.