Yasamal hadisəsinə görə saxlanılan qardaşlardan biri sərbəst buraxıldı

54

Yasamalda polis əməliyyatı zamanı saxlanılan Kərim Süleymanov azadlığa buraxılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Report”a vəkil Cavad Cavadov məlumat verilib.

Qeyd edək ki, K.Süleymanovun digər qardaşı Elvin Süleymanov evində yatdığı yerdən aparılıb və ona inzibati həbs cəzası verilib.

Onlar əməliyyat zamanı polis əməkdaşı tərəfindən yersiz ifadələrə məruz qalan G.Süleymanovanın oğlanlarıdır.

Həmin qadına qarşı “dovşansınız” ifadəsi işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Onun adından G.Süleymanovadan üzrxahlıq edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

“Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar”, – məlumatda bildirilib.