Yasamalda göl ətrafının ərazisi əvvəlki vəziyyətə gətirildi – FOTOLAR

261

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda “Üç Tac” yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər tərəfindən müxtəlif qurumlara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciətlər ünvanlanmışdı. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, müraciətə  baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb.
Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı   mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.

Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə biləz.

Hazırda “Üç Tac” yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin  təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaq.