Yasamal sakinlərinin keçmiş başçı haqda düşüncələri…

159

Və yaxud Əziz Əzizov Suraxanının icra başçısı təyin edildikdən sonra rayonda nə dəyişdi…

Həmişə və hər yerdə qurub-yaradan, qurduqları ilə bahəm adlarını da dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza yadigar, nişan qoyan insanlara xalqlar, millətlər “qurucu” adı veriblər. Tarixdə bu sayaq qurucular çox olub. Zəmanəmizə onlardan bəzilərinin adı, bəzilərinin isə qurub-yaratdıqları «şedevrlər» qalıb. Qədirbilən insanlar da həmin qurucuların bizə miras qoyduqları nə varsa onlara baxa-baxa tarixdə tarix yaradanlara və yaşadanlara Uca Allahdan qəni-qəni rəhmət diləyiblər.

…İndinin özündə də az deyil bu sayaq, xalqdan, eldən-obadan «qurucu» adını ərməğan alanlar. Bu sayaq qurucuların bəziləri nəyinsə xatirinə, qurduqları nə varsa, özlərinin nəfinə qurur. Bəziləri isə bu quruculuğu Vətən borcu, millət qayğısı hesab edir və həmişə, hər yerdə, elədiklərini vicdanının səsinə qulaq asa-asa eləyir.

Bu sayaq qurucu insanlardan biri də hazırda Suraxanı rayonunda İcra Hakimiyyətinə başçılıq edəndur, desəm əsla yanılmaram. Eşitdiyimə və bildiyimə görə, Əziz müəllim harada və hansı vəzifədə işləyib-işləsin, quruculuğu ilə özünü xalqın xidmətçisi bilib. Həmin yerlərin adamları hörmət əlaməti olaraq ona “Qurucu Əziz” ayaması veriblər. Ona “Cənab Əzizov”- yox, sadəcə olaraq “Əziz müəllim” deyiblər.

İndi başçılıq etdiyi Suraxanı rayonunda da böyükdən-kiçiyə hamı ona, “Əziz müəllim” deyə müraciət edir. Bu da səbəbsiz deyil. Əziz müəllim heç zaman vəzifəsi, mövqeyi ilə öyünməyib, insanlara, xüsusən də sadə zəhmət adamlarına yuxarıdan aşağı baxmayıb və daim özünü xalqının, dövlətinin xidmətçisi hesab edib. İndinin özündə də ən yaxın dostları, sadə əmək adamlara və milli-mənəvi sərvətlərin  daşıyıcıları – sənət və peşə ustaları ona hörmət edir, xətrini əziz saxlayırlar. Bu da səbəbsiz deyil. Əziz müəllim həmişə xalqın içində olur, insnaların sevincinə sevinir, kədərinə şərik çıxır.

…Mən Əziz müəllimi şəxsən tanımasam da, haqqında çox eşitmişdim. Deyilənə görə harada, hansı vəzifədə işləyib, vəzifə məsuliyyətini dərk edib, vicdanla çalışıb, adamlarla işləməyi bacarıb. Özü də hər yerdə vicdanın səsinə qulaq asıb, ətrafındakıları da bu səsi dinləməyə öyrədib, işgüzar, bacarıqlı və qurucu şəxs olub.

Əziz müəllim Bakı şəhəri Yasamal rayonunda İcra Hakimiyyətinin başçısı kimi az – cəmi bir il işlədi. Lakin bir il ərzində rayonda apardığı böyük quruculuq işlərinə, yaratdığı səliqə-səhmana baxanda onun barəsində deyilənlərin, həqiqət olduğunu anladım. O, az vaxtda rayon ərazisində iki mədəniyyət və istirahət parkı və uşaq əyləncə guşələri, Yasamal ərazisində tikilməkdə olan sosial evlərin inşaasını sürətləndirdi, həmin məhəlləyə ikitərəfli yol çəkdirərək, rayonda ən çox gediş-gəlişli yol olan A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkətini tənzimlədi, məhəllələrdə və həyətlərdə nümunəvi çəliqə-səhman yaratdı, bir neçə küçəyə asfalt döşətdirdi, yeni-yeni yaşıllıq zolaqları saldırdı, küçə və meydançalarda bağ və parklarda on minlərlə yeni ağac tingləri əkdirdi. Bir sözlə, İcra başçısı bütün günü yorulmaq bilmədən işlədi, rayonun ərazisini el demiş, dörd dolandı, nəzərə çarpan xırda-para nöqsanları aradan qaldırıb, verdiyi tapşırıqların icrasını dönə-dönə yoxlayır, adamlarla iş üstündəcə görüşür, söhbətləşir və onların arzu və istəklərini dinləyirdi. Onu İcra Aparatında görmək az-az hallarda olurdu.

Rayonun bir ziyalısı və jurnalisti kimi, bir işin qaydaya düşməsi üçün günlərin bir günü icra başçısı ilə görüşməyi qərar aldım və görüşdüm də. Başçı məni çox mehribanlıqla qarşılayıb, tanışlıqdan sonra gəlişimin məqsədini soruşdu:

– Müəllim, şikayətin nədəndir?

– Mən şikayətə gəlməmişəm. Xahişə gəlmişəm, – dedim və əlavə etdim, –  həyətimizin yanında bir zibilxana var. İlboyu ora kim gəldi, zibil atır. İstəyirəm həmin zibilxananı düzəltdirib, ora ağac əkib, yaşıllıq salım. Ona görə də…

– Ora kimin balansındadır? Rayonun, yoxsa?

– Əslində indi heç kimin. Əlli il əvvəl orada Bakı Dövlət Universitetinin   yataqxanalarının qazanxanası idi. Sonra Bakı Dövlət Universiteti özü üçün müasir qazanxana tikdi və həmin qazanxana ləğv edildi. Bundan sonra sahibsiz qazanxana ayrı-ayrı işbazlar tərəfindən söküldü, buxar qazanları və boruları sökülüb satıldı. Yataqxana binalarında qaçqınlar yerləşdirildi. Bundan sonra həm yataqxanada, həm də yaşayış binaların həyətlərində kim əlinə nə keçdi atdı həmin yerə və ora oldu üfunət mənbəyi. İndi oranı hamarlatdırıb, ağac və gül əkmək istəyirəm.

– Əla fikirdir. Günü bu gün ora baxaram.

Dediyi kimi də elədi, zibilxanaya baxdı və oranı dərhal zir-zibili təmizlətdirib, ağac əkərik, – deyərək Rayon Yaşıllaşdırma İdarəsinə göstəriş verib, özünəməxsus xoş təbəssümlə gülümsəyib məni yola saldı.

Əziz müəllim iş gününün axırında həmin zibilliyə baxır. Ora 50 ting gətirilməsini tapşırır.

Səhər tezdən özünün iştirakı ilə zibilxana təmizləndi və Əziz müəllim də bir dəstə adamla ora gəlib, hamarlanmış zibilxanada əlliyə qədər ağac əkdirdi. Ağacları suvarmaq və qulluq etmək üçün fəhlə ayırdı. Amma su məsələsi həll edilmədi. Başladı bağda təzə əkilmiş ağacları suvarmağa. Sonra orada səliqə-səhman yaratdıq, növbənöv gül-çiçək əkdirib və iyul ayında zibillik oldu əsil gülüstan.

Əziz müəllimin özü dəfələrlə bura gəlib, gülbaxçaya baxıb, onu yaradanlara afərin dedi. Bir dəfə də Rayon Yaşıllaşdırma İdarəsinin işçilərini çağırıb:
– Gedin, Mətbuat küçəsindəki 31 və 33-cü binanın yaxınlığındakı güllü baxçaya baxın və utanın. Qoca müəllim əkdiyimiz əlli ağacın hamısın göyərdib, həndəvərində gül-çiçək əkib. Siz isə əkdiyiniz bir yana, yaşıl ağacları da baxımsızlıqdan  qurutmusunuz…

Çox təəssüf ki, Əziz müəllim Yasamal rayonundan tez getdi. Cənab Prezidentin sərəncamı ilə onun quruculuğunu, işgüzarlığını, təbiət və həyat vurğunluğunu nəzərə alıb, şəhərin ucqarında, gözdən-qulaqdan uzaq olan Suraxanı rayonuna İcra Hakimiyyətinin başçısı təyin etdi. Bundan sonra Əziz müəllim quruculuq fəaliyyətini Suraxanı rayonunda davam etdirdi.

Qeyd edim ki, Suraxanı rayonu şəhərin Yasamal, Səbayil, Nəsimi, Nərimanov, Xətai və Nizami rayonlarına nisbətən ərazisi etibarilə xeyli böyükdür. Rayon bir neçə qəsəbəni, kəndi və yeni salınmış yaşayış sahəsini əhatə edir və hər birinin də özünəməxsus yol, işıq, qaz, su, istilik və s.  problemi  vardır. Əziz Əzizov rayona gələn kimi, peşəkarlardan ibarət  mötəbər bir komissiya yaratdı. Bülbülə, Əmircan, Bakıxanov, Qaraçuxur, Suraxanı, Hövsan qəsəbələrində və yeni salınmış digər yaşayış massivlərində, nəzərə çarpan əyər-əksikləri, çatışmazlıqları diqqətlə yoxladıb, onların aradan qaldırılması üçün tədbirlər planı hazırlayıb, müəyyən vaxt ərzində həyata keçirməyə başladı. Yoldan, işdən, sudan əziyyət çəkən qəsəbələrə, xüsusən də   Əmircan qəsəbəsinə bütünlüklə asfalt döşəndi. Bakıxanov qəsəbəsinin səkiləri yenidən düzəldilib, qaydaya salındı, Qaraçuxur qəsəbəsində bərbad küçələr yenidən qurulub, başdan-başa işıqlandı rayondakı yaşıllıqların sahəsi artırıldı və sair və ilaxır.

Suraxanı rayonun sakinləri işgüzarlığına, qayğıkeşliyinə, adamlarla xoş münasibətinə və quruculuğuna görə icra başçısından razılıq edirlər. Onun quruculuğuna, yaradıcılığına, təşəbbüskarlığına və insanlara, xüsusən də şikayətçilərə göstərdiyi insani münasibətini bildirənlərin biri də, Qaraçuxur qəsəbəsində yaşayan jurnalist  Arzuman Loğmanoğludur. Əziz müəllimin quruculuğundan söz düşəndə o, dedi:

– Doğrudan da Əziz Əzizov əsl xalq adamıdır. Rayonun sosial və mədəni inkişafı üçün gecə-gündüz çalışır. Gündə o boyda rayonu azı bir dəfə gəzib-dolanır. Adamlarla görüşüb, söhbət edir, şikayətlərini öyrənir və  dərhal da tədbir görür, nöqsanları aradan qaldırır. Vətən Müharibəsi başlayandan bəri onun qayğıları daha da artıb. Bir ayağı Bakıda olanda, o biri cəbhə bölgələrində olur, döyüşçülərə sovqat dayşıyır, yaralı döyüşçülərə baş çəkir, şəhidlərin dəfnini təşkil edir. Niyə uzağa gedək, mən yaşadığım küçə yaman gündə, yollar bərbad idi. Yayda tozdan, qışda palçıqdan getmək mümkün deyildi. Bunun üçün əvvəlki icra başçılarına dəfələrlə müraciət etsək də, şikayətimi qulaqarıdan vurmuşdular.

Əziz müəllim Suraxanı rayonuna icra başçısı gələndə vəziyyəti ona da dedim. Diqqətlə məni dinlədi. Həmin gün işdən sonra bizim küçəyə gəldi, vəziyyəti gözü ilə gördü. Bir neçə gün sonra küçənin yenidən qurulmasına başlandı. Xır daşındı, səki daşları quruldu və asfalt döşəndi və işıqlandırıldı. İndi həmin küçə camaatın gəzinti, seyrangah yeri olub.

Bir sözlə, Əziz müəllim təbiət, həyat, gözəllik adamı, əsl qurucu rəhbərdir. Quruculuq missiyasını vicdanla və daima yerinə yetirdiyinə görə hamımız ona minnətdarıq.

 

Məmməd ƏFŞAN,

 

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist