Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri saxlanıldı

162

Oğuz və Qubada aşkarlanan hər iki fakt üzrə tədbir görülüb

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub.

Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.

T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Qeyd edək ki, Qubada da yaşayış evini tərk edən COVID-19 xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Araşdırmalarla həmin şəxsin Quba rayon sakini Orxan Mikayılov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq O.Mikayılov qaydaları pozaraq Xaçmaz rayonuna gəlmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və O.Mikayılov təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

KƏNAN