Yarımmilyonluq texnika, yoxsa..? – İnsanları ölümə sürükləyən “BakuBus” – VİDEO

87

”Ekstrimal vəziyyətlərdə ağır hadisələrin qarşısının alınması üçün avtobuslar xəttə buraxılmazdan əvvəl texniki baxışdan keçirilib, yoxlanılmalıdır. Avtobusda texniki nasazlıq varsa, içərisi sərnişinlə dolu olduğu halda deyil, qarajda olduğu müddətdə həll olunmalıdır”.

Hurriyyet.org bildirir ki, bunu Yenicag.az-a açıqlamasında Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bugünlərdə “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri fonunda bu nəqliyyat vasitələrinə texniki qulluq məsələsini gündəmə gətirərkən deyib.

Ə.Hüseynov avtobusların yanmasında istismarla məşğul olan şirkətlərin məsuliyyət daşıdığını vurğulayıb:

“Bunun hüquqi tərəfləri də var. O avtobusların təxminən yarım milyon qiyməti var. Bu nəqliyyat vasitələrinə istismar və eləcə də texniki qulluqla bağlı istehsalçının təyin etdiyi dəqiq təlimat var. Bu təlimatlara ciddi riayət etmək, vaxtlı-vaxtında avtobuslara texniki qulluq göstərmək, istismar şərtlərinə dəqiq riayət etmək lazımdır. Bu şərtlərə əməl olunarsa, heç bir problem yaranmamalıdır. Yaranacağı təqdirdə də təmir olunaraq, problemin qarşısını almaq, ya da aradan qaldırmaq mümkündür. Texniki müayinə, qulluq mütləqdir. Burada əsas məsuliyyət həmin avtobusların istismarı ilə məşğul olan şirkətlərin üzərinə düşür.

Ekstrimal vəziyyətlərdə ağır hadisələrin qarşısının alınması üçün avtobuslar xəttə buraxılmazdan əvvəl texniki baxışdan keçirilib, yoxlanılmalıdır. Avtobusda texniki nasazlıq varsa, içərisi sərnişinlə dolu olduğu halda deyil, qarajda olduğu müddətdə həll olunmalıdır. Ciddi texniki pozuntulara, məsuliyyətsizliyə yol verilərsə, təlimatlarda qoyulan şərtlərə riayət olunmazsa, onda yarımmilyonluq texnika da sıradan çıxar, eyni zamanda sərnişinlərin də həyatı təhlükə ilə üz-üzə qalar”.