Yaralı döyüş yoldaşlarını xilas edərkən şəhid olan kapitan

240

İkinci Qarabağ savaşında ölkəmizin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Məmmədov Anar Kərəm oğludur. Əslən Cəbrayıl rayonunun Dağ Tumas kəndindən olan Anar Məmmədov 1984-cü ildə Bakı şəhərində anadan olub.

O, 2003-cü ildə 115 saylı Azər Məmmədov adına tam orta məktəbini bitirib, elə həmin ildə Tibb universitetinin Pediatriya fakültəsinə daxil olub.

2006-cı ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirib. 2008-ci ildə Şəmkir rayonunda leytenant rütbəsi ilə ixtisasını davam etdirib. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda N saylı hərbi hissədə xidmət edib, daha sonra Cəlilabad korpusunda, ordan da sülhməramlılarla birgə 6 ay Əfqanıstanda xidmətdə olub. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar korpuslarında xidmət edib, 2018-ci ilin dekabr ayında Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirib.

A.Məmmədov 2020-ci il sentyabr ayının 26-da evə gələrək, “poliqona gedirik” deyib yaxınlarıyla sağollaşıb və evdən çıxıb. Oktyabrın 29-da evlə əlaqə saxlayıb, “Cəbrayılın Dağ Tumas kəndini işğaldan azad etmişik” deyə sevincini bölüşüb. Ailəsi o zaman başa düşüb ki, Anar onlarla xudahafizləşəndə poliqona yox, cəbhə bölgəsinə yola düşürmüş.

Anar Məmmədov 2 noyabrda Xocavənd istiqamətində gedən döyüşlər zamanı yaralı yoldaşlarına yardım göstərməyə gedərkən mühasirəyə düşüb. Elə orada da qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Cəsur döyüşçümüz Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin və Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhid kapitan 2-ci fəxri xiyabanda dəfn edilib.

virtualaz.org/