Yaponiyanın baş naziri Şinzo Abenin istefasının səbəbləri və gözləntilər

54

Avqustun 28-də Yaponiyanın Baş Naziri Şinzo Abe gözlənilmədən tutduğu vəzifədən istefa verdiyini bəyan etdi. “Gündoğar ölkə”nin hökumətinə fasiləsiz olaraq ən uzun müddət başçılıq etmiş Şinzo Abenin istefasının səbəbləri və nəticələri bu gün həm ölkə, həm də əcnəbi ekspertləri düşündürən mühüm suallardır.

Xatırladaq ki, Şinzo Abe 2012-ci ilin dekabrında Liberal Demokratik Partiya (LDP) ümumi seçkilərdə qələbə qazandıqdan sonra hakimiyyətə gəlib. Buna qədər isə o, 2006-cı ilin sentyabrından 2007-ci ilin sentyabrınadək – düz bir il müddətində baş nazir vəzifəsini tutub. Lakin həmin vaxt olduğu kimi, bu dəfə də Ş.Abenin istefasının səbəbi onun səhhəti ilə əlaqələndirilir. Baş Nazirin yoğun bağırsağında davam edən xroniki xəstəliyin onda güclü sancılar doğurduğu və bunun hökumətin fəaliyyəti ilə bağlı qərarların qəbuluna təsir göstərdiyi qeyd edilir.

Son günlər onun Tokionun mərkəzində yerləşən Keyo Universitetinin xəstəxanasına müraciət etməsi və bir həftə ərzində orada iki dəfə müayinədən keçməsi barədə biz artıq xəbər vermişdik. Yapon mentalitetində özünü çox qabarıq şəkildə göstərən işə bağlılıq xüsusiyyəti burada da təsdiqini tapdı. Səhhətinin yaratdığı problemlərin onun fəaliyyətinə mənfi təsirini etiraf edən Baş Nazir tərəddüd etmədən vəzifələrinin icrasını dayandırdı.

Bəs, Şinzo Abenin Yaponiya tarixində ən uzun müddət davam etmiş hakimiyyəti bu ölkəyə nə kimi yeniliklər gətirdi? Yaponiya tarixi Şinzo Abeni necə xatırlayacaq? Bu siyasətçi hökumətə başçılıq etməyə başlayarkən qarşısına qoyduğu vəzifələri yerinə yetirə bildimi? Onun siyasi və iqtisadi fəaliyyəti istənilən nəticələri verdimi?

Düşünürəm ki, bu suallara aydınlıq gətirmək üçün Ş.Abenin həm xarici, həm daxili, həm də iqtisadi siyasətinin istiqamətlərini və əldə edilən nəticələri araşdırmaq lazımdır.

Xarici siyasətdə qarşıya qoyulan vəzifələrin icrasına Ş.Abe keçirdiyi son mətbuat konfransında özü də toxunub. Ölkə ictimaiyyətini ən çox narahat edən Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının taleyinin müəyyən edilməsi ilə bağlı vəzifə bütün cəhdlərə baxmayaraq, yerinə yetirilməmiş qalıb. Ş.Abe hökumətinin bu istiqamətdə uğur qazanmaq üçün həmin mövzunu ABŞ-Şimali Koreya liderlərinin danışıqlarının gündəliyinə daxil edilməsinə nail olmasına, Baş Nazirin problemin həlli üçün Şimali Koreya ilə müzakirələrə heç bir ilkin şərt irəli sürmədən hazır olması barədə bəyanatına baxmayaraq, prosesdə irəliləyiş əldə etmək mümkün olmadı.

Ş.Abe hökumətinin xarici siyasətinin növbəti əsas məqamı kimi Rusiya ilə mübahisəli torpaqlar məsələsinin həlli və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar da nəticəsiz qaldı. Rusiya Prezidenti ilə həm beynəlxalq tədbirlər, həm də qarşılıqlı səfərlər zamanı aparılan müzakirələrdə intensivlik təmin edilsə də, konkret nəticə qazanılmadı. Bu danışıqlarda hər iki tərəfin mütəxəssislərinin də etiraf etdiyi kimi, yeganə uğur tərəflər arasında birgə iqtisadi-təsərrüfat layihələri və yaponların əcdadlarının qəbirləri qalmış torpaqları vizasız ziyarət etmək barədə razılıq oldu. Yaponiya və Rusiya liderləri arasında sülh müqaviləsinin bağlanması üçün danışıqların keçmiş SSRİ ilə 1956-cı ildə imzalanmış birgə bəyanat əsasında aparılması barədə əldə edilmiş razılığa baxmayaraq, bu istiqamətdə də konkret nəticə əldə olunmadı. Mütəxəssislər tərəfindən siyasi cəhətdən çevik və praqmatik siyasətçi kimi xarakterizə olunmasına baxmayaraq, Ş.Abenin bu istiqamətdə cəhdləri tamamlanmamış qaldı.

Sabiq Baş Nazirin hakimiyyəti dövründə Yaponiya yalnız Rusiya ilə deyil, eyni zamanda, Çin (Senkaku adaları) və Cənubi Koreya (Takeşima adaları) ilə də ərazi mübahisələrinə görə gərginlik yaşayıb. Çin ilə dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində münasibətləri yaxşılaşdırmaq istiqamətində cəhdlər müəyyən irəliləyişə səbəb olsa da, təəssüf ki, Çin Sədrinin Yaponiyaya nəzərdə tutulan dövlət səfərinin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması bu prosesi də yarımçıq qoydu.

Çindən fərqli olaraq, Cənubi Koreya ilə müttəfiqlik münasibətlərinə malik Yaponiya arasında əlaqələr yalnız ərazi mübahisəsinə görə deyil, həm də İkinci Dünya müharibəsi vaxtı məcburi əməklə bağlı koreyalılar tərəfindən irəli sürülən kompensasiya tələblərinə görə gərgin olaraq qalmaqda davam edir. Məsələnin həlli ilə bağlı Cənubi Koreyanın Dünya Əmək Təşkilatının komissiyasına müraciəti münasibətləri daha da kəskinləşdirib.

Yaponiya dünyanın istənilən praqmatik ölkəsi kimi, ilk növbədə, milli maraqlara əsaslanan bir dövlətdir.

Ş.Abe hökumətinin iqtisadi sahədə həyata keçirdiyi və cəmiyyətdə “abenomika” kimi tanınan siyasətinin də hansı nəticələrə gətirib çıxaracağı hələlik məlum deyil. Ölkə iqtisadiyyatını canlandırmaq məqsədilə istehlak vergisini 8 faizdən 10 faizədək qaldırmaq barədə hökumətin qəbul etdiyi qərar dövlət büdcəsinin artımına təkan versə də, əhali tərəfindən birmənalı qarşılanmayıb.

Bununla yanaşı, bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası dövründə Ş.Abe hökumətinin həyata keçirdiyi siyasət də cəmiyyət tərəfindən tənqidə məruz qalıb. Mütəxəssislər hökuməti pandemiya ilə mübarizədə ləng tərpənməkdə, bunun üçün lazım olan tibbi ləvazimatın və avadanlığın istehsalının təşkilində yaranmış problemlərə görə kəskin tənqid edirlər. Eyni zamanda, pandemiya dövründə iqtisadiyyatın çökməsinin, iş yerlərinin bağlanmasının qarşısının alınması, kiçik və orta sahibkarlığa dəyən zərərlə bağlı subsidiyaların ayrılması istiqamətində hökumətin atdığı addımların kifayət etmədiyi də bildirilir.

Hökumətin bütün cəhdlərinə baxmayaraq, artıq on illərdir davam edən iqtisadi çökmənin qarşısını ala bilməməsi də Ş.Abe hakimiyyətinin əsas mənfi məqamlardan biri kimi qeyd edilir.

Ş.Abenin istefasının əsasında onun rəhbərlik etdiyi LDP-dən gətirilən kadrların yol verdiyi səhvlərin də mühüm rol oynadığı bildirilir. Müxalif partiyaların tələbləri nəticəsində LDP-dən seçilmiş həmin deputatların seçkilər zamanı etdikləri səhvlər, korrupsiya faktlarına görə tutduqları vəzifələrdən istefa vermələri, hətta bəzilərinin prokurorluq orqanları tərəfindən həbsi hökumətin reytinqinə təsir göstərən məqamlardandır.

Lakin qeyd etdiyimiz bütün bu məqamlara baxmayaraq, Şinzo Abenin Yaponiyanın Baş Naziri vəzifəsini tərk etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük təəssüf hissi ilə qarşılanır. Sadə yaponlar həmişə onu daha yaxşı namizədin olmadığı üçün yüksək qiymətləndirdiklərini deyirlər. Xarici nümayəndələr isə onun çevik və praqmatik siyasətçi, bacarıqlı strateq olduğunu vurğulayırlar.

Şinzo Abe 2006-cı ildə ilk dəfə Baş Nazir seçilərkən Yaponiya tarixində ən gənc hökumət başçısı olub. İkinci dəfə – istefa verdikdən beş il sonra hakimiyyətə qayıdan siyasətçi ölkə tarixində ən uzun müddət hökumətə rəhbərlik edib və Baş Nazir vəzifəsindən könüllü şəkildə istefa verib. Yeri gəlmişkən qeyd edək ki, bu, müxtəlif qrupların və fraksiyaların balansı üzərində qurulan yapon siyasi sistemində heç də asan məsələ deyil.

Şinzo Abe Yaponiyanın ən məşhur siyasətçilər ailəsinin üzvüdür. Onun babası və əmisi Yaponiyanın Baş nazirləri olublar, atası uzun müddət Xarici İşlər Nazirliyinə rəhbərlik edib və hökumət başçısı vəzifəsini tutmaq imkanı olub. Həm atasını, həm də babalarını ötən Şinzo Abe yəqin ki, Yaponiya tarixində həmişə hörmətlə anılan Baş nazirlərdən biri olacaq.

Bəs, hakim partiyada Şinzo Abeni kim əvəz edəcək və onun başladığı siyasət davam edəcəkmi?

Hazırda bu sual Yaponiya ictimaiyyətini çox düşündürür və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Yaponiya KİV-lərinin yaydığı məlumatlara görə, yeni liderin seçkiləri ilə əlaqədar səsvermənin qaydaları barədə qərar LDP-nin baş şurasının sentyabrın 1-də keçiriləcək iclasında qəbul ediləcək.

LDP-nin yeni lideri uğrunda mübarizəyə partiyanın siyasi şurasının sədri Fumio Kişidanın, keçmiş baş katib İşiba Siqerunun, sabiq Daxili İşlər naziri Noda Seykonun, Müdafiə naziri Taro Konunun qoşulacaqları gözlənilir.

Bununla yanaşı, LDP-nin bəzi üzvləri Ş.Abenin həyata keçirdiyi siyasətdə varisliyi təmin etmək üçün Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın namizədliyinin irəli sürülməsini təklif edirlər.

Əlavə olaraq qeyd edək ki, LDP liderinin seçkilərində, adətən partiyadan olan deputatlar və bütün ölkə üzrə onların sayı qədər üzvlər səs verirlər. Fövqəladə hallarda bu seçkilər deputatların və prefektura rəhbərlərinin nümayəndələrinin iştirakı ilə keçirilə bilər.

LDP-nin bəzi üzvləri Ş.Abenin gözlənilməz istefasını əsas gətirərək, seçkilərin son variant üzrə sentyabrın ortalarında keçirilməsini və bununla da yarana biləcək siyasi boşluğun qarşısını almağı təklif edirlər.

Göründüyü kimi, hakim LDP Ş.Abedən sonra hakimiyyətdə varislik məsələsinə xüsusi diqqətlə yanaşır və bu, sabiq Baş Nazirin siyasi xəttinin yeni rəhbərlik tərəfindən davam etdiriləcəyini deməyə ciddi əsas verir.