Yaponiyada qadınları amansızlıqla qətlə yetirən “Twitter qatili”

252

Yaponiyada “Twitter qatili” ləqəbli, ilginc cinayətlər törədən 30 yaşlı Tahahiro Şiraişiyə edam cəzası verilib.  Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, “Twitter” vasitəsi ilə tanış olaraq 9 nəfəri öldürən Şiraişi 2017-ci ildə həbs olunub. Belə ki, həmin il “Cadugərlər bayramı” zamanı polis onun Zama şəhərində yerləşən evində cəsədlər aşkarlayıb.

Qatilin qurbanları demək olar ki, gənc qadınlar olub. Evində tapılan cəsədlərin səkkizi 15-26 yaşlarında qızlara və bir oğlana məxsus olub. Həmin oğlanın da qızlardan birinin yaxını olduğu bildirilir. Oğlan Şiraişidən şübhələndikdən sonra qətlə yetirilib. Məlumata görə, Şiraişi “Twitter” vasitəsi ilə intihar etmək istəyən qadınları taparaq, onlara intihar etməkdə kömək edəcəyini bildirib. Qurban tapmaq üçün Şiraişi iki fərqli hesabdan istifadə edib. Belə ki, bir hesabında özünü intihar etmək istəyən qadınlara köməklik etmək istəyən şəxs kimi, digər hesabında isə intihar etmək istəyən gənc kimi təqdim edib.

Şiraişinin vəkilləri məhkəmədən qadınların özlərinin intihara meylli olduqlarını, ölümlərinə razılıq verdiklərini və bu səbəbdən təqsirləndirilən şəxsin ittihamlarının azaldılmalı olduğunu tələb ediblər. Lakin Şiraişi vəkillərinin onu müdafiə etməsinə etiraz edərək, insanları onların razılığı olmadan öldürdüyünü deyib. Daha sonra qatil tələsmədən məhkəmədəkilərə cəsədləri necə parçalara ayırdığını danışıb.
Yaponiya mediasının yazdığına görə, Şiaişi keçirilən 23 məhkəmə prosesinin çox uzun çəkdiyini və edam cəzasını məmnuniyyətlə qəbul edəcəyini deyib. Son iclasda isə öldürdüyü şəxslərin ailələrindən üzr istəyib.