Yaponiya hökuməti ölkəyə qayıdanlar üçün məhdudiyyətləri yumşaltmağa hazırlaşır

51

Yaponiya hökuməti koronovirus pandemiyasına görə ölkəyə qayıdanlar üçün tətbiq olunan çox ciddi məhdudiyyətləri yumşaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, Yaponiya hökuməti hazırda Azərbaycan da daxil olmaqla 146 ölkə və ərazi vahidinin vətəndaşlarına ölkəyə qayıtmaq icazəsini ləğv edib. Bu qadağa hətta Yaponiyada daimi yaşayan əcnəbilərə və tələbələrə də tətbiq olunur. Yalnız doğum və ya dəfnlə əlaqədar güzəşt edilə bilər. Lakin son vaxtlar sosial və iqtisadi fəaliyyətin bərpası ilə əlaqədar həmin məhdudiyyətlərin yumşaldılması üçün çağırışlar daha çox səslənməyə başlayıb.

Həmin çağırışları nəzərə alan hökumət Yaponiyada daimi yaşamaq statusuna malik olan əcnəbilərə ölkəyə qayıtmaq icazəsinin verilməsini planlaşdırır. Bu zaman həmin şəxslər virusa qarşı test verməli və iki həftə ərzində bu məqsədlə ayrılmış otellərdə karantin rejimində qalmalıdırlar. Bu tədbir yapon səyyahlara qarşı tətbiq edilən məhdudiyyətlərlə eynidir.

Həmin planın həyata keçirilməsi üçün gələn aydan Naritada və daha iki böyük beynəlxalq aeroportda testlərin sayının gündəlik 10 min nəfərə çatdırılması istiqamətində iş davam edir.

Hazırda Yaponiyada rezident statusuna malik 2,6 milyon əcnəbi yaşayır.