Yanacağın qiymətinin artması hansı sahələrə təsirini göstərəcək? – İQTİSADÇI ŞƏRHİ

894

Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Xüsusən də, dizel və Aİ-92 markalı benzinin qiymətinin bahalaşmasını gözlənilən olmadı. Bir çoxları, maddi baxımdan orta və aşağı təbəqənin nümayəndələri olan insanlar benzinin qiymətinin bahalaşmasının digər sahələrə də təsir göstərə biləcəyindən narahatdılar.

Maraqlıdır ki, yanacağın qiymətinin artması digər sahələrə də təsirini göstərə bilərmi?

İqtisadçı Natiq Cəfərli Hurriyyet.org-a açıqlamasında, yanacağın qiymətinin artmasının logistika və aqrar sektora, eyni zamanda ərzaq məhsullarının və ictimai nəqliyyata da mənfi təsirini göstərə biləcəyini deyib:

“Ölkədə insanların ən çox işlətdiyi Aİ-92 və dizel idi. Bunların qiymətinin artması logistika xidmətlərinə və aqrar sektora çox ciddi mənfi təsir göstərəcək. Aqrar sektorun maya dəyərində ən azı 30 faizə yaxın yanacağın payı var. Dizel və Aİ-92 markalı benizinin qiymətinin də artması aqrar sektorda olan məhsulların maya dəyərinə mənfi təsir göstərəcək. Bunu yaxın gələcəkdə daha yaxşı müşahidə edəcəyik. Çünki, yeni aqrar mövsüm başlamaq üzrədir. Yeni aqrar mövsümün başlanması ilə əlaqədar qiymətlərin artması daha da sürətlənəcək. Hazırda da marketlərdə ərzaq məhsullarının qiymətində dəyişiklərin olması gözlənilir. Çünki, logistikada dizel yanacağından istifadə olunur. Şirkətlərin əksəriyyəti məhsullarını özləri daşıyırlar. Onların da avtomobillərinin çoxu dizellə çalışır. Avtomobillər dizellə işlədiyinə görə, logistika xidmətlərində də ciddi artım müşahidə olunacaq. Bu da qiymətlərə də öz təsirini göstərəcək. Çünki, gözlənilmədən dizelin qiymətinin 34 faiz artması, yəni 60 qəpikdən 80 qəpiyə qalxması çox ciddi artımdır. Yəni, ərzaq məhsullarının daşınmasının maya dəyərinə çox ciddi mənfi təsir göstərəcək. Eyni zamanda, sərnişindaşımaya da mənfi təsir göstərə bilər. Taksi xidmətlərində qiyməti artımı müşahidə oluna bilər. Çox gümanki, ictimai nəqliyyata da təsirsiz ötüşməyəcək. Bir müddətdən sonra, ictimai nəqliyyatda da qiymət  artımının şahidi ola bilərik”.

YƏHYA