Yalan “endirim”lər ticarətçilərin özünün ziyanına işləyəcək – EKSPERTDƏN AÇIQLAMA

39

Natiq Cəfərli: “Yalan kampaniyalar olacaqsa, həmin mağazalar yenidən müştərilərini cəlb edə bilməyəcəklər”

Bir müddət əvvəl karantin rejiminin yumşaldılmasından sonra böyük ticarət mərkəzləri də açıldı. Artıq bir çox, xüsusən də geyim mağazalarında “endirim” elanlarına rast gəlirik.

Lakin bu cür endirimlər heç də real görünmür. Əsasən məhsulların ilkin qiyməti ilə bağlı istehlakçılara məlumat verilmir. Halbuki, qanunvericiliyə görə, endirimlərin hansı vaxtdan həyata keçirilməsi, məhsulun adı konkret göstərilməlidir. Həmçinin, mağazada yüz adda məhsul satılırsa, endirimin konkret hansı məhsullara şamil edildiyi aydın şəkildə qeyd edilməlidir. Onu da əlavə edək ki, ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Məlum məsələdir ki, mağazalarında yalan endirim reklamları edən ticarətçilər sərt karantin dövründə itirdiklərini bu yolla bərpa etməyə çalışır. Təbii ki, bu da gerçək ticarətçi yanaşması deyil. Bəs ticarətçilər doğru yolla əvvəlki alıcı aktivliyini necə əldə edə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:

“Əslində qeyri-ərzaq ticarətinin çarxlarının döndərilməsi, heç olmasa əvvəlki ticarət dövriyyəsinə yaxın dövriyyəni əldə etmək üçün müəyyən ehtiyaclar var”.

İqtisadçı qeyd etdi ki, alıcı və müştərilər üçün müxtəlif endirim kampaniyaları, cəlbedici təkliflərlər olsa da, bu yetərli deyil:

“Çünki insanların prioritetləri dəyişib, alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də müxtəlif endirim kampaniyalarını yalançı və doğru olması indiki vəziyyətdə ikinci dərəcəli məsələdir. Hazırda əsas problem vətəndaşların alıcılıq qabiliyyəti ilə bağlıdır. Alıcılıq qabiliyyətinin aşağı düşməsi insanlara daha ciddi seçim etməyə vadar edir. Ona görə də yalan kampaniyalar olacaqsa, həmin mağazalar yenidən müştərilərini cəlb edə bilməyəcəklər.

Əgər müəyyən dərəcədə insanları cəlb etmək istəyirlərsə, gerçək qiymət siyasəti, endirimlər tətbiq olunmalıdır. Ümumilikdə qeyri-ərzaq ticarətinin dövriyyəsinin düşəcəyi ehtimalı yüksəkdir. Çünki alıcılıq qabiliyyətinin aşağı düşməsi ticarətçilərin davranışlarına, prioritetlərinə ciddi təsir göstərir”.