Xruşovun bağırtısı, Kennedinin təmkini – Berlindəki keçiddə olan insident az qala müharibə törədəcəkmiş

18

II dünya müharibəsi sona çatdıqdan sonra Almaniya dörd zonaya bölünərək dörd ölkənin, SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın nəzarəti altına salınıb, ölkə isə rəsmi olaraq iki hissəyə bölünüb, Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası. Almaniyaya nəzarət məsələsi qalib müttəfiqlər arasında müharibə həddinə çatacaq qədər konfliktlərə də səbəb olub. Bu cür hadisələrin pik nöqtəsi isə 27 oktyabr 1961-ci ildə baş verib.

İki hissəyə bölünən Almaniyanın şərqində və qərbində fərqli ictimai-siyasi mühit hökm sürüb. Həmçinin sosialist düşərgəsinə daxil edilən şərqi Almaniyada həyat səviyyəsi bütün sahələrdə qərbi Almaniyadan geri qalıb. Bu isə şərqdən qərbə gizli və ya açıq yolla gedənlərin sayını artıb. 1961-ci ilin statistikasına görə, 10 il ərzində şərqdən qərbə keçənlərin sayı 200 mini ötüb. Sözsüz ki, bu fakt da SSRİ-ni ciddi şəkildə narahat edib.

SSRİ üçün digər narahatlıq doğuran məsələlərdən biri də siyasi baxımdan əks qütbdə dayanan dövlətlərin, xüsusilə də ABŞ-ın və Böyük Britaniyanın Almaniya Demokratik Respublikasının siyasətinə məxfi, yaxud da açıq müdaxiləsi olub. Bütün bunların qarşısını almaq, giriş-çıxışa tam nəzarət etmək üçün SSRİ 1961-ci ildə Qərbi Almaniya ilə Şərqi Almaniya arasında, sonralar “Berlin divarı” adı ilə məşhur olan sərhəd istehkamlarının çəkilməsinə qərar verib.

Beləliklə, 13 avqust 1961-ci ildə Qərbi Berlindən başlanan sərhəd divarları inşa edilməyə başlayıb. Qərblə şərqi ayıran sərhəd divarları Berlinin Fridrixştrasse küçəsindən keçib və ən böyük sərhəd keçid məntəqələrindən biri bu küçədə yaradılıb. Qeyd edək ki, Berlin divarlarının uzunluğu ümumilikdə 155, Berlindən keçən hissəsi isə 43 kilometr uzunluğunda olub və onun tam tikintisi 1975-ci ildə başa çatıb.

Berlin divarlarının salınmasından sonra da tərəflərə gizli keçidlər, mal qaçaqmalçılığı davam edib və bu cür hallar insidentsiz ötüşməyib.

Yuxarıda qeyd etdiyimiz ki, Berlinin Fridrixştrasse küçəsindəki “Çekpoynt Çarli” nəzarət-keçid məntəqəsi sərhəd divarları boyunca ən böyük məntəqələrdən biri olub. Qərbli diplomatlar üçün bu məntəqə sözün əsl mənasında keçilməz qalaya çevrilib. Bu isə öz növbəsində yeni insidentlərin yaranmasına səbəb olub.

27 oktybr 1961-ci ildə baş vermiş hadisə isə silahlı qarşıdurma ilə müşayiət olunub və yeni dünya müharibəsinin başlanğıcı üçün kifayət qədər “parlaq” qığılcımlar yaradılıb.

Həmin gün qərbdən şərqə keçmək istəyən amerikalı diplomat Adam Laytner keçid məntəqəsindən buraxılmayıb. ABŞ ordusunun tanınmış generalı Lyusius Kley bu haqda məlumat alanda qəzəbini boğa bilməyib və həmin diplomatla əlaqəyə girib, ona qərb tərəfdə dayanan ABŞ əsgərlirini təhkim edərək keçid məntəqəsindən yenidən keçməyi xahiş edib. Amma bu dəfə də diplomatı buraxmayıblar. Belə olan halda amerikalı general keçid məntəqəsinin qarşısına ABŞ-a məxsus 10 tank və 1 zirehli texnika yeridib. Buna cavab olaraq qarşı tərəfdə 15 sovet tankı görünüb. Mayor Vasili Miki tankları döyüş vəziyyətinə gətirib və mikrofonla qarşı tərəfdən atəş açılacağı təqdirdə tankları işə salmağı əmr edib. Tərəflərin arasında 30-40 metr məsafə olub.

Zirehli hərbi texnikaların qarşıdurması düz 16 saat davam edib. Bir çox tanınmış siyasi ekspertlər bu insidentin üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacağını düşünüblər. Hətta nüvə silahlarının işə düşəcəyi kimi fikirlər də səsləndirilib.

16 saatlıq gərgin keçən dəqiqələrdə isə güc dövlətləri rəhbərlərinin kabinetlərində danışıqlar aparılıb. Danışıqlar xarici işlər nazirləri müstəvindən dövlət başçılarına keçib. ABŞ prezidenti Con Kennedi ilə SSRİ rəhbəri Nikita Xruşovun telefon danışığınnda gərginlik son həddə çatıb. Sonda nəzarət-keçid məntəqəsindən hərbi texnikaların geri çəkilməsi ilə bağlı razılaşma əldə olunub. İlk olaraq sovet tanklarından biri geri çəkilib, bundan sonra amerikalılar hərbi texnikalarının istiqamətini geri döndəriblər.

Bu danışıqlarda iştirak edən SSRİ-nin müdafiə naziri, marşal Rodion Malinovski sonralar hadisə ilə bağlı xatirələrində yazıb:
“Nikita Xruşov insidenti özünəməxsus çılğınlıqla həll etdi. Telefon danışığında o nə qədər qəzəbli, əsəbi idisə, Con Kennedi də bir o qədər təmkinli və səbrli davranırdı. Sonda Xruşov amerikalı həmkarına fikrini belə bildirdi:

– Biz Almaniya Demokratik Respublikasında heç bir tədbir keçirmirik və heç kimi də dəvət etməmişik, o cümlədən Adam Laytneri də. Nə vaxt bir tədbir keçirsək və məsləhət bilsək, sizin diplomatları da dəvət edəcəyik və böyük qonaqpərvərliklə qarşılayacağıq. Odur ki, amerikalı diplomatın buraxılış məntəqəsində saxlanılmasına tərəfinizdən etiraz etməyinizi düzgün qəbul etmirəm.

Xruşovun bu fikirlərinə isə ABŞ prezidenti sualla cavab verdi:

– Siz hansı dövlətin başçısısınız? SSRİ-nin, yoxsa Almaniyanın? Almaniyanın ev sahibi kimi danışmağınız məni təəcübləndirdi.

– Kimin hansı dövlətin başçısı olduğu sizə yaxşı məlumdur. Amma kimin hansı əraziyə nəzarət etdiyini bilmirsinizsə, Ruzveltdən soruşun, əgər artıq o, bu dünyada yoxdursa, Trumenə müraciət edə bilərsiniz. O, hər şeyi sizə aydınlaşdıracaq – deyə Xruşov Kennedinin sualına cavab verdi.

Söhbətin gərgin keçməsinə baxmayaraq, sonda onlar texnikaların geri çəkilməsində razılığa gəldilər. Xruşovun dövlət başçıları ilə bu cür “kənd dilində” danışmağı, anlaşması tez-tez olurdu…”

Bununla da, dünyaya nəzarət iddiasında olan iki güc dövlətinin arasında yaranan müharibə təhlükəsi sovuşub, insidənt müvəqqəti sülhlə yekunlaşıb.

Qeyd edək ki, beynəlxalq müstəvidə tez-tez müzakirə mövzusuna çevrilən, milyonlarla vəsaitin xərcləndiyi 155 kilometrlik Berlin divarları 1990-cı ildə sökülüb. Bu prosesdə də siyasi gərginlik yaranıb. Növbəti saylarımızda bu haqda ətraflı yazı təqdim edəcəyik…/musavat.com/