Xruşov və Brejnevin sevmədiyi ötkəm birinci katib – Mazurovun SSRİ rəhbəri olmasının qarşısı necə alınıb…

    15

    O, respublikaya rəhbərlik etdiyi illərdə əksər vaxtlarda xidməti avtomobilini özü idarə edib, mühafizəçisiz, köməkçisiz, sürücüsüz sükan arxasına keçib ucqar rayonlara, kəndlərə üz tutub, yerli əhali ilə görüşlər keçirib, onlarla sıravi vətəndaş dilində danışıb, problemlərini öyrənib və fəaliyyətinin əsas hissəsini də mövcud problemlərin həllinə yönəldib.

    Kirill Mazurov vətəndaşlar üçün əlçatan məmurlardan sayılıb, özünü heç vaxt gizlətməyib. Elə Kreml rəhbərlərinə qarşı da, o həmişə açıq fikirli olub, düşündüyünü deməkdən çəkinməyib. Ümumiyyətlə, Mazurov SSRİ-nin siyasi elitasında bacaqrıqlı, səriştəli, işgüzar və zəngin intellektə sahib olan bir şəxs kimi tanınıb.

    Kirill Mazurov 1914-cü ildə Qomeldə (Belarusiya) anadan olub. Qomel Avtomobil Nəqliyyatı texnukumunda və Moskvada Mərkəzi Komitə yanında Ali Partiya məktəbində təhsil alıb. Hərbi xidmətdən sonra ilk əmək fəaliyyətinə Belarusiya dəmiryol idarəsində başlayıb. Sonra komsomol orqanlarında işləməyə başlayan Mazurov Qomel şəhər komsomolunun katibi, 1940-1941-ci illərdə isə Brest vilayəti komsomolunun birinci katibi vəzifələrində işləyib.

    1941-ci ildə müharibə başlananda könüllü olaraq cəbhəyə yollnan Mazurov 1942-ci ildə döyüşlərdə yaralanıb. Onu arxa cəbhəyə göndəriblər. Mazurov bir müddət partizan dəstələrinin yaradılmasında iştirak edib.

    O, 1943-cü ildə Belarusiya komsomoluna ikinci katib, 1944-cü ildə isə birinci katib təyin edilib.

    Mazurov sonrakı taleyini partiya orqanlarına bağlayıb. 1947-ci ildən 1953-cü ilə qədər Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən Minsk vilayəti Partiya Komitəsinin birinci katibi olub.

    İosif Stalinin vəfatından sonra ölkədə aparılan kadr islahatları zamanı Mazurov 1953-cü ilin iyul ayında Belarusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. Bu vəzifədə işlədiyi üç il müddətində o, respublikanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə edib.

    1956-cı ilin iyul ayında Mazurov Kremlə dəvət olunub. Nikita Xruşovla görüşdən sonra Minskdə növbədənkənar plenum

    keçirilib və Kirill Mazurov Belarusiyanın birinci katibi vəzifəsinə təsdiq olunub.

    Kirill Mazurov Siyasi Büronun üzvü kimi ölkənin bütün ictimai-siyasi həyatında fəal iştirak edib. O, tənqidi fikirlərini söyləməkdən də çəkinməyib və bu haqda memuarlarında da qeyd edib:

    “Mən siyasi fəaliyyətimdə həmişə sağlam rəqabətin tərəfdarı olmuşam. Tənqid etməkdən və tənqid olunmaqdan çəkinməmişəm. Və belə münasibətləri heç vaxt düşmənçilik kimi də qəbul etməmişəm. Nikita Xruşovla təkbətək görüşlərimdə, yaxud kiçik dairədə və siyasi büronun iclaslarında həmişə sərbəst olmuşam, nöqsanları onun üzünə demişəm, tənqid etmişəm. Bu cür münasibət isə heç vaxt onun xoşuna gəlməyib. O, səbrsiz insan idi, tez özündən çıxırdı, qərarlar qəbul edəndə tələsirdi…”

    Nəhayət, Mazurovun belə açıq fikirlərinin birində Nikita Xruşovun sözün əsl mənasında səbri tükənib. 1964-cü ilin yanvarında Xruşov Mazurova zəng vuraraq iki həftə Belarusiyada olacağını, həm istirahət edəcəyini, həm də işləyəcəyini bildirib. Mazurov lazım olan bütün tədbirləri görüb, böyük hörmətlə Xruşovu qarşılayıb. Gəldiyi ilk gün onlar günorta ova çıxıblar. Axşam saatlarında Xruşov ona ayrılmış qonaq evində özü ilə gətirdiyi sənədlərlə işləməyə başlayıb və gələcək planları haqqında Mazurovla fikir mübadiləsi aparıb. Həmin görüşdə Xruşov öz yeni ideyası haqqında da Mazurova danışıb. Kənd təsərrüfatı sahəsinə partiya nəzarətinin gücləndirilməsi məqsədilə Xruşov vilayət partiya komitələrini iki yerə bölməyi planlaşdırıb, yəni, kənd təsərrüfatı üzrə və sənaye üzrə vilayət partiya komitələri. Mazurov Xruşova bu ideyasının özünü doğrultmayacağını söyləyib və belə əsaslandırıb ki, belə olduğu halda şəhər strukturları məsuliyyətdən azad olaraq kəndlərə heç bir köməklik göstərməyəcək. Xruşov Mazurovu sona qədər dinləmədən səsinin tonunu qaldırıb:

    – Sən heç nə anlamırsan. Çünki sən kütsən, heç nədən anlayışın yoxdur. Sən yalnız hamının dediklərini təkrarlayırsan. “Malçişka”, sən mənə ağıl qoymaq fikrindəsən? Sən kimsən axı?

    Mazurov təmkinini pozmadan fikirlərini yenidən izah etməyə çalışıb. Ancaq Xruşov imkan verməyib:

    – Rədd ol buradan!Mazurov bu təhqirdən sonra da təmkinini pozmayıb:

    – Nikita Sergeyeviç, bəlkə münasibətlərimizi aydınlaşdıraq?

    – Rədd ol, dedim, otağı tərk elə.

    Mazurov otağı tərk edib. 10 dəqiqədən sonra Xruşov həyətə çıxıb. Köməkçisindən maşını və sürücünü tələb edib. Onlar Belarusiyanı tərk ediblər.

    Xruşov Minskdən Kiyevə yollanıb. Kiyevə çatan kimi Mərkəzi Komitənin katibi Frol Kozlova zəng vurub, Belarusiyaya birinci katib üçün namizədlərin seçilməsini göstəriş verib.

    Bir günün içində Kreml məmurları bu hadisədən xəbərdar olublar. Yüksəkçinlilərin çoxu üzdə olmasa da, özlüklərində Xruşovu bu çılğınlığına görə qınayıblar. Ən əsası da ona görə ki, 1957-ci il plenumunda “antipartiya” qrupu Xruşovu devirmək istəyəndə Mazurov Georgi Malenkovu sərt tənqid edərək Xruşovun müdafiəsinə qalxmışdı.

    Təbii ki, Mazurov onu nələr gözlədiyini yaxşı anlayıb. Amma o, Xruşovu nələr gözlədiyini bilməyib. Xruşov Mazurovu vəzifədən uzaqlaşdırmaq istəyəndə, 1964-cü il oktyabr plenumunda onun özünü vəzifədən uzaqlaşdırıblar.

    Xruşovun komandası Kremldən təmizləndikdən sonra Kirill Mazurov 1965-ci ildə Moskvaya dəvət olunub və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Onun bu vəzifədəki fəaliyyəti istər öklədə, istərsə də xaricdə diqqətçəkən olub. Hətta bəzi qərb ölkələri Mazurovu gələcəkdə SSRİ-nin rəhbəri kimi görüblər. Sözsüz ki, bu da Brejnevi narahat edib. O cümlədən SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və DTK sədri Yuri Andropov da Mazurovu Brejnevə real rəqib sayıblar.

    Mazurovun başçılığı ilə SSRİ nümayəndə heyətinin Vyetnama səfərini televiziya ilə göstərəndə Brejnev ilk dəfə “qısqanclığını” Mixail Suslova bildirib:

    – Mixail Andreyeviç, partiyanın baş ideloqu kimi, sizə elə gəlmirmi ki, biz Mazurovu həddindən artıq şişirdirik?

    Suslov dərhal Mazurovla bağlı kursu hansı istiqamətə yönləndirməyi anlayıb.

    1978-ci ilin payız aylarında Kremldə bir neçə nəfər arasında Brejnevin üçüncü dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunması məsələsi müzakirə olunanda Mazurov buna etirazını bildirib:

    – Biz Brejnevi üçüncü dəfə qəhrəman etməklə, onu dünya ictimaiyyətinə ayı enerjili siyasətçi kimi təqdim etmiş oluruq. Mən bunu məqsədəuyğyn saymıram.

    Suslov Mazurovun bu münasibətini Brejnevə çatdırıb. Leonid İliç Mazurovla açıq danışığa gedib:

    – Kirill Trofimoviç, biz uzun illər partiyaya xidmət etmiş silahdaşlarıq. Amma belə düşünürəm ki, artıq sizin siyasi səhnədən getmək vaxtınız yetişib. Büro belə qərara gəlib ki, siz könüllü olaraq, öz ərizənizlə getsəniz, daha yaxşı olar. Və açığını deyim ki, mən sizinlə işləmək istəmirəm.

    Mazurov Brejnevlə müzakirə açmayıb və fikrini bir cümlə ilə bildirib:

    – Leonid İliç, əgər bilmək istəyirsinizsə, heç mən də sizinlə işləmək istəmirəm.

    Beləliklə, Kirill Mazurov öz ərizəsi ilə tutduğu bütün vəzifələrdən azad olunub.

    1978-ci ildə təqaüdə çıxan Mazurov bir müddət memuarlarını yazmaqla məşğul olub. 1986-cı ildə o, Ümumittifaq Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsinə seçilib.

    Kirill Mazurov 1989-cu ildə ildə, 75 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub./musavat.com/